manera.az
manera.az

«Qadın şeirə sığışmaz, qadın şeirin özüdür…»/ MANERA.AZ

📅 12.12.2016 10:00

«Qadın şeirə sığışmaz, qadın şeirin özüdür…»/ MANERA.AZ
Professor Cahangir Məmmədli gənc şair Ulucay Akif haqqında yazır...
_______________________________

Ulucay Akif hələ tələbədir. Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin tələbəsi. Mənim də tələbəmdir və mən onu «informasiya adamından» çox «bədii təfəkkür» adamı kimi görməkdəyəm. Əvvəlcə onu Akif Səməd kimi bir azadlıq mücahidinin oğlu kimi sevdim. Sonra onu həm də yeni məzmunlu, özünə məxsus üslubu olan bir şair kimi də qəbul etdim.

Əllərimin soyuqluğundan,
Üstümün toz-torpağından
Gözlərimin bozluğundan anladınmı
Mən dəli küləklər şəhərindənəm.

Ulucay bu şeirdə yüz illərin poeziya obyektlərini tamam yeni rakursda təqdim edib və «Boz şəhərin adamı» adlı bir şeirindən gətirdiyim bu sətirlər onun poetik düşüncəsinin maraqlı bədii göstəricisidir.

Gördüm ki, Ulucayın şeirlərində qəribə bir vizuallıq var və bu şeirlərin sətirlərində poetik sözlə poetik görüntülər oxucunu gerçək hadisəyə ünvanlayır:
Sənin bayramında əlimdə güllər,
Durub gözləyirdim yağış altında.
Deyirdim, bəlkə də, gül üzün gülər,
Bəlkə rəqs edərik yağış altında.
Bu poetik misralarda hətta hələ görüşə gəlib çıxmamış bir qızın bədii portreti var. Və bədii portreti vizual görünüşü ilə gerçəkləşmiş bir görüşün gerçəkləşməmiş rəqs anı lentə alınmış səhnə təəssüratı yaradır.

Ulucayın şeirləri düşünən və düşündürən misralardan yoğrulur. Bəzən bu sətirlərin rəng çaları o qədər mürəkkəb olur ki, onları anlamaq da çətinləşir. Amma, məsələn, mənim üçün düşündürən şeir daha maraqlıdır və şairin həm də intellekt göstəricisidir. Ulucayın:

Həyat gözləməkdi…
Doğulandan ölənə kimi
Həm də nəyi gözlədiyini
Bilmədən gözləmək.

Bu, bir universitet tələbəsinin- hələ çox gənc olan bir şairin düşündürən şeir perspektividir.

Gənc şairin «Həyat» şeirindən gətirdiyim bu bəndin mənası həyatın sevmək, yaşamaq, tələsmək, gecikmək, ölmək kimi atributlarının dəyərlərinə və dəyərsizliklərinə poetik bir baxışın düşündürən ifadəsidir.
Ulucayın şeirləri giley-güzarla doludur: şəhərdən gileyli, ömürdən gileyli, həyatdan gileyli. Amma bu gileylərin hamısında keçmişdən gələcəyə aparan yolun nostalji hissləri var. «Unudulmuş uşaqlıq» şeirindəki kimi:

Uşaqlığım yadımdan çıxır artıq,
Hissə-hissə, parça-parça unuduram
Qayğısız günlərin ləzzətini.

Bu, gəncliyindən çıxıb həyatın eniş-yoxuşlarına hazırlaşan bir gəncin öz keçmişinə nostalji hissləridir. Və müəllifin bəlkə də öz fərdinə aid bu nostalji hisslər oxucuya da doğmadır və hər kəsdə uşaqlıq illərinin ötüb keçən anlarına təəssüf hissi yaradır.

Mən Ulucayın şeirlərinin düşündürən məqamlarından ayrıla bilmirəm. Hətta bəzən bu düşüncələr müdrik bir insanın, dünyaya çoxdan bələd olan bir adamın təfəkkürünə oxşayır. «Unudulmuş qəbirlər» şeirindəki qəbir daşları ilə bağlı düşüncələr qəbristanlıq və baş daşlarının portret cigilərindən daha çox insan və həyat fəlsəfəsinin mahiyyətinə köklənir:

Unudulmuş qəbirlərə bax hərdən,
Axır əvvəl səni də bu gözləyir.
Barışmaqdan başqa nə gəlir əldən,
Axır-əvvəl məni də bu gözləyir
Əyiləcək nə zamansa baş daşın,
Ot basacaq məzarını, ruhunu.
Ya nazir ol, ya da istərsən daş daşı,
Dünya qəbirləri yaxşı qorumur.

