manera.az
manera.az

Şəfa Vəli “Poçtalyona məktub”u təqdim etdi

Şəfa Vəli “Poçtalyona məktub”u təqdim etdi
Yanvarın 25-i Azərbaycan Yazıçlar Birliyinin (AYB) "Natəvan" klubunda gənc yazar, Gənclər Mükafatı laureatı Şəfa Vəlinin "Poçtalyona məktub" adlı ilk kitabının təqdimat mərasimi keçirilib.

Mərasimdə ziyalılar, tanınmış və gənc yazarlar, müəllifin ailə üzvləri, oxucular və media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan AYB-nin Gənclərlə iş üzrə katibi, şair Rəşad Məcid deyib ki, Şəfa Vəli paytaxtdan uzaqda yaşamasına baxmayaraq, qaynar ədəbi mühitin içərisində hər zaman aktivdir: "Elə bu aktiv fəaliyyətinin nəticəsidir ki, o, ikinci Gənc Ədiblər Məktəbindən məzun olub, prezident təqaüdünə və gənclər mükafatına layiq görülüb. Bir neçə müəllif, bir neçə ünvan var ki, ordan gələn yazıları sorğu-sualsız "525-ci qəzet"də çap edirik. Onlardan biri də Şəfa Vəli imzasıdır. Tez-tez onun şeirləri, publisistik və elmi məqalələri, hekayələri, esseləri qəzetimizdə çap olunur. O, yalnız bədii yaradıcılıqla məşğul olmur. Həm də öz yaşıdları olan gənc yazarların yaradıcılıqlarına münasibət bildirir, getdiyi, gəzdiyi yerlər haqqında "yol qeydləri"ni yazır. Sevindiricidir ki, onun şeirləri bu gün kitab şəklində bizə təqdim olunur. Ona daha böyük yaradıcılıq uğurları arzu edirəm".
Şəfa Vəli “Poçtalyona məktub”u təqdim etdi
"Ulduz" jurnalının Poeziya şöbəsinin rəhbəri, şair Fərqanə Mehdiyeva Şəfa Vəlinin qələminin peşəkarlığından söz açıb, onu gənclər arasında ən zəhmətkeş yazarlardan biri kimi qiymətləndirib: "Şəfa Vəlinin özündən qabaq şeirlərini, yazılarını tanımışdım. Elə ilk dəfədən bu qızın yaradıcılığı diqqətimi cəlb etmişdi. Sonradan isə özüylə tanış olanda gördüm ki, onun şeirlərindəki sadəlik, təvazökarlıq, bəzən utancalıq onun elə öz xarakterindən gəlirmiş. Şəfa o imzalardandır ki, biz jurnalımız üçün onu özümüz axtarırıq, yazı göndərməsini istəyirik".

"Ulduz" jurnalının baş redaktoru, şair Qulu Ağsəs müəlliflə tanışlığından danışıb, onun "Ulduz" jurnalı haqqındakı rəylərinin əhəmiyyətini vurğulayıb: "Şəfa Vəli bizim jurnalın ekspert rəyindən sonra, ikinci ekspertidir. Onun jurnalın hər nömrəsi haqqında elə dəqiq fikirləri olur ki, mən görürəm ki, o, ədəbiyyatı çox gözəl bilməkdən əlavə, çox güclü də müşahidəçidir, yaxşını pisdən ayırmağı, yazılardakı çatışan, çatışmayan cəhətləri dəqiqliklə görməyi bacarır.

"Azərbaycan" jurnalının Poeziya şöbəsinin rəhbəri, şair Qəşəm Nəcəfzadə özünün Şəfa Vəli haqqında yazdığı və vaxtilə "Ulduz" jurnalında dərc olunan məqaləsindən parçalar səsləndirib: "Hər 30 gündən bir Bakıya gəlirdi Şəfa, Gənc Ədiblər Məktəbinə. Rəşad Məcidin rəhbərlik elədiyi bu məktəb onlarla gəncin, o cümlədən, Şəfanın ədəbi dünyagörüşünün formalaşmasına böyük təsir göstərib. Şəfanın şeirləri dövri mətbuatda müntəzəm çap olunur. Öz xarakterinə uyğun dostları var. Bir də görürsən ki, dostlar Gəncəyə toplaşır, bir də görürsən yığışıb gəliblər Qazaxa dostlar. Bir sözlə, Şəfa və onun komandası Azərbaycanda mini poeziya festivalları keçirirlər. Şəfa bəziləri kimi ərköyün şair deyil. O, həyatın şirin əzablarını yaşayır. Özü də şirin-şirin yaşayır. Şeiri də özünə oxşayır".

