manera.az
manera.az

Dilimdəki eşq gülü - Şəmil Sadiqin şeirləri

📅 03.09.2018 16:45

Dilimdəki eşq gülü - Şəmil Sadiqin şeirləri
Manera.az tanınmış yazıçı, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiqin şeirlərini təqdim edir:

Anam da qocaldı

Qoyaraq anları bir-bir geridə,
Zaman da qocaldı, anam bilmədən.
Uşaqlıq illərim tez ötdü-keçdi,
Anam da qocaldı, zaman bilmədən.

Bir vaxtlar gəlindi, əlvan geyərdi,
Axşamlar atamı çox gözləyərdi,
Körpəcə oğluna nənni deyərdi,
İndi nəvəm deyir yaman bilmədən.
Anam da qocaldı, zaman bilmədən.

Beş uşaq böyütdü qəmlə-kədərlə,
Bəzən də yad oldu tale, qədərlə,
Əzabdan gizlənib bəhanələrlə,
Sabaha baxardı duman bilmədən,
Anam da qocaldı, zaman bilmədən.

Atamla evləndi, xoşbəxt oldular,
. . . Uşaqlar doğuldu, çox kam aldılar,
. . . Böyüyüb getdilər, yalnız qaldılar,
Atam da qocaldı anam bilmədən,
Anam da qocaldı, zaman bilmədən.

Al ələ darağı, dara saçları,
Tökülüb gedirlər hara saçları?
Xınaya boyanmış qara saçları,
Xəlvətcə ağardı anam bilmədən.
Anam da qocaldı, zaman bilmədən.

Mənim soyuqluğum, sənin istiliyin

Mənim gözlərim qışın sərt soyuğu, buz bağlamış sırsıra!
Sənin gözlərin təbiətin aynası, çiçəklər tək al əlvan!
Nə sən bu soyuq gözlərdə üşüməkdən əsirsən,
Nə də mən o gözlərdə oynayıram şeh kimi.
Nə sən bu gözlərdə titrəyirsən, donursan,
Nə də mən o gözlərdə canlanıram, gülürəm.
Nə sən bu şaxtada, boranda, daşlaşırsan donursan,
Nə də mən o sıcacıq baxışda əriyirəm, axıram.
Sənin baxışlarındakı istilik
Mənim soyuqluğumda donmadığı kimi,
Mənim də soyuqluğum ərimir o istilikdə.
Çünki məndə sən olmadığı üçün,
qaranlığam, soyuğam...
Gəl elə beləcə bir-birimizə həsədlə baxaq,
Çünki işdi bir gün ərisəm, axı suya dönərik,
Bilinməyən yerlərdən axıb-axıb gedərik,
Çirkabların içində
Günahları basdırıb, günahlara girərik,
Sonra bir gün parçalanıb axarıq,
itirərik biz bizi,
Sonra yasa batarıq.
Sonra da yoxa çıxarıq.
Elə belə yaxşıdır,
Sən mənə günəşin aysberqə baxdığı kimi bax,
Qoy əks etdirim səni özümdə,
Mən də donmuş, daşlaşmış buz kimi,
Günəşimə boylanım,
Hərdən də damcı-damcı
o baxışların altında,
Səndən xəbərsiz, əriyərək gizlincə,
Özümdən də xəbərsiz əriyim mən içimdə.

Atamın ürəyindən keçənlər

Ürəyim sıxılır qəmlə, kədərdən,
Öz arzu kamıma lap ağ olmuşam.
Yad mənə yaxındır mənim özümdən,
Mənsə öz-özümə uzaq olmuşam.

Burda göz açmışam böyümüşəm mən,
Burada gülmüşəm, güldürmüşəm mən,
Burda xoş günləri keçirmişəm mən,
İndi o günlərə yamaq olmuşam.

Bir yadlıq duyuram özüm-özümdə,
Gülüşüm ağlayır mənim üzümdə,
Canlananda keçmiş günlər gözümdə,
Duyuram onlardan qıraq olmuşam.

Dağılıb yurd-yuvam, gedib torpağım,
Alınıb əlimdən öz QARABAĞIM,
Sahibdir evimə mənim qonağım,
İndi qonağıma qonaq olmuşam.

Oğul atasından aralı qalıb,
Oralı yarıyıb, buralı qalıb.
Sınıb öz ağacım yarılı qalıb,
Gedib özgə bağa calaq olmuşam.

Sadiq nə haydadır, zaman nə hayda,
Gələn getməlidir, bu da bir qayda,
Birdən ayıldım ki, yaşam nə fayda,
Öz bağımda bitən alaq olmuşam.

Axı səni sevirəm!

Bir gözəli sevirəm,
Qəlbimə həmdəm olub,
Gecələrim yuxusuz,
Yastığım da nəm olub.
Yol yoldaşım kədərdi,
Sirdaşım da qəm olub.
Amma ki, heç bir zaman,
Dilim gəlmir söyləsin,
Axı səni sevirəm.

Oxuyuruq bir yerdə,
Yollarımız eynidir.
Mənim qəlbim onundur,
Onunkusa özgənin.
Hallarımız eynidir.

Mənim bu qönçə sevgim,
Aça bilmir dilimdə.
O qönçəyə can verən,
Nuhi-gövhər əlimdə.