Ənənəvi şeirə meyilli oxucu üçün bu misraların, poetik nöqsanlar da ola bilər, ancaq indiki halında bu sətirlərdə dünya, həyat və ölüm kimi əbədi anlayışların mahiyyəti öz əksini tapıb.

Ulucayın yuxarıda vurğuladığm müdrik düşüncələri bu şeirdə də özünü göstərir. Bu şeirin məzmununda dayanan qəbristanlıq, baş daşları kimi ədəbi dünya predmetləri poetik sətirlərdəki görüntüləri ilə bizi həyata yaxşı iz qoymağa çağırmaqdadır.

Ulucayın şeirində məntiqə sığmayan qəribə bir məntiq var:

Təsəllilərin ən pisi,
Tək ölənlərin növbəsi.
Şeirlərin ən zəifi,
Deyilməyən sözlərin ən güclüsü…
Yaxud:
Bircə «sevirəm» sözünə görədir
Bu qədər şeir yazmağım.
Bütün sətirlərim acizliyimdir,
Bütün misralarım
Redaktə edə bilmədiyim hisslərimdir…

Çox maraqlı və orijinaldır. Bəlkə bir zamanlar elə Pasternak da, Voznesensk idə beləcə başlayıb. Bəlkə elə Nazim Hikmət də ilk şeirlərini bu tonda yazıb. Bəlkə elə bu gəncdən də gənc şair şeirlərindən birini «Nazim Hikmətin xatirəsinə adlandırıb». Şeirində heç bir Nazim Hikmət-zad yoxdur, sadəcə bu şeir o böyük şairin ruhundadır:
… Sən də ümidlərini geyin ruhuna,
Gülümsə, günəşli günlərin xətrinə gülümsə.
Bax, yumurtadan cücə çıxırmış kimi,
Yeni şəhər çıxır bu şəhərin uçqunları altından.

Bu sətirləri oxuyuram və neçə illər bundan əvvəl - hələ mən tələbə olanda böyük Rəsul Rzanın «Qayğı sözü və qayğı özü» adlı heç yaddançıxmaz bir məqaləsini xatırlayıram. Onda qocalar bir azdan «altmışıncılar» adlandırılacaq istedadlı bir gəncliyə-gənc ədəbi qüvvələrə qısqanclıqla yanaşanda, poeziyada yeni formata əsəbiləşəndə Rəsul Rza o məqaləni yazdı və o ədəbi qüvvəni, o gəncliyi cəsarətlə müdafiə etdi. Əlbəttə, indi gəncləri müdafiə etməyə ehtiyac yoxdu. Amma, nədənsə ağlıma gəldi ki, R.Rza Ulucay Akifi də müdafiə etdiyi ədəbi gənclərin siyahısına salardı.

Ulucayın şeirlərinin tematikası rəngarəngdir. Bu rəngarənglikdə həyat və ölümə daha çox pay düşsə də, sevgi notlarının yeri heç də daralmır. Gənc şairin sevgisi həm də orijinaldır. Bu sevgi nə Məcnunsayağıdır, nə də Fərhad qəhrəmanlığı. Bu sevgi gerçək həyatın lövhələridir və bu lövhələr nə qədər fərdi xarakter daşısa belə, yenə də ümumiləşir və hər kəsin yaşadığı bədii təsvirinə çevrilir:

Bizim sevgimiz ibadət idi elə
Səni qucaqlamağım,
Sənə baxmağım,
Dodaqlarımızın qovuşması,
Sevgi sözlərimiz…
Yaxud:
Saçlarını tök sinəmə,
Hop qəlbimə gülüşünlə.
Mən ölmüşdüm, geri döndüm,
Sənin bircə öpüşünlə.

Ulucay sevgi şeirlərində də orijinaldır və düşünməyə, gizlinləri duymağa imkan yaradır:

Mən yağış yağanda öləcəm, gülüm,
Şimşəklər çaxacaq, hamı duyacaq.
Mən yağış yağanda öləcəm, gülüm,
Mənim günahımı Tanrı yuyacaq…

Ümumiyyətlə, təbiətin bir sıra hadisələri-yağış, külək, tozlu səma, şimşək və s. Ulucayın poeziya predmetləridir. Və bu gənc şair bu predmetləri uyarlamaq, birinin digərini tamamlaması prosesini təcrübəli bir qələm sahibi kimi ortaya qoyur. Yuxarıdakı misralarda- yağış, külək və Tanrı anlayışlarının uyarlılıq seqmenti poetik tapıntı kimi mənə maraqlı gəldi.

