manera.az
manera.az

Qapısı gecə döyülən qadın - Meyxoş Abdullahın hekayəsi

Qapısı gecə döyülən qadın - Meyxoş Abdullahın hekayəsi
Bu xəbər elə gözlənilməz oldu ki, özünü tamam itirdi. Əvvəlcə, nə edəcəyini qərarlaşdıra bilmədi. Anasının ölümayağında olması xəbəri başında ildırım kimi çaxdı. - Bunu mənə niyə bir az ertədən çatdırmayıblar? - deyə yaxınlarını qınadı.

Bu haqda fikirləşmək, artıq, gec idi özünü anasına çatdırmalıydı.
Anası onu övladlarının hamısından çox istəyirdi. Ona görə də, anasının bu halını təsəvvürünə gətirəndə içi sızladı, gözləri doldu. - Yəqin, indi anam mənim yolumu gözləyir, - düşündü.
Qarlı-çovğunlu qış gecəsi idi. Ertədən yağan qar axşamüstünə yaxın dizəcən qalxmışdı. Qar hələ də aravermədən yağırdı.
Beşmərtəbəli binada yaşayırdı. Bina sakinlərindən bir neçə nəfərinin maşını var idi.

Qapıqonşuluğunda yaşayan Əşrəf adlı qonşusunun qapısını döydü. Onun, dükan-bazara mal daşımaq üçün sürdüyü köhnə bir “Qazel” maşını vardı. Həm də, onunla çoxdanın dostu idi. Əhvalatı ona danışdı. Bildirdi ki, anasının vəziyyəti agırdır özünü ona çatdırmalıdır.

Əşrəf boynunu ovuşdura-ovuşdura:
- Müəllim, maşınımın işıqları yaxşı işləmir, ona görə də, gecələr heç vaxt çölə-bayıra çıxmıram. Mənimki hava qaralanacandır, harada olsam qayıdıram evə. Yoxsa, nə vardı ki, gedərdik. Heç, pul-zad da lazım deyil, dost deyilik bəyəm? - deyə əlavə etdi.

Onun sözünün üstən nə deyəcəkdi, kor-peşiman geri döndü.
Gözlərindən bir anlıq da olsa anasının əksi getmirdi. Hətta, qulaqlarına onun zarıyan səsi də gəlirdi, anası onu çağırırdı.
Binanın o biri girişindəki “Moskviç”i olan qonşunun qapısını döydü.
Qapını onun xanımı acdı və qonşusunu görçək; - buyurun içəri, - dedi.
- Fazil evdədir?! – deyə müəllim tələsik soruşdu.
- Hə, evdədir. - Gəlin içəri, yemək yeyir, - deyə qadın geri qanrılıb ərini səslədi.
Fazil əlindəki dəsmalla ağzını silə-silə qapıda göründü. O, qonşusunu görcək:
- Boy, müəllim, xoş gəlmisən. Qapıda niyə dayanmısan, gəl içəri? – dedi.
- Fazil, qadan alım, kənddən xəbər gəlib, anamın vəziyyəti çox ağırdır. Qorxuram, yubanam sonra gec olar, gedək onu xəstəxanaya gətirək.

Fazil udqundu. Onun udqunmağı müəllimin içini göynətdi. Bildi ki, qonşusunun getmək fikri yoxdur. Ona görə də, müəllim boyununu çiyininə qoyaraq:
- Qonşu, səncanın, bircə, yox demə, arvadın başına bir iş gəlsə ömrümboyu özümü günahkar bilərəm. Qadan alım, gəl gedək, - deyə ona yalvardı.
Fazil müəllimin gözlərinin içinə baxıb yazıq bir görkəm aldı.
- Müəllim, əziz canına and olsun, özüm ölüm, mənim bu lənətə gəlmiş moskviçimin təkərləri keçəldir. Bu qarda bir addım da olsun gedə bilmərik, batıb yolda qalarıq. Ha, deyirəm bir az pul yığım bu zibilləri dəyişdirim, amma çatdıra bilmirəm ki, bilmirəm.

