manera.az
manera.az

Çətini sevənəcəndi - Saqif Qaratorpağın şeirləri

📅 01.01.2019 20:57

Çətini sevənəcəndi - Saqif Qaratorpağın şeirləri
MANERA.AZ Saqif Qaratorpağın şeirlərini təqdim edir:

***
Sən özün bitməsən də,səni də bitirərlər,
Pıçıldayıb deyərsən,bu da hər şeyin sonu.
Ha isitsən əriməz saçlarına yağan qar,
Ha hovxursan açılmaz sınıq qəlbinin donu.

Unudulmuş sahilsən axşam qəribliyində,
Bir sənsən,bir təkliyin…hamı getmiş evinə.
Tərpəndikcə qanayır sinəndəki yaralar,
Ayrılıq bıçaq kimi elə batır dərinə.

Gecə saat üç olar,itirmisən huşunu…
Oyanmısan,bir sənsən,bir də soyuq dörd divar.
Əlinlə yoxlayarsan,yerindədir ürəyin,
Bir də ölüm sükutu,bir də quduz ağrılar…

Buza dönüb alnında puçurlayan soyuq tər,
Heyin də yox, bir dəfə əllərinlə silməyə.
Bir acı xatirənin payızında itmisən,
Yol tapmırsan ömrünün baharına gəlməyə.

Otaq yaman istidi,tərləyib pəncərələr…
Açarsan,yazın ətri bihuş edir adamı.
Sonra gedib çaydanı qoyarsan qazın üstə,
Beləcə uzadarsan ömür adlı edamı…



***
Özümüz yandırmışıq,
nə körpü ,nə də yol var.
Bənövşə köçüb gedib,
yerində quru kol var...

İndi həsrət tor qurub
ürəyimin başında.
Hər gecə boğuluram
gözlərimin yaşında.

Bir qara şırım çəkib
yaddaşımdan ayrılıq.
Ha çırpıram,tökülmür
üst-başımdan ayrılıq...

Həyat elə amansız,
unudulur solan gül...
Səndən son xatirədi
bir sevda,bir ovuc kül.



***
Məni yollar çağırar,
düşüb yola gedərəm.
Bir ömrü sonunacan
bir "sağ ol"a gedərəm.

Yolum adsız dağacan,
ya qaradan ağacan.
Ürəkdən yanağacan
dola-dola gedərəm.

Bu sevda məni danıb,
bu yolda əlim yanıb...
Ya sevgiyə aldanıb,
ya xəyala,gedərəm...



***
Çətini sevənəcəndi,
sevdinsə,bitmisən demək.
Daha qayğısız günlərə
sonuncu nöqtədi ürək.

Özün arxasan özünə,
ən sadiq dostundu kədər.
Götür bu dağı çiyninə,
daşı son mənzilə qədər.

Bir kimsə xəbər tutmasın,
Öz içində boynunu bük.
Oğurluq etmiş uşaq tək
qorxa-qorxa boylan,döyük.

Görüb qoşa gedənləri.
gizlicə köksünü ötür.
Bir ümidin işığına
aldan,bitənəcən ömür...



***
Səni deyib gəlmişdim,gərək heç gəlməyəydim...
Bir sözüm vardı dedim...salamat qal,gedirəm.
Özümlə götürmüşəm xatirə boxçasını,
Bir qırılmış ürəkdi,bir də yoldu...gedirəm.

Itirib mənasını “salam”ın, “sağ ol”ların,
Çox qurudu,duzsuzdu “aqibətin xeyir” də.
Saxla,özünə qalsın rəsmi “təşəkkür”lərin,
Görüm başıma dəysin qafiyə də,şeir də.

Yadına düşmürəmsə,gündə bircə dəfə də,
Nə fərqi səndən ötrü yaxşıyam,ya da pisəm.
Başının hayındadı indi qohum da,dost da,
Bir yaxın adam da yox,ya inciyəm,ya küsəm...

Xəbərin varmı,zalım,söz-söz ölmək zülümdü,
Öldü son ümidim də “vaxtım yoxdu”larında.
Ömür gözümdən düşüb,qırılıb qanadlarım,
Çoxdandı heç uçmuram daha yuxularımda.

Ha vuruşdum özümlə,səndən küsə bilmədim...
Neyləyim,bacarmadım qışda da buz olmağı.
Elə bir himə bəndəm,ürəyinə yağaram,
Gözlərində buludam,gözləmərəm dolmağı.

MANERA.AZ


Baxış sayı - 1 525 | Yüklənmə tarixi: 01.01.2019 20:57
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031