Tanınmış yazıçı iki yeni kitabı təqdim edib
Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda tanınmış yazıçı, publisist və tərcüməçi Kamran Nəzirlinin 60 illik yubileyi münasibətilə tədbir keçirilib.
Yazıçı və şairlərin, ictimai-siyasi xadimlərin iştirak etdikləri tədbirdə yubilyarın iki kitabının təqdimatı olub. Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid Kamran Nəzirlinin ədəbiyyat və mətbuatımızın inkişafındakı xidmətlərindən danışıb. Vurğulayıb ki, K.Nəzirli hekayə, povest, pyes və oçerklərində müasirlərimizin həyatını qələmə alaraq mənəvi dəyərlərə və klassik ənənələrə sadiq qalmaqla, oxunaqlı əsərlər yaradıb. Onun “Sevgi nağılı”, “Doğmalar arasında”, “Şeytan işığı”, “Komada olan adam”, “Qoca uşaq”, “Ağ ev”, “Miras”, “Dördüncü möhür”, “Qağayılar yuva salanda”, “Xoşbəxt quşlar” və digər kitabları oxucular tərəfindən maraqla qarşılanıb. Yazıçının bədii, elmi-publisistik əsərləri Azərbaycanla yanaşı, ABŞ, Rusiya, Türkiyə, Belarus, Hollandiya, Ukrayna, Koreya, Moldova, Gürcüstan və Özbəkistanda çıxan ədəbi almanax, jurnal və qəzetlərdə dərc olunub, pyesləri bir sıra ölkələrin teatrlarında səhnəyə qoyulub. Onun humanitar əlaqələrimizin daha da genişləndirilməsi istiqamətində gördüyü işlər təqdirəlayiqdir.
Yazıçını yubileyi münasibətilə təbrik edən R.Məcid ona yaradıcılıq uğurları arzulayıb.
Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Nazim İbrahimov yazıçının əsərləri haqqında təəssüratlarını bölüşüb.
Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev, tanınmış şair Ramiz Rövşən və başqaları çıxış edərək yazıçının yaradıcılığından, peşə fəaliyyətindən bəhs ediblər.
Tədbir çərçivəsində K.Nəzirlinin “Babalar nağıl danışmırlar” hekayələr kitabının və “Dördüncü möhür” romanının təqdimatı olub.
Sonda yubilyar tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib.
MANERA.AZ