Hər kəs sən ola bilmir - ŞEİR
Manera.az Kamran Peçeneqin şeirini təqdim edir:
Əlləri süpürgə qadın
Nəfəsi çəkic
barmaqları süpürgə.
Dan yerini söküb üfüqün tozun alacaq ki,
günəş çıxanda aydın görə bilsin küçələri.
Onu səmaya ötür gəl.
Guya hər şey təmiz qalacaq ki?
Sən insanların uğura gedəcəkləri yolu təmizləyirsən,
çirkli insanların yerə tökülmüş vicdanlarını.
Alnından axan mirvarilər
yuyur bahalı göydələnlərin damlarını,
Buludlar belə sənintək yuya bilmir,
bu şəhərin adamlarını.
Vicdanının oyaq olduğu qədər
Bu şəhərin çox sakini oyaq qala bilmir.
Əllərinin mamır qabarlarından,
şəhərin cığırları keçir.
Amma hər kəs sən ola bilmir,
Qadın!
Günəş işığı dəyməmiş dərərsən kal yuxunu,
asarsan bir damın altındaca.
Qoyarlar insanlığı ləpirlər altına,
günəş şüalarını yerə saldığı kimi.
Heç nə qalmır olduğu kimi.
Bir çöp yaratdığın əsərin dəyərini kiçiltsə belə,
sən böyüyərsən
çinarların qocaldığı kimi.
Çünki kiçilmiş əllərə sığmayıb tökülür yerə.
Hər səhər neçə tər damlası əkilir yerə.
Şəhərin ilk rəsmini sən çəkirsən
günəş çıxana kimi.
MANERA.AZ