Ulucayın sevgi şeirləri sırasında beş misralıq biri də var. Bu beş misra bütöv bir lövhəni əks etdirir və bu lövhəni heç də hər kəs görə bilmir, amma şeirdən sonra hər kəs o lövhəni özününküləşdirmək istəyinə düşür:

Bitməsini istəmədiyim
Kitab kimisən
Küləkli havada oxuyaram səni,
Saçların kitab səhifələri,
Barmaqların əlfəcindi.

Ulucayın poetik tematikasında sırasında bizim bəzən banal predmet kimi qəbul etdiyimiz şəhər və kənd mövzusu var. Bəlkə doğru deyil ki, bu gənc şair şəhər və kəndi qarşı qarşıya qoyur, bəzən kəndə üstünlük verir. Amma bu da həqiqətdir ki, bütün şəhərlərə bütün insanlar kənddən gəlib. Ən azı ona görə ki, kənd ilkindir, şəhər törəmədir. Ən «köklü» şəhərli də haçansa mütləq bu şəhərə ilkindən-kənddən gəlib. Ona görə, qoy şəhərləşmiş kəndçilər heç inciməsinlər ki, özü də şəhərdə doğulub şəhərdə böyümüş Ulucay bir az ürkək şəkildə kəndə üstünlük verir. Hətta bir kənd qızının universitet həsrətilə şəhərə gəlməsindən də ehtiyat edir, narahatlıq keçirir. Şair «Kənd qızı» şeirində:

Süsənli, sünbüllü kənd qoxusuyla,
Oxumaq eşqiylə, elm arzusuyla,
Yarımçıq qoyduğu o yuxusuyla,
Bir payız səhəri gəldi Bakıya

-deyə kiçik və nağılvari bir süjet xəttilə o kənd qızının ilk anlarındakı sevincinin aldadıcı mahiyyətini verir və ismətli bir kənd qızının şəhər həyatına düşəndən sonrakı vəziyyətini belə təsvir edir:

Sünbül hörükləri açdı kənd qızı,
Yaxa düyməsini açdı kənd qızı.
Elə bil özündən qaçdı kənd qızı,
Axı niyə gəldi o qız Bakıya?

Bir çox şeirlərindən görünür ki, Ulucay üçün bəzən ideya birinci sıraya çıxır. Belə yerdə, əlbəttə, gənc şairi qınamaq da doğru deyil, çünki ideyamı, sənətkarlıqmı- sualının yaşı elə böyük ədəbiyyatın yaşı qədərdir. Belinski dövrü rus ədəbi-tənqidi düşüncə bu suallarından da yan keçməyib.
Əlbəttə, əsl sənət ideya ilə sənətkarlığın vəhdətindən yaranır. Amma kim nə deyir desin, mənim üçün Ulucay yaşında gənc bir şairin milli-mənəvi dəyərlərlə bağlı bir ideyanı üstün tutması çox faydalı görünür. Onsuz da dünyanın qloballaşma çağında, informasiya texnologiyasının milli dəyərlərə yaratdığı etinasızdlıq dövründə gənclərin bir küll halında nəyə meyl etdiyi bizi qayğılandırmaqdadır. Qoy ulucaylar milli ruhla bağlı ideyaları önə çəksinlər, belələri sənətin mütləq kanonlarını lap tezliklə mütləq qəbul edəcəklər. Təki ürək olsun, təki millilik hər şeydən üstün olsun!

Ulucay elə indidən, məsələn, azərbaycanlı qadının klassik obrazını yaxşı dərk etmiş onu elə bu klassik bu yöndən təsvir edən bir şairdir. Sadəcə «Qadın» adlandırdığı bir şeirində olduğu kimi:

Sənin gözəl gözlərin, saçların,
Saf təbəssümün, incə barmaqların,
Şux qamətin, zərif addımların,
Kişilərin arxanca baxmaqları…
Bütün şeirlər, bütün romanlar sənə yazılıb…

Ulucayın şeirlərində mənim yaxşı tanıdığım bir Ulucay məsuliyyəti var. Onun şeirlərində xalq dili, bənzərsiz üslubi çalarlar var. Və həm də bu şeirlərdən nigarançılığı var:

Yenə sevgi cümlələri
Gəvələyirəm şeirimdə
Yenə güləcək insanlar
Məni üzən şeirlərlə…

Bu, Ulucay təvazökarlığıdır. Masamın üstündə elə bu anda maraqla oxuduğum bir kitab şeirin əksəriyyətində istedadlı bir şairin yaradıcılığı var və bu yaradıcılıq sabah daha parlaq, daha işıqlı olacağını vəd edir.

MANERA.AZ


Baxış sayı - 2 499 | Yüklənmə tarixi: 12.12.2016 10:00
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031