manera.az
manera.az

Evelin - Ceyms Coysun hekayəsi

Evelin - Ceyms Coysun hekayəsi
O, pəncərənin önündə oturub, küçədə axşamın necə düşdüyünü seyr edirdi. Başı pəncərənin pərdəsinə toxunurdu, burun pərləri tozlu kretonun qoxusuyla dolmuşdu. Yorğun idi.

Küçədən bir neçə adam keçib-getdi. Sonuncu tikilidə yaşayan qonşusu öz evinə tərəf addımlayırdı. Həmin adamın səkidə taqqıldayan, sonra isə yeni qırmızı evlərin qarşısındakı kömür külü tökülmüş yolda xırçıldayan addım səsləri eşidildi. Haçansa oralar açıqlıq idi, adətən axşamlar burada qonşuların uşaqları ilə oynayardılar. Sonralar Belfastdan olan birisi həmin sahəni alıb, orada evlər tikdirdi. Bu evlər onlarınkı kimi kiçik, qəhvəyi rəngdə deyildi, kərpicdən tikilmiş, parıltılı damları olan gözəl evlər idi. Məhəllə uşaqları: Divaynlar, Uoterslər, Dunnlar, balaca şikəst Keorq, o, onun bacıları və qardaşları birlikdə bu açıqlıqda oynayardılar. Ernest heç vaxt onlara qoşulmurdu, o artıq böyümüşdü.

Adətən atası gavalı çubuğuyla onları pərən-pərən salırdı. Tez-tez keşikdə dayanan Georq atasının yaxınlaşdığını görən kimi onlara xəbər verirdi. Buna baxmayaraq özlərini xoşbəxt hiss edirdilər. Onda atası indiki kimi tündməcaz deyildi, anası da həyatdaydı. Bütün bunlar çoxdan olub-keçib, artıq qardaş-bacıları böyüyüblər, anası həyatla vidalaşıb. Tizzi Dunn da ölüb, Uoterslər isə İngiltərəyə qayıdıblar. Hər şey dəyişib. İndi o da çıxıb getməyə, digərləri kimi, öz evini tərk etməyə hazırlaşır.

Ev! O, otağa göz gəzidrdi, bütün tanış əşyaları bir-bir gözdən keçirdi. Uzun illər bu əşyaları silib-təmizləmiş, hər dəfə də özünə sual vermişdi ki, bu qədər toz bunların üstündə necə yaranır? Ola bilsin, gözü öyrəşdiyi bu tanış əşyaları bir daha görməyəcək. Onlarsız həyatını təsəvvür etmirdi, amma bütün bu illər ərzində divarda, sınıq fisharmoniyanın yuxarısında, Müqəddəs Marqaret Meri Alekoka ünvanlanmış vədlərdən ibarət rəngli mətnin yanında saralıb-solmuş şəkli asılan keşişin adını öyrənə bilməmişdi. Keşiş onun atasının məktəb yoldaşı və dostu olmuşdu. Hər dəfə qonaqlara şəkli göstərərkən atası sadəcə əlavə edərdi:

«İndi o, Melburndadır».

Qız evi tərk etməyi, buralardan başını götürüb getməyi qərara almışdı. Görəsən, düz iş görür? Bunun mənfi və müsbət tərəflərini ölçüb-biçməyə başladı. Necə olmasa da, bura bir sığınacaqdır, yeməyi var və onu bütün həyatı boyu tanıdığı adamlar əhatə edib. Əlbəttə, o, işdə də, evdə də çox çalışmalı olur. Öz sevgilisinə qoşulub qaçdığını eşidincə, görəsən, onun barəsində dükanda nə danışacaqlar? Yəqin, «gic, səfeh» adlandıracaqlar və elan verib yerinə bir başqasını götürəcəklər. Amma bu, miss Qevenin ürəyincə olardı. Bu qız ona həmişə yersiz iradlar tutur, xüsusən də başqalarının yanında.

«Miss Hill, bu xanımlar sizi gözləyirlər, görmürsünüz?»

«Tərpənin, miss Hill, xahiş edirəm».

Hə, bu dükanla üzülüşdüyü üçün kefini pozan deyil.

