88-ci teatr mövsümü açıq elan edildi - MANERA.AZ
Sentyabrın 1-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi növbəti 88-ci teatr mövsümünün açılışına start verib.
Teatrın mətbuat xidmətindən manera.az-a bildiriblər ki, teatrın direktoru, Əməkdar Artist Mübariz Həmidov yeni mövsümə başlaması münasibətilə kollektivi təbrik edərək, ilin sonunadək görüləcək işlər barədə ətraflı məlumat verib.
Direktor qeyd edib ki, teatr sentyabrın19-da öz qapılarını sevimli tamaşaçılarının üzünə açacaq. Belə ki, həmin gün Hans Kristian Andersenin "Çirkin ördək balası" və Şekspirin "Romeo və Culyetta" tamaşaları göstəriləcək.
Görkəmli danimarkalı yazıçı H.K.Andersenin "Çirkin ördək balası" nağılı əsasında səhnələşdirilmiş eyniadlı tamaşanın quruluşçu rejissoru Əməkdar Artist Nicat Kazımov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatı Zaur Rəşidov, baletmeysteri Nailə Məmmədzadədir.
Tamaşada əsas rolları əməkdar artistlər Almaz Mustafayeva, Şəfəq Əliyeva, Elşən Rüstəmov, Leyli Vəliyeva, aktyorlar Hüsniyyə Əhmədova, Günel Məmmədova, Zümrüd Quliyeva, Roza İbadova və başqaları ifa edəcəklər.
Iki hissəli məhəbbət faciəsi olan "Romeo və Culyetta" tamaşasının quruluşçu rejissoru Xalq Artisti Cənnət Səlimova, quruluşçu rəssam Tumanaşvili adına Gürcüstan Dövlət Dram Teatrının baş rəssamı Şota Qlurjidze, bəstəkarı Firudin Allahverdidir. Plastik həll və rəqslərin quruluşu Rusiyalı xoreoqraf, Rusiyanın Əməkdar İncəsənət Xadimi Sergey Qrisaya məxsusdur.
Tamaşada əsas rolları əməkdar artistlər Naibə Allahverdiyeva, Nübar Novruzova, Şövqi Hüseynov, Nicat Kazımov Günel Məmmədova, Elnur Kərimov, aktyorlar Kəmalə Hüseynova, Qurban İsmayılov, Nəsibə Eldarova və başqaları ifa edəcəklər.