manera.az
manera.az

Etibar Etibarlı: Səninləyəm ömür bitənəcən

📅 06.05.2019 20:43

Etibar Etibarlı: Səninləyəm ömür bitənəcən
Manera.az mərhum şair Etibar Etibarlının şeirlərini təqdim edir:

***
Gül vermədim sənə
nə ad günündə, nə də bayramlarda.
Yadındamı ilk görüşümüz?
Gül əvəzinə onda da
üç kəlmə söz verdim:
"Səninləyəm ömür bitənəcən!"-dedim.

Mən sözümü tutdum!..
Bir igid ömrü yaşadıq bir dam altda.
Az şey öyrətmədi bizə həyat da.
Ətirşahı dibçəyə,
qızılgülü torpağa əkdik.
Balalarımız kimi güllərin də nazını çəkdik.

İndi qəlbimə qəm ələnir Günəş qüruba enəndə,
kövrəlirəm qızılgül ləçək-ləçək töküləndə.....
Yolun sonuna nə qalıb ki?!
Gül vermədim sənə,
söz verdim--
xatirə qalası üç kəlməlik təsəlli--
Olsun!
SÖZ gül deyil ki, solsun!...



***
Vaxt vardı,
vaxt mənimlə
şəltaq uşaq kimi gizlinpaç oynardı...

...Tələsəndə hərdən
daş asılırdı əqrəblərdən,
gecikəndə yel kimi əsərdi.
(Anlamırdım bu, nə bəhsəbəhsdi.)

İllər keçdi,
vaxt dəyişmədi--nə uzandı, nə də qısaldı.
Arzularımla dilbir olub,
ömrümdən ömür aldı!...

Nə vaxtı ram edə bildim,
nə də əl çəkə bildim arzulardan.
Yenə mən oldum uduzan!..
İnsanam axı, insan!...



***
Görə-görə gəldim,
dözdüm hər cür üzüdönmüş ayrılığa...
İndi nə əllərimə ehtiyac var,
nə də əl boyda yaylığa.
Ağlaya bilmirəm daha!..
Bel bağlamaq olmur ömürdə nə bu günə, nə sabaha.
Ata-ana, qardaş itirdim--ağladım.
Yar-yoldaş,
dost-sirdaş itirdim --ağladım.

Ağladım torpaq itirəndə-- şəhid cənazəsi görəndə,
bağrıyanmış analar nalə çəkib hönkürəndə..
Ölümlərin ağrısını ürəyimdə, ağırlığını çiynimdə duydum
Dərdimi göz yaşlarıma büküb
tabutlara qoydum.
Ağlaya bilmirəm daha,
Dözməsəm də hər cür ayrılığa.
nə əllərimə ehtiyac var,
nə də əl boyda yaylığa...



***
Nə divardan asa bilirəm şəklini,
nə döş cibimə qoya bilirəm,
nə yoruluram,
nə doya bilirəm.
Yaşayırsan xəyallarımda göz-gözə dikili,
boynumuz bükülü.
Vaxt gələndə,
mənimlə birgə köçəcək şəklin də.
Ancaq
kimsə anlamaycaq
tən bölmüşük təkadamlıq məzarı,
oxunan duaları.
Sağlıqda sevinci, kədəri böldüyümz kimi,
ağlayıb güldüyümüz kimi...

Zamanın məhkəməsi

Hərdən yuxuda görürəm əllərimi,
barmaqlarım
üzümə durur şahid kimi...
Vərəqlənir ömrüm birər-birər,
məhkəmə salonuna doluşur xatirələr.
Zaman hakim,
mən müdafiəsiz, vəkilsiz müddəhim!..
Dil boğza qoymur şəhadət barmağım.
Hakim əsəbləşir,
təbdən çıxardır onu
barmaqlıq ardında sakit dumağım.

Baxıram xatirələrin üzünə bir-bir--
eləsi susur inadla,
eləsi dillənir.
Yadıma düşür solaxay əllə,
oğluma vurduğum şillə...
İndi özü
oğluna danışır şillə əhvalatını
şirin bir xatirə kimi.
Hələ də
ovur ürəyimi ovcumun göynərtisi.
Yadıma gəlir, gördüklərim--
xəcalətdən,
nifrətdən
heyrətdən
əlim üzümdə qalardı.
Sevginin ilk təmasını duyan da
əllərim olardı.

Hakim qalxır,
salon susur--nə səs, nə hənirti..
Son qərar: incələndi, suçu var.
Cəzası:ömürlük göynərti!...

Builki qışın son şeiri

Dilləndi ekrandan sarı şaçlı qız,
üzündə təbəssüm-- qayğdan uzaq:
"Bakı qar görmədi,
yaz havalıdır,
bu gecə dağlarda tufan olacaq!"

Əsgər anaları yatmayıb yəqin,
Yuxa ürəklərdə
küləklər əsir.
Əllərim üşüyür isti otaqda,
Murovda şaxtadan daş daşı kəsir.

Diqqəti mazğalda ,
əli tətikdə
qaragöz əsgərim dayanıb sərvaxt!..
Körpələr uyusun şirin yuxuda,
Sən də, ay ixtiyar,
get, arxayın yat!..

Qara kirpikləri qırov bağlayıb,
ələnir səngərə
son çillə qarı.
Zirvələr parlayır ay işığında,
gah alır qoynuna duman dağları...

Arxam, dayağımsan, gözümün nuru,
varsan ki, mən varam,
sözüm ötəndir!..
Şəhid əmanəti hər qarış torpaq,
qar üstünə düşən izin Vətəndir!..



***
Kəsmə ekranın qabağını, həkim,
onsuz da
dünya gözümdə bir heçdir.
Gizlətmə məndən, artıq gecdir...
Gördüm ürəyim yumruğumdan böyükdür,
əvvəl bədənim ona,
indi o bədənimə yükdür.

Binəva bir ömrün qəhrini çəkdi.
Adi sözlər deyil axı
məhəbbət,
nifrət,
çeşid-çeşid qayğılar,
haqsız tənələr,
eh , daha nələr, nələr..
Hərəsinin də öz ağrısı,
öz ağırlığı.

Elə bir tərəzi kəşf olunmayıb ki,
ölçəsən ağrıların ağırlığını,
elə bir cihaz da yoxdur ki,
silə bilsin
xatirələrdə daşlaşan izlərin varlığını...
Filçəkməz yükü çəkən həmən bu ürəkdi,
yazıq şişməyib
neyləyəcəkdi?!

Təqdim etdi: Tural Adışirin
MANERA.AZ


Baxış sayı - 1 693 | Yüklənmə tarixi: 06.05.2019 20:43
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031