Onun yeni evində, uzaq, naməlum ölkədə hər şey başqa cür olacaq. Orda o – Evelina ərdə olacaq. Adamlar onu saya salacaq, hörmətlə yanaşacaqlar. Onunla hesablaşacaqlar, necə ki, vaxtilə anasıyla hesablaşırdılar. On doqquz yaşını arxada qoymasına baxmayaraq hələ də atasından çəkinir. Bəzən onu görəndə canına vəlvələ düşür. Uşaqkən də atası onu Harri və Ernestlə eyni gözdə görmürdü, çünki o, qız idi. Sonralar da atası hirslənəndə deyirdi ki, onun üçün nə eləyirsə, yalnız mərhum anasının xatirinə eləyir. Ona qahmar çıxacaq heç kəs yox idi. Ernest ölüb, kilsə dekoru ilə məşğul olan Harri isə, demək olar, həmişə səfərdədir.

Bundan başqa, şənbə axşamları atasıyla pul üstə ardı-arası kəsilməyən didişmələr onu boğaza yığmışdı. O, bütün məvacibini – yeddi şillinq – atasına verirdi, ara-sıra Harri də pul-para göndərirdi, gəl ki, atasından geri pul almaq müşkül məsələydi. Atası deyirdi ki, o, yelbeyindir, pulu sağa-sola xərcləyir, min bir zəhmətlə qazandığı pulları ona vermək istəmir, çünki küçədə-bazarda boş yerə məsrəf etmək fikrindədir. Üstəlik, şənbə axşamları atası özünü pis hiss etməyə başlayırdı. Axırdan-axıra bir qədər pul verib, soruşurdu ki, o bazar günü üçün nahara nə almağı planlaşdırır? Onda o, yubanmadan ərzaq almağa qaçmalı idi. Bu zaman pul kisəsini əlində bərk-bərk sıxmalı olurdu: çünki camaatın içindən keçib getməliydi, evə isə əlindəki çantaların ağırlığından əyilə-əyilə çox gec qayıdırdı.

Evdə hər şeyin qaydasında olmasının qeydinə qalmalı, ona tapşırılmış iki kiçik uşağın vaxtı-vaxtında yeməsinə və məktəbə getməsinə nəzarət etməli idi. Ağır iş, ağır həyat idi, ancaq indi, hər şeyi atıb getməyə hazırlaşarkən nədənsə həyatı ona o qədər də məşəqqətli görünmürdü.

Bundan sonrakı həyatını Frankla yaşamaq istəyirdi. Frank qanışirin, comərd və açıqürəkli insandır. O, Franka ərə getmək və onun Buenos-Ayresdəki evində məskunlaşmaq üçün axşam gəmisi ilə yola düşməlidir. Frankı ilk dəfə gördüyü günü çox yaxşı xatırlayır – oğlan onun tez-tez olduğu əsas küçədə mənzil kirayələmişdi. Frank qapının önündə dayanmışdı, kepkasını boynunun ardına sürüşdürmüşdü, saçları günəşdə yanıb tunc rəng almış üzünə düşürdü. Elə oradaca tanış oldular. Oğlan hər axşam onu dükanın önündə gözləyir və evinə yola salırdı. Onlar birlikdə «Bohemiyalı qız»a baxmağa gedirdilər və bu zaman qız özünü göyün yeddinci qatında hiss edirdi: çünki həmişə tək-tənha oturduğu yerdə deyil, başqa yerdə otururdu.

Frank musiqini çox sevirdi, oxumağı da vardı. Adamlar onların görüşdüyünü bilirdilər və Frank dənizçiyə könül vermiş qız haqqında mahnını oxuyarkən o, nəşəli bir həyəcan keçirirdi. Oğlan adətən qızı «Bəbə» çağırırdı. Əvvəl-əvvəl Frank ona arvadbaz təsiri bağışlamışdı, amma sonra xoşuna gəlməyə başladı. Frank ona uzaq ölkələrdən danışırdı. Qabaqlar ayda bir frank məvaciblə gəmidə matros şagirdi işləyirmiş, Kanadaya qədər gedib-çıxıbmış. Oğlan ona işlədiyi gəmilərin və onların hissələrinin adlarını sadalayırdı. Magellan boğazını üzüb keçən Frank ona Pataqoniya haqqında dəhşətli hekayətlər danışırdı. O, Buenos-Ayresdə məskunlaşmışdı və bu qədim ölkəyə yalnız dincəlməyə gəlirdi. Atası onların münasibətindən xəbər tutan kimi oğlanla danışmağı ona qadağan elədi.

– Yaxşı tanıyıram bu dənizçiləri! – dedi.

Bir dəfə atası Frankla əməllicə mübahisə etdi və bundan sonra o, öz sevgilisiylə gizli görüşməli oldu.

