Mənim anam anaların göyçəyi - Ramiz Qusarçaylıdan Yeni Şeir

MANERA.AZ tanınmış şair Ramiz Qusarçaylının yeni şeirini təqdim edir:
Mənim anam
Öpüb-öpüb oxşamışam daşından,
Su səpmişəm gözlərimin yaşından,
Qazdırmışam ürəyimin başından
Bəsləyirəm məzar boyda dibçəyi,
Mənim anam anaların göyçəyi...
Laylasının dadı qalıb dilimdə,
Əllərinin odu qalıb əlimdə,
Gül nəfəsi ağ gül açıb telimdə,
Hər gözümdə bir xatirə çiçəyi,
Mənim anam anaların göyçəyi...
Can verəydim can sözünü duyunca,
Gül düzəydim qədəmləri boyunca,
Nəfəsini qoxlayaydım doyunca,
Bulud ahım göy üzünün örpəyi,
Mənim anam anaların göyçəyi...
Bir ayrılıq pərisinə döndü o,
Bir ilahi ucalığa qondu o,
Bu torpağın anasıdı indi o,
Son mənzili mələklərin bələyi,
Mənim anam anaların göyçəyi...
Gül ruhudu, ruh gülüdü hər gülü,
Yağış yuyur, Günəş öpür tər gülü,
Tanrım, göyərt, dərgahına sər gülü,
Qoy bəzəsin cənnəti hər ləçəyi,
Mənim anam anaların göyçəyi...
MANERA.AZ