Şairlər İlqar Türkoğlu, Oqtay Rza, Azadə Taleh, Narıngül, Varis, Faiq Balabəyli, Ofelya Mədəd, Güləmail Murad və başqaları Şəfa Vəli yaradıcılığı haqqında düşüncələrini bölüşüb, onu ilk kitabı münasibətilə təbrik ediblər.
Şəfa Vəli “Poçtalyona məktub”u təqdim etdi
Azadə Taleh Şəfa Vəlini "Qafqaz Media İctimai Birliyi"nin "Qobustan" diplomu ilə təltif edib.

Gənc yazarlardan Allahşükür Ağa, Taleh Mənsur, Gülnarə İsrafil, Afət Viləşsoy, Əntiqə Səməndər və başqaları da Şəfa Vəlinin şəxsiyyəti və yaradıcılığından söz açıb, ona uğurlar diləyiblər.

Nuranə Nur onun "Məndə bir şəkil var", Günay Həsənli "Poçtalyona məktub", Oğuz Alparslan "Tək səbir" şeirlərini səsləndiriblər.

AMEA-nın doktorantı, şair Gülnar Səma "Şəfa Vəlinin "Poçtalyona məktub"u" adlı məruzəylə çıxış edib. Məruzəçi çıxışında kitabda yer alan şeirlərə geniş şəkildə nəzər salıb, poetik xüsusiyyətlərini özünəməxsus şəkildə ifa edib: "Hamının atdığı yerdə Təkcə söz tutdu bu qızı!"- deyən Şəfa Vəlini SÖZ, Prezident təqaüdünə, Nazirliyin mükafatına layiq olmağa qədər müşayiət etdi. 2017-ci ilin sonlarında isə "Poçtalyona məktub" da ünvanlandı. Həmin məktuba "Sənin kədərində miladdan öncə, Sənin sevincində işıq iliyəm..." - etirafları da əlavə olundu. Tamamilə orijinal və özünəməxsus misralardan ibarət şeirlər toplusu olan bu kitabda Şəfanın şeir dilində söyləmək istədiyi nağılları yer almışdır. "Güldüm... Gülüşüm də ağladı səni, Saxta təbəssümüm könül həyası..." - sətirləri kimi təkrarsız ifadələr kitabda yetərincədir. Əksər şeirlərində əvvəllər qarşılaşmadığımız yeni ifadələrlə rastlaşırıq. "Həsrətsiz sevmək də haram Ödəmişəm bu vergini" - tipli mükəmməl misraları olan şeirlərin yeganə qüsuru qafiyələnmə texnikasında olan "özbaşnalıq"dır. Bu o demək deyil ki, Şəfa əsl mükəmməl qafiyənin nə olduğunu bilmir. Çox yaxşı bilir.

Şəfa Vəli "Poçtalyona məktub" kitabında əsasən sevgili şeirlərini bir araya gətirsə də, ictimai mövzulu olanlarla yanaşı vətənpərvərlik mövzulu olanlara da rast gəlmək olur. Bunlardan biri də Milli Qəhrəman Mübariz İbrahimova ünvanlı şeirdir ki, müəllif qəhrəmanını tapındığım ərənim kimi təqdim edərək "Sevgisini torpağıma sərənim..." sözləri ilə öyür. Şəfa bir yazar olaraq hər müraciət obyektində bir yaşam izi buraxır".

Sonda müəllif kitabın çapında əməyi olanlara, ön sözün müəllifi professor Elçin İsgəndərzadəyə, redaktor Əkbər Qoşalıya, tədbirin təşkili üçün AYB-nin katibi Rəşad Məcid başda olmaqla, hər kəsə təşəkkürünü bildirib və öz şeirlərindən bir neçəsini səsləndirib.../525.az/Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930