manera.az
manera.az

“Tatar çölü”nə gedən yol - Taleh Eminoğlu yazır

📅 21.09.2018 13:19

“Tatar çölü”nə gedən yol - Taleh Eminoğlu yazır
Dino Bussatinin “Dağların adamı Barnabo” və “Tatar çölü” romanları üzərinə

İtaliyalı rəssam, jurnalist və məşhur yazar Dino Bussati, 1933-cü ildə qələmə aldığı ilk romanı “Dağların adamı Barnabo” romanında altı il sonra baş verəcək və milyonların ölümü ilə nəticələnəcək qanlı müharibəni əvvəlcədən xəbər verir, 1940-cı ildə yazdığı “Tatar çölü” romanında isə bütün bu proseslərin qarşısının əvvəlcədən alına bilinməyəcəyini, bunun dünyanın qismətinə yazılmış olduğunu bir insanın alın yazısı ilə ortaya qoyur.

“Dağların adamı Barnabo”nu oxuyarkən onun bu romanın təsiri ilə irəlidə daha əhatəli bir şey yazacağını əvvəlcədən hiss edə bilirsən. Romanda hadislər İtaliyanın San Nikola qəsəbəsi yaxınlığındakı Palazzo təpəsində baş verir. qəsəbənin ətraf ərazilərlə əlaqəsini yaxşılaşdırmaq üçün dağların yamacı ilə yol çəkilməsi nəzərdə tutulur. Tikinti üçün lazım olan avadanlıqlar və dağların partladılmasında istifadə olunacaq partladıcı maddələr Palazzo təpisdə gizli, gözdən uzaq bir mağaraya bənzər yerdə toplanır. Amma oğurluq hallarının başlanması və qış fəslinin gəlməsi lə yol çəkilişi dayandırılır. Hadisələr bundan sonra öz məcrasını dəyişir və daha sirli, mistik, amma bir o qədər də aydın şəkildə cərəyan edir.

Silah-sursatla dolu anbarın mühafizəsi üçün meşə qoruqçülarından ibarətə əlavə bir dəstə yaradılır. Onlar növbə ilə anbara keşik çəkir və ürəklərinin dərinliklərində hələ tikinti başlamamış buradan oğurluq edən quldurlarıb bir daha geri dönəcəklərini hiss edirlər. Gecdə olsa bu baş verir.

Barnabo dostu Berton ilə neçə gündür zirvədə qalanan tonqaldan qalxan qara tüstünün ardınca zirvəyə qalxdığı zaman quldurlar anbara hücum edir. onlar anbarı qarət edə bilməsələrdə keşikçilərdən biri yaralayırlar. Barnabonun başı isə zirvədən düşərkən tapdığı yaralı qarğaya qarışır və əlində silahı olsa da quldurlara atəş açmır. Bu isə onun keşikçilər sırasından qovulması ilə nəticələnir. Ancaq illər sonra bomboş bir evin mühafizəsinə göndərilsə də, o boşaldılmış, ləğv edilmiş anbarın keşiyini çəkməyə qayıdır. İş yoldaşının hücum zamanı yaralanmasından altı il keçib. Quldurlar “biz geri qayıdacağıq demişdilər” və qayıtmalı idilər. Barnabo onları gözləyirdi. Bəs onlar gəldimi?!

Dino Bussati hər şeyi əvvəlcədən görmüşdü. O bu romanı yazarkən öz vətəni İtaliyida Benito Mussolini artıq neçə illər idi ki, hakimiyyətdəydi və xalqı öz ardınca bataqlığa çəkib aparırdı. Bir neçə il sonra isə Adolf Hitler ilə ittifaq quracaq və onun başlatdığı amansız müharibəyə, ölümlərə və dağıntılara ortaq olacaqdı. Buzzati bu faşitstlərin aydın şəkildə görünən addımlarını, gizli şəkildə bir təpədəki silah anbarının və onu qoruyan siravi keşikçi Barnabonun taleyi üzərindən qələmə alırdı. İkinci dünya müharibəsinə qədər də bu dünya saymaqla bitməyəcək müharibələr görmüşdü. Kimisi qalib gəlmişdi, kimisi məğlub olmuşdu. Amma sonda sülh imzalanmışdı. Silahlar bir “anbara” yığılmış, qapılar “möhürlənmiş” və qapıya da “keşikçi” qoyulmuşdu. Amma illər keçir haradansa iki quldur peyda olub anbarı qarət edir. müharibə yenidən başlayır. Silahlı keşikçi isə nə güllə ata, nə də səs salıb onları qorxuda bilir. Bu onların taleyidir. Birinin alnına bu anbarı qarət edib, müharibəni başlatmaq, digərinin alnına isə buna susmaq yazılıb. Bu müharibə mütləq olmalıdır. Çünki insan kimi bu dünyanın da öz taleyi var. Elə o da bizim kimi bundan qaça bilməz.

Ancaq Barnabo bu anbarın keşiyini çəkməklə kifayətlənmir. O illər sonra qarşımıza Covanni Droqo kimi çıxır.

“Tatar çölü”nə gedən yol - Taleh Eminoğlu yazır

Dino Bussati “Tatar çölü” romanını tamamlayanda İkinci dünya müharibəsi iki il idi ki, davam edirdi. Barnabo Droqoya çevrilmiş, zabit olmuş və ölkənin ucqarında yerləşən Qalaya təyinat almışdı. Bu onun üçün həyatının dönüş nöqtəsi idi. Çünki deyilə görə bu Qalaya barbarlar hücum edə bilərdilər. Amma Covanni Droqonun zamanında da Qalaya hücum olmadı.

