manera.az
manera.az

Şeir zamansızdı, Afət... - Şəfa Vəli

📅 27.04.2018 21:03

Şeir zamansızdı, Afət... - Şəfa Vəli
Unutmaq - istedadın ötəsində dayanan fövqəladə bir uğurdur...

İzaha ehtiyacı yoxdur ki, şair olmaq-fövqəladə uğurdan kəm qalmaq deməkdir. Şair unudulanda necə faciə olursa, unudanda ondan betər ağrılar var demək ki, hardasa…


Bəzən oxşamaq istədiyim, bəzən cəsarət edib halını soruşa bilmədiyim Afət Viləşsoy unutmaq istedadından kəm qaldı Tanrı qismətində… Və öz doğma kəndini bir şairin yaşaya biləcəyi ən gözəl darıxmağın “xatirə kitabına” yazdı:

Açıb ürəyimi sərdim önünə,
Bu şəhər sümürdü qanımı mənim.
O kənddən quzutək fağır gəlmişdim,
Qurbanlıq elədi canımı mənim...

Palaza bürüyüb ellə sürüdü,
Qadına döndərdi təzə-tər məni.
Əlimi ətəkdən uzun saxladı,
Yarımcan elədi bu şəhər məni.

Bir də ayıldım ki, otuz ikim var,
Kəsdirib böyrümü “çay istəyən”im.
“Günü gün üstünə, ili il üstə
Pul kimi qatlayıb say” istəyənim.

Mən varlı dünyanın fəqir adamı,
Bir də qayıdarmı baha gəncliyim?
Bu şəhər çıxacaq mənim axırıma,
Uzaq kənd kimidir daha gəncliyim.


Oxuduğum şeirlərindən bu qənaətə gəldim ki, Afət Tanrı-İnsan fəlsəfəsini açmağa heç vaxt cəhd göstərmir. Axarına buraxır nə varsa... İdraki fəlsəfənin bütün gücünü incə, həssas şair qəlbinin qarşısına çıxarmır... Eləcə, başını aşağı salıb Tanrı verənə qail olur...

Bəndə əl tutanda savab qazanır,
Allah əl tutanda səadət olur.


Şeir zamansızdı, Afət... - Şəfa Vəli
Afətin şeirlərində əsas obraz nakamlığın özüdü. Ha oxudum, ha axtardım, misralar arasında tanış bir adama rast gəlmədim mən. Heç nakamlıq özü də mənimlə tanış olmaq arzusunda deyildi. Mən onun arxasınca qaçırdım, o, gah bir misrada, gah bir beytdə gizlənirdi... Gah da kəlmə-kəlmə azdırırdı məni...
Mən bu “Gizlənqaç” oyununun hayındaykən Afət öz arzusunun arxasınca boylanmağındaydı...

Tutub əllərimi günəş yerinə,
Sənin ovucuna qoyan olaydı...


Faniliyin məchulluğu da var Afətin şeirində: “Təsəlli verənlər eyin oxşamaz.” Və keçən hər günün yalan-yanlış xatirəsinin bu günün gerçəyinə yenilməsi... Və günlərin bir-birini qovmasındakı ömür adlı xərclənən xəzinə... Və beşiyin qutsallığında əriyib itən ömür təəssüfü və ana olmağın zəfəri...

Bir də ayıldı ki,beşik yürüyür,
Qarışdı laylaya başı sevdamın.


Nağılların nazlı şahzadəsi olmaq şair bəxti deyil... Olmayıb və olmayacaq da... Bilməm, bunu dərk etməkçün zaman məni neçə kərə döyüb, qamçılayıb, qaldırıb lap yüksəkliyə, birnəfəsə yerə çırpıb... Bildiyim odur ki, şairlər nağılın özü olur... Tanrının yer üzünə söylədiyi nağıl özü də... “Nağıl oldum, bitirəm” misrası sudan bir səbəblə gəlib Afətin şeirində boy göstərməyib ki! Hələ onun üç almadan-“muraddan kam almaq”dan kəm qalan nağılı... Şeirindəki nakamlığın daha bir formada təzahürü...

Göydən ağac yağdı xatirələrə,
Göydən üçcə alma düşmək bilmədi...


Sevgi dininə sitayişdədi bütün şairlər kimi Afət... “Səhər-axşam ibadətdi mənimçün, Mən səninçün sevgimə də din dedim...” Onun duaları da sevgi ilə ətirlənib uçur Tanrının dərgahına... Bəzən bir qucaq ümidlə: “Baxışım sadağandı, nazlarım aydın olsun!” Bəzən də ümidsizcəsinə, səmanın məsumluğundan utanan günahlarla çiyin-çiyinə: “Sevgidən keçirik, ələyimiz yox, Ələnib keçənlər əfsanələrdi…”

Bir də şairin taleyindən narahatlıq var içimdə... Ha oxuyuram, ha yazıram, ha özümü yoruram, yenə ağlımın bir ucunda bəzənib-düzənib əmrinə amadə məni gözləyir şairin taleyi... Elə hey yapışır düşüncələrimin yaxasından, silkələyir, haqq-hesab çəkir... Veriləcək cavabım çox... Həm də veriləcək bir tək cavabım yox... Susuram... Bir şairin taleyinin qarşısında boynumu büküb susuram... Afət Viləşsoyun, Gülnar Səmanın, Allahşükür Ağanın, Tural Adışirinin, Gülnarə Sadiqin, Qəşəm Nəcəfzadənin, Gülsadə İbrahimlinin, Ülvi Bahadurun, lap elə Bahadur Qobustanın... bütün, bütün şairlərin taleyinin qarşısında günahkarcasına, məsumanə susuram...

Mən dilimə gətirmirəm, amma, Afətin bir misrası var ki, onu siz oxuyun: “Şeirdi taleyi şair adamın...”

Mənsə, elə Afətin öz dediyini özünə yazım yollayım ki: “Can yiyəsi, yenə özün bilərsən, Mən səninçün darıxanda nə edim.?!”

Şəfa Vəli (Gəncə-2018)


Baxış sayı - 2 818 | Yüklənmə tarixi: 27.04.2018 21:03
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031