Müəllimin ondan əl çəkmək fikri yox idi:
- Fazil, bəkə birtəhər gedək, sən allah, sözümü yerə salma, anama görə çox narahatam, - deyə ona yenə ağız açdı.
Fazil isə and-aman edərək:
- Qonşu, balalarımın canına and olsun bu qış vaxtı yolda qalarıq , qurd-quşa yem olarıq. Niyə mənə inanmırsan? Istəyirsən, al bu qarajın açarını özün get bax. Gör, bu zibilə qalmışlarla çölə çıxmaq olar, ya yox?!

Müəllim daha bir söz deməyib qapıdan aralandı. Bir istədi ki, evə gəlib səhərin açılmasını gözləsin. Amma anasının səsi qulaqlarında cingildədi. Ona elə gəldi ki, bu dəqiqə bütün kənd onların həyətinə axışıb, anası isə son nəfəsində; - Oğul.., oğul.., - deyə onu çağırır.
Gözləri doldu, ansını itirəcəyindən qorxdu. Yox, getməliyəm! – deyə qərar verdi.
Binanın həyətində durub ətrafa boylandı. - Nə edim, indi kimin qapısını döyüm? – düşündü.
Küçənin o biri üzündəki yaşayış evlərinin birində Qasım adlı biri yaşayırdı, köhnənin sürücüsü idi. Onun həyətində sınıq-salxaq bir “UAZ” markalı maşın görmüşdü. Ara-sıra nərildəyə-nərildəyə, o baş-bu başa şütüyərdi. Əlacsılıqdan üzünü ora tutdu.

Qasım həyətdə idi. Darvazanın qapısı döyülən kimi açdı. Qonşusunu görcək:
- Buyur, müəllim, xeyir ola bu axşam vaxtı?
- Qasım, təcili kəndə getmək lazımdır. Anam canüstədir özümü ona yetirməliyəm.

Bu sözləri deyərkən, müəllimin gözləri doldu, hıçqırtı onu boğdu. Elə zənn etdi ki, doğurdan da, anası canını, artıq tapşırıbdır, bir daha onu heç vaxt görməyəcəkdir.
Qonşusunun bu halı Oasıma təsir etmədiyindəndi, ya ana sevgisinin nə olduğunu anlamadığındanmı, o, dişlərini ağardaraq şit-şit güldü:
- Müəllim, başına xeyir, bu havada bu uluq, metalolom maşınla, nəinki, kəndə, heç bir addımlıq yola da getmək olmaz. Maşının salamat yeri yoxdur. Dörd-beş adam onu yerindən tərpədib, güclə hərəkətə gətiririk. Heç ağlınıza belə gətirməyin ki, bu maşınla kəndə getmək olar.
Qapısı gecə döyülən qadın - Meyxoş Abdullahın hekayəsi
Yaman pis olmuşdu. Əlacı hər yerdən kəsilmişdi. Çarəsizlikdən ağlamaq dərəcəsinə çatmışdı. Özünü qınayırdı, lənətlyirdi. - Nə edim, hara gedim?!
Birdən, ağlına gəldi ki, kəndə piyada getsin. - Qoy, bu qar-çovğunda it-bata düşüm, lap elə qurd-quşa yem olum, - düşündü. - İşdir, anamın başına bir iş gəlsə, heç olmasa məni qınamasınlar, deməsinlər ki, oğlu isti yorğan-döşəkdə yatıb, anası isə onun yolunu gözləyə-gözləyə keçindi.

Artıq qərara gəlmişdi ki, kəndə piyada getsin, başqa çarəsi yox idi.
Həyətdən çıxıb asfalt yola dönmək istəyirdi ki, binanın arxa tərəfində bir maşın gördü. Gözlərinə işıq gəldi, ürəyi isindi. Qara bata-bata maşına tərəf qaçdı.

