manera.az
manera.az

Hər ev bir Mübariz böyüdür indi - ŞEİR

📅 16.12.2018 17:12

Hər ev bir Mübariz böyüdür indi - ŞEİR
Mübarizin mübariz ruhuna!

Bir ana dünyaya gətirdi səni,
Min ana laylanı çaldı, qardaşım.
Bir ata böyüdüb-bitirdi səni,
Min ata çiyninə aldı, qardaşım.

Bir ocaq odundan od verdi sənə,
Min evə payladın, - odun mübarək!
Bu Vətən “qəhrəman” ad verdi sənə,
Qəhrəman qardaşım, adın mübarək!

Vətənçün can verməyə
Hər an hazırız! – dedin.
Vətənçün qan tökməyə
Hər an qadiriz! – dedin.

Söylədin: - Torpağın mənəm xilası!
Bu qürur yerindən qopardı səni...
Qanını oynadan qeyrət qalası
Döyüş meydanına apardı səni...

Sarıldın silaha, öz əllərinlə
Açdın rəşadətin yolunu o gün!
Vətənin ər oğlu, əməllərinlə
Girdin qapısından ölümsüzlüyün!

Bir əbədi ad aldın,
Qoşuldun haqq səsinə!
Sən hünərlə ucaldın
Şəhidlik zirvəsinə!

Qardaşım! Gün gələr, bitər ətəklər,
Günaha batanlar yaxasız olmur...
Başı yedəklərdə gəzən köpəklər
Qorxusuz olsa da, arxasız olmur.

Gözləri ac olur qara niyyətin,
Bizə bu dünyanın qulaqları kar...
Yaxşı ki, bu böyük, ulu millətin
Çingizi, Alısı, Mübarizi var!

Hər nəfəri bir ordu
Olan millət əyilməz!
Mübariz olan yurdun
Ruhu əzilə bilməz!

Birliyə səslədin oğulları sən,
Evin – milyonların öyüdür indi.
Çox da öyünməsin qoy qarı düşmən,
Hər ev bir Mübariz böyüdür indi.

Sabaha yol açdı bu qan izlərin...
Oyanan minlərlə oğul, qız oldu.
Böyüdü sırası Mübarizlərin,
Vətən başdan-başa mübariz oldu!

Hər ev bir Mübariz böyüdür indi - ŞEİR
ELMAN TOVUZ

MANERA.AZ


Baxış sayı - 1 825 | Yüklənmə tarixi: 16.12.2018 17:12
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031