Küçədə qaranlıq qatılaşırdı. Dizləri üstündəki iki məktub artıq güclə sezilirdi. Məktublardan birini Harriyə, digərini atasına yazmışdı. O, Ernesti çox istəyirdi, amma Harrini də sevirdi. Son vaxtlar atasının heydən düşdüyünü, onun üçün darıxdığını hiss edirdi. Atası bəzən çox yaxşı adam olur. Bu yaxınlarda o, bütün günü xəstə yatarkən atası ona kabuslar haqqında hekayət oxumuş, onun üçün tort bişirmişdi. Bir dəfə, anası hələ həyatdaykən, onlar Xouf dağına dincəlməyə getmişdilər. Yaxşı yadındadır, atası onları əyləndirmək üçün başına anasının şlyapasını taxmışdı.

Vaxt daralırdı, amma o, hələ də tozlu kretonun iyini ciyərlərinə çəkə-çəkə pəncərənin önündə oturmuşdu. Aşağıda – küçənin o başında çalınan şarmankanın səsi eşidilirdi. Bu qəribə ab-hava ona tanış gəldi. Bacardığı qədər evi qaydasında saxlayacağı ilə bağlı anasına verdiyi vədi xatırladı. Xəstə yatan anasının son günü yadına düşdü. Anası qonaq otağının o tərəfindəki qaranlıq otaqdaydı, bayırda isə İtaliyanın kədərli ab-havası hökm sürürdü. Şarmankaçıya altı pens verib, buradan uzaqlaşmasını əmr etdilər. Atası ciddi görkəm alıb, xəstənin otağına gəldi:

– Lənətə gəlmiş italyanlar! Hər yeri doldurublar!

Anasının miskin həyatı tezliklə onun yaşamında da özünü göstərdi – bayağı qurbanlar, sonda çılğınlıq və dəlilik.

Onu əsməcə tutdu, çünki yenidən sanki anasının səsini eşitdi, onun yersiz israrla təkrarladığı sözləri xatırladı:

«Derevaun Seraun! Zövqü-səfanın sonu – ağırdır!»

Qəfildən varlığını saran qorxudan dik atıldı. Qaçmaq! O qoşulub qaçmalıdır! Frank onu xilas edə bilər. Frank onu yeni həyata qovuşdura bilər, hətta bəlkə, sevər də. O, yaşamaq istəyirdi. O niyə əzab çəkməlidir axı? Onun da xoşbəxt olmaq haqqı var. Frank onu ağuşuna alar, güclü qollarıyla qucaqlayar. Frank onu xilas edər.

O, Şimal Divarının yanında, ora-bura vurnuxan insan kütləsinin ortasında dayanmışdı. Oğlan əlindən tutmuşdu və ona təkrar-təkrar nəsə deyir, səfər barədə danışırdı. Vağzal, mixəyi çantalı əsgərlərlə dolu idi. O, anqarın geniş qapısından körpüyə yan almış, illüminatorları alışıb-yanan gəminin qara gövdəsini görürdü. Oğlanın sözlərinə cavab vermirdi. Sifətinin avazıdığını hiss edirdi, karıxmış halda Tanrıya yalvarırdı ki, ona doğru yol göstərsin, yanlış hərəkət etməyə qoymasın. Dumanda gəminin uzun, kədərli fiti səsləndi. Əgər indi gəmiyə minsə, sabah Buenos-Ayresə gedən Frankla bir yerdə olacaq. Biletlərini əvvəlcədən sifariş etmişdilər. Frankın onun üçün elədiklərindən sonra geri addım atmaq nə dərəcədə doğru olar? Keçirdiyi tərəddüdlərdən ürəyi bulandı, dodaqları isə ehtiraslı dualar pıçıldamaqdaydı.

Ürəyi sıxıldı. Frankın onun əlindən tutduğunu hiss etdi:

– Getdik!

Dünyanın bütün dənizləri onun ürəyində qovuşdu. Oğlan onu bu sulara doğru çəkir, orada batırmaq istəyirdi. O, ikiəlli dəmir hasardan yapışmışdı.

– Getdik!

Yox! Yox! Yox! Bu mümkün deyil. Əlləri var gücüylə dəmir hasarın dəmirini sıxmaqdaydı. O, qorxudan şiddətlə çığırdı.

– Evelin! Evvi!

Frank hasar boyu qaça-qaça onu səsləyirdi. Oğlan hələ də qaçır, hələ də onu səsləyir… O avazımış sifətini oğlana sarı çevirdi, üzündə aciz heyvanlara xas olan hissiz, etinasız bir ifadə vardı. Baxışlarında isə nə sevgi, nə vidalaşma, nə də etiraf nişanələri vardı../aydinyol.az/

Tərcümə edən: Etimad BaşkeçidБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031