Pəncərədən deyib-gülmək səsi gəlirdi. Bir az da irəli yeriyəndə, bayaqkı sevinci bir anda yox olub getdi. Ayaqları, sanki yerə mıxlandı. Maşın, binadakıların da, elə onun da, küçə qadını kimi tanıdığı Qəmzə adlı qadının pəncərəsinin önündə dayanmışdı. Bildi ki, bu maşının sahibi kimdirsə Qəmzənin qonağıdır.
- Nə edim, gedim Qəmzənin qapısınımı döyüm? Qonşuluq etdiyim adamlar mənə yox deyəndə, pisgəzən Qəmzə mənə maşınmı verəcəkdi?! Maşın onun özünün olsaydı, dərdyarıydı, yanına gələn hansısa birinin olmalıydı, - düşündü.

Geri dönmək istədi. Amma, elə bil, ayaqlarından daş asılmışdı, yerindən tərpənə bilmirdi. Elə haldaydı ki, bu anda anasını hər şeydən, lap qürurundan da üstün tuturdu... Ona elə gəldi ki, anasının həyatda qalması bu dəqiqə Qəmzədən aslıdır. Nə olursa olsun, bu sonuncu şansı da yoxlayacağam, - düşündü.

Ehmalca qapını döydü.
İçəridən Qəmzənin çingiltili səsi eşidildi:
- Əyə, kimdir qapını döyən?
- Mənəm! - dedi, - Qonşun...

- Hansı qonşum, ə? Mənim qonşum-zadım yoxdur. Get, vızqırt burdan... yanımda adam var.
Elə bil ayılan kimi oldu. - Başıma soyuq dəyib nədi, mənim bu qapıda nə işim var? – fikirləşdi.
Geri dönüb pilləkənlərlə aşağı düşmək istəyirdi ki, birdən qapının açarı şaqqıldadı və elə həmin andaca Qəmzə deyilən qadın qapıda göründü:
- Ayə, bir geri dön, görüm kimsən?

Çəkinə-çəkinə geri boylandı.
Qəmzə əlini qaşlarının üstə qoyub diqqətlə ona baxdı:
- Əəə.., müəllim, sənsən? Xeyir ola, məni güdürdün?! Yoxsa, yığışıb yenə məndən polisə şikayət ərizəsi yazmısınız? Gecəvaxtı da gəlmisən ki, görəsən yanımda kişi var, ya yoxdu? Var müəllim, var, özü də lap zırpısından. Yaz ki, gedib öz gözlərimlə gördüm.

Qəmzə qapını çırpıb getmək istəyirdi ki, nə fikirləşdisə geri döndü:
- Düz eləmirsiniz, müəllim, adam çörəyə baisçilik eləməz... Birdə ki, bilirəm məndən niyə yanıqlısınız? Ona görə ki, mənim bu binada yaşayan kişilərdən xoşum gəlmir... Qəlbinizə dəyməsin, bu binada heç kişi yoxdur.

Yazırsınız, gedin oğrudan, rüşvətxordan, ana-bacısını vəzifəyə, tiryəkə satanlardan yazın, məndən niyə yazırsınız?! Nə edim, gedim dilənim?! Yoxsa, oğurluq edim? Bəlkə, başqaları kimi onu-bunu şərləyib pul qazanım?! - Kişisiniz əyə, gedin, arvad-uşağınızın dərdini çəkin. Bu binada elə kişilər var ki, arvadı şəhərin əksər kişilərinin alt tuman-köynəyinin razmerini əzbərdən bilir. İndi gəlib mənim namusumu çəkirlər, oğraşlar...

Qışın bu zəlo-zəlo vaxtında Qəmzənin sözləri onun başından tüstü çıxartdı. Qızmalı adamlar kimi bədəni su içərisindəydi. Bir az da gözləsəydi həyəcandan yıxılıb yerə dəyəcəkdi. Odur ki:
- Qəmzə xanım, kənddən xəbər gəlib, anam bərk xəstədir. Arvadın vəziyyəti ağırdır, getmək istəyirəm, maşın tapa bilmirəm. Pəncərənizin qarşısında maşın gördüm, ona görə gecə vaxtı qapınızı döydüm. Mümkünsə... Müəllim başını aşağı salıb tövşüdü.