Tez-tez mənə dost deyib,
Dərdlərini söyləyir,
Çox danışır sevgidən,
Hərdən də qəşş eyləyir.
Deyəmmirəm, sevgilim,
Qəlbim külə dönübdür,
Qəmzələri neyləyir?
Əlbəttə ki, dilbərin
Xəbəri yoxdu məndən.
Hər gün gülür üzümə, məlahətli baxışla.
Gözləyirəm bircə an danışmasın, dinməsin,
Bəyan edim eşqimi, hərarətli baxışla.
Nədəndir heç bilmirəm, dilim gəlmir söyləsin,
Axı səni sevirəm. . .

Qorxuram. . .
Fırtınadan qorxuram.
Qorxuram ki, söyləsəm,
Fırtınadan sovrular qəlbimdəki eşq külü.
Qorxuram ki, məhv olar,
Açılmamış tez solar,
Dilimdəki eşq gülü.

İnanmadı

Dedim: Gülüm, mənəm sənin Kərəm kimi tək aşiqin,
Gülüm, baxıb nihan mənə, inanmadın, inanmadın.
Olub mən eşqimin əsiri, görmədim bəşər kefin,
Dedim: Mənəm heyran sənə, inanmadın, inanmadın.

Unutmuşam həyatımı, inamımı, imanını,
Həlal edər ömür sənə qızıl kimi hər anımı,
Əmib ləbin bəyan edər, dilim mənim məramımı,
Dedim: Gülüm, qurban sənə, inanmadın, inanmadın.

Yaşarmışam bulud kimi, gözüm yaşı olar yağış,
Həyatımın həyatıdır gözündəki gülər baxış,
Ədaların məhəbbətə hər bir zaman vurur naxış,
Dedim, gülüm, canan sənə, inanmadın, ianamadın.

Sevgidirmi bu?

Ürəyim dönübdür, bağışla, səndən,
Gedirəm buradan, gəlməyəcəyəm,
Bilirəm, dünyada bərabərin yox,
Sənin tək gözəli görməyəcəyəm.

Gedəcən dünyanın sonuna bəlkə,
Girəcəm əzabın donuna bəlkə,
Bu sözlər qəlbinə toxuna bəlkə,
Sənin əllərinə dönməyəcəyəm.

Çox soruşacaqsan mənsiz özündən,
Bəs niyə bu aşiq döndü sözündən?
Nə oldu, eşqimiz düşdü gözündən?
Rəsmimdən sorsan da, dinməyəcəyəm.

Çoxdan istəyirdim deyim bunu mən,
Bu eşqdə görmürdüm yaxşı sonu mən.
Lap dəqiq bilirdim yəqin onu mən,
Getməsəm, heç zaman gülməyəcəyəm.

Heç səni sevmədim əvvəldən, canım,
Səninlə xoş keçdi mənim hər anım,
Düzlüklə yaşayır dinim, imanım,
Demə ki, qədrini bilməyəcəyəm.

Bağışla, gözəl qız, bağışla məni,
Aldatmaq istəmir, bu qəlbim səni,
Çalış, sev həyatda səni sevəni,
Onda bil, həyatdan küsməyəcəyəm.

İcazə versəydin son dəfə sənə
Əzizim deyərdim mən dönə-dönə.
Sadiqin qəlbinin dərinliyinə
Girən günlərini silməyəcəyəm.

Axtarıram Allahı

Bu dünyadan bezmişəm, axtarıram Allahı.
Çox nazına dözmüşəm, axtarıram Allahı
Ta əzəldən qan-qadayla yaranmış,
Qəddarların əli ilə tarixləri dolanmış,
Dərdləri dərd üstünə zaman-zaman qalanmış,
Bu dünyanın sirrini sormaq üçün Allahdan
Axtarıram Allahı.

İnsamların qəlbində xeyir nədir, şər nədir?
Balacadır qarışda, yanımdakı nər nədir?
Kişilərin içində qorxaq nədir, ər nədir?
Bir qısaca ömürdə qəm nədir, kədər nədir?
Sormaq üçün Allahdan axtarıram Allahı.

Arvadı bildik arvad, kişilər də kişidir,
Bəziləri vardır ki, nə kişidir, nə arvad.
Şübhəsiz ki, bunlar da o Allahın işidir.
İndi, yəqin Allahım məni görüb eşidir,
Bax bunları bilməkçün axtarıram Allahı.

Gah yağdırır qarları, gah çıxarır günəşi,
Haqlılqrla nahaqqı tez-tez qoyur yanaşı.
Dərdlilərin belinə hey yükləyir qəm daşı,
Görəsən bunlara O, axıdırmı göz yaşı?
Mən bunları bilməkçün axtarıram Allahı.

Hey daşdırır çayları, damcı salmır düzlərə
Çiçəklərin içindən tikan girir gözlərə,
Bəzən də bir yanaşır əyrilərə, düzlərə,
Hər şeyə qadirsə O, niyə gülmür üzlərə?
Heç yazığı gəlmirmi, görən, onun bizlərə?
Bunları bilmək üçün axtarıram Allahı.

Məni niyə yaradıb, bəs niyə də yaşadır?
Bəlkə mənim hər günüm bu dünyada boşadır?
Qəlbimdəki xeyir, şər yaranandan qoşadır,
Bəlkə mənim Allahım şər ilə baş-başadır?
Məni bu puç həyatda yalnız bir şey yaşadır,
İnandırıb gözümü,
Dərk etməkçun özümü,
Dağıtmaqçün kökündən
Bu şübhəmi, sözümü
Axtarıram Allahı.
Axtarıram Allahı.


Baxış sayı - 2 535 | Yüklənmə tarixi: 03.09.2018 16:45
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031