manera.az
manera.az

Günün qayğılarını qucaqlamaq... - Şeirlər

📅 19.06.2017 19:40

Günün qayğılarını qucaqlamaq... - Şeirlər

Tural Cəfərli

Düşün...

Unut, bütün olanları unut,
Təsəvvür et, yuxu idi, oyandın.
Ya da bir film idi,
Kofe içərək baxdın...
Get, pəncərəni aç,
Otağın havasını dəyiş.
Saçlarını dara,
Düşün,
düşün ki, xoşbəxt günlərin qabaqdadı,
Tələsmə, hələ vaxta var.
Bu günün qayğılarını qucaqla,
Problemlərinə sarıl,
Varsa kədərinə sığal çək...
Düşün, düşün ki, Tanrı sənə baxır,
Gülümsəyir,
hər addımında, hər duruşunda
Səni izləyir...
Bağışla, bu gün səbr elə,
Sabah yaxşı olacaq.
Günəş səni sevəcək,
Saçlarını oxşayıb,
Sənə şeir deyəcək...

Allaha məktub

Əvvəl özünü unudasan,
Sonra qonşudakı itin adını.
Ümidləri itirəsən biryolluq,
Qaçırasan tənhalığın dadını.

Uzaq bir şəhərə bilet alasan,
Yükün bir çamadan azadlıq ola.
Son qəpiyi dilənçiyə verəsən,
Zəngin arzularla çıxasan yola.

İçəsən buludların sağlığına,
Göy "təşəkkür" edə sənə yağışla.
Sonra məktub göndərəsən Allaha,
Yazasan ki, "gedənləri" bağışla...


Münhendə çəkilən şəkil

Münhen küçələrində
Çəkilən şəkillərinə baxıram...
Saçların küləyin nəvazişi ilə,
daranır...
Solğun bir səhərin
İsti baxışında qızınır bu şəhər...
Əlindəki çanta
Sənin saf gülüşünün
şahidi olur...
Bir də bu şəkillərə
Baxan insanın
Ürəyinə həsrətdən
acı dolur...
Bu şəhərin ən gözəl yeri
Sənin dayandığın yerdi...
Sən keçdiyin küçələrdə
Adamı xoşbəxtlik tutur.
Sən olduğun yerin adı,
Ümidsiz günlərdən çıxmaqdı...
Sənsiz bütün şəhərlər,
Solmaqdı, saralmaqdı, darıxmaqdı...

Tərk edilmiş

Və sənsiz ən qəmli mahnılar da,
Özünü yalqız bilər.
İçkili halda şeir yazar sənə biri,
Gah ağlayar, gah gülər...
Kədərlə qucaqlaşıb,
Bir siqaret də çəkər.
Sonra bütün hirsini,
Güzgüyə baxıb tökər.
Köynəyi qırış olar,
Şalvarı da ütüsüz.
Saçları daranmamış,
Ayaqqabası çirkli,
Siqaretdən saralmış,
Ağzında hər dişi.
Necə kədərli olur,
Tərk edilmiş bir kişi...


Yağış traktatı

-"Səni unutmayacam,
sənsiz kimsə darıxmaz
mənim qədər..."
sənə deyən olsa bunu,
ona məndən salam de.
De ki vardı birisi,
o da unutmamağa,
söz vermişdi bir axşam...
Yağış yağırdı onda,
təbiət yuyunurdu,
ağaclar çılpaq halda,
payıza qovuşurdu...
Daranırdı o gecə,
Buludlar göy üzündə...
De ki vərdiş etmişdi,
mənsiz qala bilməməyi,
hər an məni düşünməyi,
hələ bunlardan başqa
çox axmaqlığı vardı...
Çox sevdi, çox ağrıdı,
Çox ümidləri vardı...
İndi bilmirəm harda,
Yoluna davam edir,
Məni məndən çox sevənlər,
bir gün mənim həyatımdan
göz yaşlarıyla gedir...
Güzgüyə qısqanardı,
darağa qısqanardı saçlarımı söylə...
Ondan ayrılmaq üçün,
özümdən uzaqlaşdım de...
İndi yanında olan,
Şablon həyat yoldaşın,
Sənə aforizmlər yerinə,
standart cümlələr desin,
Hər səhər şeir yerinə,
Çay süzməyi əmr etsin...
Səndə ona qulluq et,
ürəyini yormadan.
Əllərinə sağlıq de,
Sənə şillə vurmadan...

İyun ayının şeiri

Bu şəhərin səhəri də,
Qadın kimidi...
Tez soyuyur diqqətsizlikdən...
Mənəvi böhran keçirir,
Dayancaqlar, metro stansiyaları...
Adamların gözləri
Tikan bitirir baxışlarında...
Bu külək də əl eyləyir,
Şəhərin qərib sakinlərinə...
Adi bir fevral günüdü,
Məvacibə az qalıb.
Ümidlərin dikəlib,
Erkən açan güllər kimi...
Günəşin istisinə,
Nahaq yerə meyil salıb...

Adamlar

Adamlar,
unutmaq üçün gəlirlər bu şəhərə,
əvvəlcə hardan gəldiklərini unudurlar,
sonra ilk kirayə qaldıqları mənzili...
Kapitalist ənənələr kitab şəklində
Çap olunur sifətlərdə,
Zibil qablarında pişiklər çörək axtarır,
Ümid dolu küçələrdə...
Gecələr taksilər düşür,
Ay işığı əvəzinə,
bu şəhərə...
Qırmızı yollarda
“N” saylı marşurutlar
Adamları aparır üzü küləyə...
Borclu qalmır heç kimə,
Qayğılar bu şəhərdə...
Tanış olur yad adamlar,
Bankların kredit şöbəsində...
Bir yağışın altında islanır,
Plana düşmüş binalar da...
Zaman işıq kimi keçir,
Bu boz rəngli ömrümüzdən...
Sağlıq olsun ölməyə də,
Bir bəhanəmiz olar,
Hələ vaxta var...


Manera.az



Baxış sayı - 2 254 | Yüklənmə tarixi: 19.06.2017 19:40
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031