O burada ömrünün ən gözəl illərini boş yerə, nə zamansa olacağı məlum olmayan bir hadisəni gözləməklə keçirirdi. Hər gün hücum haqqında məlumatlar gəlir amma heçnə baş vermirdi. Hətta bir dəfə onun gözünə uzaqlarda, lap uzaqlarda hərəkət edən qaraltılar görünmüşdü. Gəlirdilərmi?

Həqiqətənmi faşizm bu işıqlı dünyaya hakim ola bilərdi? Dünyanın alnına qara həris adamların idarəsi altında olaq yazılmışdı? Qalanı (dünyanı) bu adamlardan qorumaq mümkün idimi? Siravi, bu qaladan qaçmağa, xidmətini şəhərdəki hərbi hissədə etməyə çalışan Droqo bunun qarşısını ala bilərdimi? Ən əsası isə romanın məğzini ifadə edən alın yazısından qaçmaq mümkün idimi? Bu suallar romanda cavabsız qalsada, reallıq onları cavablandırdı. Amma yazar əsərin sonluğunda oxucu üçün cavabı tapmaqda köməkçi olacaq işığı göstərir. Təbii ki, görə bilənlər üçün.

Ədəbi tənqidçilər “Tatar çölü”nü Kafka sayağı roman hesab edirdilər. Onu hətta Kafkanın “Qəsr”i ilə də müqayisə edənlər olurdu. Amma unutmaq olmaz ki, Kafka üçün bu dünya qara rəngdədirsə, Dino Bussati üçün üçün dünyanın rəngi fərddən fərdə dəyişir. Hamı bir deyil və hərənin öz alın yazısı var.

Dino Bussatinin romanlarında müharibə izləri nə qədər aydın görünürsə, onun alt qatında bir o qədərdə mistika və sirr var. Bu sirrin adı “taledir”. Hamının məhkum olduğu, bəraət ala bilmədiyi və sonuna qədər çəkməli olduğu “tale”. Yazar üçün bu romanları yazmaq belə alın yazısından qaça bilməmək idi. Ona görə Dino Bussatinin roman dili insan ömürləri kimi bəzək-düzəksiz, sadə və qısadır. O, sizi mürəkkəb, dolanbaclı cümlələrlə yormur. Sirrini hər kəsin başa düşəcəyi amma asanlığını görüb arxasında sirr ola biləcəyindən şübhələndiyi cümlələrin ardında gizlədir. Ona bu işdə rəssamlığı qədər jurnalistliyi də kömək edir.

Dino Bussati öz qəhrəmanları ilə bərabər böyüyür. Hadisələr də onlara qoşulur. O romanlarındə nəyisə və ya kimisə gözləyr. Və bu gözləməklər olduqca uzundur. O qədər uzundur ki, bir insan ömrünə sığmır, əsərin qəhrəmanının ömrünü belə adlayıb keçir və digər bir romanda, başqa adla ortaya çıxan qəhrəman bu ömrü Herakl göy qübbəsini çiyinlərinə götürəntək götürür və gözləməyə başlayır. Dino Bussatini romanlarında insan deyil, zamanın ürək döyüntülərini eşidilir. Onun qəhrəmanları sakit, zamanı isə həyəcanlıdır. Onun üçün hər şey irəliyə gedir və geriyə yol yoxdur, səhvlər də bağışlanmır. Onun qəhrəmanları əlllərində silah, silahla dolu bir anbara, qalanı və ya başqa bir yeri, digər silahlı adamlardan qoruyur. Və bu qəhərmanlar tez-tez yuxu görürlər. Adətən daha çox dağların görüldüyü bu yuxular haqqında yazar belə deyirdi: “Yuxu görmək mənim üçün qidalanmaq kimi bir şeydir. Gücələr dağlarla əlaqəli çox yuxu görürəm. Onların hamısında narahatlıq var.”

Düşünürəm ki, Dino Bussatinin sevilən yazar olmasında təəccüblüdə olsa faşizmin böyük rolu var. Bəli bu belədir. Beləki, yazarın ədəbiyyata qədəm qoyduğu dövr İtaliyada Mussolinin başçılığı altında faşizmin yüksəldiyi dövr idi. Reallıqlar olduğu kimi deyilə və yazıla bilmirdi. Bu senzuradan Bussati də öz nəsibi almışdı. Amma o, gördüklərini başqa dillə, özünün yaratdığı “sehrli reallıq” üsulu ilə çatdırmağa başladı. Buna görə də onu heç bir ədəbi cərəyana və “izm”ə aid etmək olmur.

Barnabo dağlardan keçərək, hisslərini, düşüncələrini dəyişməsə də, adını dəyişib Covanni Droqo edərək “Tatar çölü”nə gəlib çıxdı. O, indi Tatar çölündə deyil. Başqa adla, bir başqa yerdə yenə kimisə və ya nəyisə gözləyir. Elə bizdə ömrümüz boyu nələrisə və kimlərisə gözləyirik. Bəlkə biz Covanni Droqodan çevrilmişik?!../parafr.az/

Taleh EMİNOĞLU


Baxış sayı - 1 327 | Yüklənmə tarixi: 21.09.2018 13:19
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031