manera.az
manera.az

Getdin, işığını söndürüb ürəyimin.. - Şeirlər

📅 21.04.2018 18:58

Getdin, işığını söndürüb ürəyimin.. - Şeirlər
Manera.az tanınmış şair Saqif Qaratorpağın şeirlərini təqdim edir:

***
Səni deyib gəlmişdim,gərək heç gəlməyəydim...
Bir sözüm vardı dedim...salamat qal,gedirəm.
Özümlə götürmüşəm xatirə boxçasını,
Bir qırılmış ürəkdi,bir uzaq yol...gedirəm.

İtirib mənasını “salam”ın, “sağ ol”ların,
Çox qurudu,duzsuzdu “aqibətin xeyir” də.
Saxla,özünə qalsın rəsmi “təşəkkür”lərin,
Görüm başıma dəysin qafiyə də,şeir də.

Yadına da düşmürəm bəlkə gündə bircə yol,
Nə fərqi səndən ötrü yaxşıyam,ya da pisəm.
Başının hayındadı indi qohum da,dost da,
Bir yaxın adam da yox,ya inciyəm,ya küsəm...

Xəbərin varmı,zalım,söz-söz ölmək zülümdü,
Öldü son ümidim də “vaxtım yoxdu”larında.
Ömür gözümdən düşüb,qırılıb qanadlarım,
Çoxdandı heç uçmuram daha yuxularımda.

Ha vuruşdum özümlə,səndən küsə bilmədim...
Neyləyim,bacarmadım qışda da buz olmağı.
Elə bir himə bəndəm,ürəyinə yağaram,
Gözlərində buludam,gözləmərəm dolmağı.


***
Getdin,
işığını söndürüb ürəyimin,
bəlkə bir də yanmayacaq...
ha qaçsa da
yaralı quş kimidi,
uçub qanadlanmayacaq.
yazıq-yazıq baxacaq
durna qatarı kimi
ötən ömrün arxasınca...
Qapısını külək döyəcək,
diksinəcək sükutun səsinə,
kədərli buludlar çırpılacaq
bir korun gözlərinə bənzəyən pəncərəsinə...
gecənin vahiməsindən ürpənəcək,
qısılacaq öz içinə.
çəkiləcək dərdin bir küncünə...
təbəssümə çevirəcək üzündəki əzabı,
güləcək...
və bir gün gülə-gülə öləcək...


***
Doya-doya yaşamadıq uşaqlıq illərini...
Muhamməd Hamide

Daha çatmaz əlimiz
Ha uzatsan o günə.
Heyif,ötən illərin
Tozu çöküb üstünə...

Torpağın altda qalan
Unudulmuş şəhərdi.
Nə gecəsi-gecədi,
Nə səhəri- səhərdi.

Küçələri kimsəsiz,
Yüyürən yox,qaçan yox.
Paslı qapı kimidi,
Bircə dəfə açan yox...

Xatirələr xəzəltək
Gözlərini bağlayıb.
Biz onu unudannan
Öz içində ağlayır...

Hər gecə üz sürtürəm
Nəm çəkmiş divarına.
O da köhnə dost kimi
Basır məni bağrına...


***
Bir yurd qalıb ağzı günə,
Damı,divarı üşüyür.
Pas atmış köhnə qıfılı,
Uçuq hasarı üşüyür.

Öz içinə batıb səsi,
Ölüb arzusu,həvəsi.
Buz bağlayıb od nəfəsi,
Quzeydə qarı üşüyür.

Ömrü-günü verib yelə,
Zülüm olarmı bir belə?
Baharıdı qışdı elə,
Gül üstə arı üşüyür...

Bir yandan yoxdu köməyi,
Çat verib,çöküb dirəyi.
Çəməndə gülü,çiçəyi,
Bağçada barı üşüyür.

Bir gülən olmaz üzünə,
Baş qoyub ağlar dizinə...
Həsrətdi ayaq izinə,
Tozlu yolları üşüyür.

Eh...bur dərdə çoxu yanır.
İçində min qorxu,yanır.
Yoxluğundan yoxu yanır,
Varından varı üşüyür.


***
Könlündə bir sevgi ölər,
gözlərini bağla,gedək...
Hönkürdük,səni bitirdik,
indi məni ağla,gedək!

Dağdan çıxaq,çəndən keçək,
bir az səndən,məndən keçək.
Saçındakı dəndən keçək,
sinəndəki ahla gedək...

Mən gecikdim,yoxsa bu yaz?!
Batırdı bizi bu dayaz...
Nolar,məndən ötrü bir az
göz yaşları saxla,gedək...


***
Yaman unutdum özümü,
Bu da karıxmağın sonu.
Sevgi etirafıdımı
Hər gün darıxmağın sonu.

Dərdimi qoymuşam dəmə,
Dolmuşam,bəndəm bir himə.
Özünə dönməkmiş demə
Özündən çıxmağın sonu.

Baxmaz dosta,yada ölüm.
Üzdüyüm son ada-ölüm...
Ya olumdu,ya da ölüm
Bir eşqdə axmağın sonu.

Gözünə dolmaqdı elə,
İçində somaqdı elə,
Ürəksiz qalmaqdı elə
Bir ürək yıxmağın sonu...


Baxış sayı - 2 119 | Yüklənmə tarixi: 21.04.2018 18:58
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031