manera.az
manera.az

Nə məndə dözüm var, nə səndə insaf - Şeirlər

📅 09.09.2018 15:00

Nə məndə dözüm var, nə səndə insaf - Şeirlər
Manera.az Mərahim Nəsibin şeirlərini təqdim edir:

***
Bir axşam oturub baxaq göylərə,
Görək göy üzündə nə xəbər yatır?
Elə qocalmışam, köhnəlmişəm ki,
İçimdə dağılmış bir şəhər yatır.

Sönüb gizlənmişəm bir gecə vaxtı,
Bir bulud dalında batmışam artıq.
Ruhum ayaqyalın qaçandan bəri,
Xaraba bir evə çatmışam artıq.

Darıxa-darıxa evdən qaçandan,
Köhnə bir dalana dönmüşəm indi.
Elə bir təsəlli axtaran gündən,
Qəm çöküb üstümə sönmüşəm indi.

Təklik məngənəsi sıxır adamı,
Yaratdığın adam üzünə baxmır.
Bir küçə itindən söhbət umursan,
O dəli köpək də sözünə baxmır.

Yoxdur bir adamın, elə bir insan,
Çətin başa düşsün həytada səni.
Yaman tez oyadıb tənhalaşdırır,
Qulağın burduğun saat da səni.

Vallah dözmək olmur bu dərd, bu sükut,
Üst-üstə yığılıb qalanan gündən.
Gözümlə yuyardım bir insan saçın,
Bu yastıq köhnəlib islanan gündən.

Yoxdur bir peşəsi, yoxdur bir işi,
Çətin adam olsun naçar adamdan.
Xoşbəxtlik azaraq gəlsə bir axşam,
Vallah üz döndərib qaçar adamdan.

Bitəcək bəlkə də bu ömür, bu gün,
Bitməz bir təkliyin sonu, axırı.
Ömür yavaş-yavaş düşər aşağı,
Dərdi yavaş-yavaş çıxar yuxarı.

İzdiham içində tək qalan insan,
Hər şey üz döndərib əbədi səndən.
Bilirəm yaşamaq deyilməz buna,
Bilirəm, ölmüsən tək qalan gündən.



***
Axşam xəyalında qaçan əllərim,
Gündüz məzarında ucalır göyə.
Qəbrin qocaldıqca cavan əllərim,
Ucala-ucala qocalır göyə.

Sənin baş daşında göz yaşım qalıb,
Bədənim ruhumu sıxıb, ağlayır.
Bir zaman dərdinə ağlayan gözüm,
İndi məzarına baxıb ağlayır.

Ölüm yastığına qonaq gələndə,
Qocalan bir ömür uşaqlaşarmış.
Qolların üstündə uzanan adam,
Yumub gözlərini uzaqlaşarmış.

Gözümdən bir damla çevrilər gölə,
Ölüm sevinməsin gələcəm, hər gün!
Ölüm həsrətdisə biz ayrılmarıq,
Sənin həsrətindən öləcəm hər gün!

Sən məndən qaçdıqça yaxınlaşıram,
Yoluxub canıma qubarın sənin.
Ruhuma ən isti, qızmar ocaqdır,
Soyuqdan üşüyən məzarın sənin.

Sənə açılanda mənim əllərim,
Qalxır məzarından cavan əllərin.
Bir vaxt yayılsa da ətri həsrətin,
Artıq sən qoxuyur məzar güllərin



***
Baxıb qəm evindən izlərəm səni,
Hələ bu seviginin izin güdən var.
Gözümün içinə körpü çəkmişəm,
Yıxılıb düşən var, keçib gedən var.

Saatım yenə də ayrılıq çalır,
Ürək hey danışar, dil-dodaq susar.
Fikirdən, saatdan tez oyanarsan,
Görərsən, qapıdan baxır intizar.

Sən biraz gülərsən, həm ağlayarsan,
Gözünün yaşını içər dodağın.
Geyinib-keçinib hazırlaşarsan,
Ayrılıq adında gələr qonağın.

Bir tikə məhəbbət dilənçisinin,
Gələr otağından kədər qoxusu.
Oyanıb qoxudan ölən insanı,
Aparar sevgiyə ölüm yuxusu.

Nə məndə dözüm var, nə səndə insaf,
Bütün ümidlərim saralıb solub.
Məndən sənə qalan əbədi sevgi,
Səndən mənə qalan ayrılıq olub.

MANERA.AZ

no deposit bonus codes 2018 bitcoin slot games


Baxış sayı - 2 483 | Yüklənmə tarixi: 09.09.2018 15:00
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031