Tanrı bizi sevir... - ŞEİR | MANERA.AZ

MANERA.AZ
Yusif Nazim ərəbsoy
insanoğlu günahdan ar eyləmir,
Tanrı bizi sevir, heç xar eyləmir.
Eybimizi bilir, aşkar eyləmir,
Qara üzüm, şükür, ağdı, qardaşım.
Bir bədəndə solda dərdim, sağda mən,
Dolaşıram ara-sıra bağda mən.
Dağ üstünə dağ qoyuram dağda mən,
Sinəmdəki böyük dağdı, qardaşım.
Səndə olan səninkidir, məndə yox,
Məndə olan mənimkidir, səndə yox.
Bu dünyada əbədi bir bəndə yox,
Nisyə deyil, ölüm nağdı, qardaşım.
ərəbsoya qardaşının xeyri nə?!
Mən öləndə göz yaşının xeyri nə?!
Lap qızıldan baş daşının xeyri nə?!
Sağam, sevin, söylə, sağdı qardaşım.
Rahat yaşa
Nə gözəldən məhəbbət um,
Nə bir dostdan sədaqət um,
Nə bir güldən təravət um,
Nə um, nə küs, rahat yaşa!
Getmək istəsən budu yol,
Dönməyə yox nə sağ, nə sol,
Nə hörmət dilənçisi ol,
Nə um, nə küs, rahat yaşa!
Yusif, əlin gözün üstə,
Nə təriflə, nə də pisdə.
Nə əcəldən möhlət istə,
Nə um, nə küs, rahat yaşa!
Bu gün
Həyat, dedilər ki, bir mübarizə,
O zaman dərd-qəmi gətirək dizə!
Qaş-qabaq sallamaq yaraşmır bizə,
Dodağa təbəssüm qonduraq bu gün.
Çox gözəl döyünür sevəndə ürək,
Sevgisiz olanda çırpınır ürkək.
Bir bayram gününün çərşəmbəsi tək,
Sevincək nifrəti yandıraq bu gün.
Yusif, xərcləyirik ömrü sağ-sola,
Biz onu, o bizi salmaqda yola.
Yaxın gəl, əzizim, girib qol-qola,
Zamanı şəkildə donduraq bu gün.