manera.az
manera.az

Bir neçə heca əzab- Şeirlər/ MANERA.AZ

📅 19.01.2017 10:15

Bir neçə heca əzab- Şeirlər/ MANERA.AZ


Rəvan Cavid

Yad şəhər.

Bir səhər oyanasan,
pəncərəndən yad şəhər sənə “salam” söyləyə,
Xəzər dalğalarını yad sahilə söykəyə.
Unudasan hər şeyi,
başqa cür başlayasan bir günəşli səhərə,
yuxunu danışasan sənə yad bir şəhərə.
Gecələr içməyəsən qırmızı, tünd şərabdan,
şərab edib içəsən qara, tünd gecələri.
Qocalasan bir günlük,
başqa cür dolaşasan köhnə, dar küçələri.
Atıb beşmərtəbədən tozlu xatirələri,
uşaq kimi bağlayıb taxta pəncərələri
Ki, Allah eşitməsin
hıçqırıq səslərini bu qaranlıq mənzildə.
Bir səhər oyanasan,
görəsən nə Xəzər var,
nə Bakı var sahildə…

“İkinəfərlik təklik”


Bir şeir qədər olur adamların təkliyi,
bir neçə heca əzab,
bir neçə cümlə yoxluq.
Hər səhər oyananda anlayırsan, evində
sənə “sabahın xeyir” deyən bir kəsin yoxdu.

Küçələrin hamısına “yalqızlıq” adı verib,
addım-addım gəzəsən Bakını səhər-axşam.
Gecə yatmazdan qabaq bir mesaj da yazasan:
-hardasan? Darıxmışam!

Təkliyim qədər dolur çaxır badələrimə,
hər gün daha çox sərxoş,
sənin məndən səbəbsiz getdiyin radələrdə.

Biz özümüz bilmədən
yalqızlığın şəklini Bakı küçələrinə
ayaq iziylə çəkdik.
Təklik doğmadı mənə,
amma daha gözəldi
bir otaqlı evlərdə ikinəfərlik təklik.

Sənsizlik

Dəyişdi Bakı da,
küləkləri də,
birgə gəzdiyimiz küçələri də,
təklikdə açdığım səhərləri də,
sərxoş keçirdiyim
gecələri də.

Dəyişdi şeirlər, sətirləri də,
o qumlu sahilin ləpirləri də,
indi daha yalqız, tək izləri var,
səmimiyyətin də “biz”ləri gedib,
“mən”i, “sən”i yoxdu,
“Biz”, “Siz”ləri var.

Dəyişdin çox heyif,
dəyişdin sən də,
artıq anlamırsan bu şeirləri,
darıxıb yazanda fikir vermirəm,
nə gəldi yazıram bu sətirlərə,
baxmıram ki, heca, söz, şeir nədi…

Unutmaq hər şeyi bircə dəfəlik,
unutmaq dostu da, tanışları da,
buraxmaq içinə özgəni, yadı,
Sən demə, nə vaxtdır
səhv bilirmişəm,
Sənsizlik- nə sənin yoxluğun deyil,
nə də darıxmağın ikinci adı.

Sənsizlik- kimsəsiz, yalqız Tanrının
içimdə hər gecə oyanmasıdır.

Payız təkliyim.

Nə yağış bizimdi, nə də bu şəhər,
yağış payızındı, Bakı Xəzərin.
Bu pıçıltılar da bizim deyil heç,
sadəcə üşüdür payız xəzəli.

Bir az pəncərədən yağışa baxıb,
təklikdən yorulub qalaram bezar.
Telefon əlimdən düşməz ki yerə
birdən təsadüfən “necəsən?” yazar.

Bəzən də şəklinlə söhbətləşərək,
yuxuya gedərəm elə bilmədən.
Amma şəkildəki bircə kəz deməz,
“Üstüaçıq yatma-xəstələnərsən”.

Yalnızlıq üşüdən şəhərdəyik biz,
payız bəhanədi tənhalar üçün.
Bir-iki ay keçsin o da bezəcək,
o da tərk edəcək Bakını bir gün.

MANERA.AZ


Baxış sayı - 2 487 | Yüklənmə tarixi: 19.01.2017 10:15
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031