Qəmzə bir müddət lal-dinməz dayanıb, müəllimin üzünə baxdı, sonra yavaşca:

- Anan xəstədir?!..
- Hə, vəziyyəti çox ağırdır.
O geri boylanıb içəridəki adama səsləndi:
- Etibar... Edik...
Səs gəlmədi. O, bir də səsləndi:
- Edik!!!.. Səninləyəm.
Yenə də cavab verən olmadı.

Qəmzə bu dəfə üzünü müəllimə tutub:
- Qonşu, Edik çox içib, keflidir. Onsuz da, bu vəziyyətdə o, maşın sürə bilməyəcək. Sən özün maşın sürə bilirsənmi?!
- Hə, əlbəttə, sürə bilirəm. – deyə müəllim tezcə cavab verdi.
Qəmzə otağa keçib maşının açarlarını gətirdi və müəllimə verib dedi:
- Onda, al bu açarları maşını özün sür get.
Sonra bir söz deməyib geri döndü və qapını ortüb getdi.
Açarlar əlində bir müddət qapının ağzındaca donub qaldı. Müəllim hələ də, inana bilmirdi ki, o kəndə, anasının yanına getmək üçün maşın tapmışdı.

Yubanmadan maşınına oturub yola düşdü. Qar çox yağsa da, hələ şaxta düşməmişdi. Maşın qalın qarörtüyünü yara-yara irəliləyirdi.
Yolboyu çox şeylər barədə düşündü. Fikirləşdi ki, sən demə, bizim ağlımızın dərk etməyəcəyi hələ çox mətləblər varmış bu həyatda.
Maşını həyətə sürüb, mühərriki söndürdü. Bir müddət sakitcə oturub evə diqqət kəsildi. Sakitlik idi.
Maşından düşüb eyvana qalxdı. Otağa girəndə anasını çarpayıda uzanılı vəziyyətdə, gözlərinin isə qapıya zilləndiyini gördü. Baxışları toqquşdu, hər ikisi gülümsədi.

... Xəstəxanaya çatanda, artıq, hava işıqlaşmışdı. Anasını palataya yerləşdirəndən sonra, maşını sahibinə çatdrmaq üçün binaya tərəf sürdü. Çox narahat idi, xeyli yubanmışdı.
Binanın qarşısına çatanda gördü ki, qonşusu Əşrəf də, Qasım da, hətta, o biri küçədə yaşayan Fazil kişi də maşınlarını qarajdan çıxarıb harasa getməyə hazırlaşırlar...
Maşını haradan götürmüşdüsə, orda da saxlayıb yerə düşdü. Başını qaldıranda, Qəmzəni otağının pəncərəsinin qabağında, qalın, yun adyala bürünmüş vəziyyətdə gördü. Onun gözlərindən yuxu tökülürdü... Elə zənn etdi ki, gec qayıtdığına görə Qəmzə maşın üçün narahatdır.

Qəmzə isə müəllimi görcək pəncərəni açıb:
-Qonşu, anan necədir?! – soruşdu.
Müəllimin nitqi qurudu, bir söz deyə bilmədi... Bir udum qəhər, elə bil, boğazına tıxanıb onu boğurdu. Dinsəydi, hönkürəcəkdi. Ona görə də, Qəmzəyə baxıb, başının işarəsiylə; - yaxşıdır, - dedi və zorla da olsa gülümsədi.
Qəmzə də gülümsədi. Sonra yuxulu gözlərini ovuşdura-ovuşdura:
-Qış gecəsi nə yaman uzun olurmuş, müəllim!.. - dedi və pəncərəni bağlayaraq otağına çəkildi...

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123456
78910111213
14151617181920
21222324252627
28293031