Türk dünyasının birliyinin qorunmasında jurnalistlərin rolu vurğulanıb

"Türk dünyasının birliyini pozmağa yönələn dezinformasiyalara qarşı birgə mübarizə aparmalıyıq"
Ankarada keçirilən Türk Dünyası Dialoq Forumu çərçivəsində “Qaspıralının izində: Türk dünyasında dil, mədəniyyət və yaddaş” mövzusunda panel müzakirəsi təşkil olunub.
Paneldə çıxış edən “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı Türk dünyasında ortaq dil, mədəniyyət və media əməkdaşlığının əhəmiyyətindən danışıb.
O, çıxışında Türk dünyasının birliyinə qarşı yönələn dezinformasiya və saxta xəbərlərin yaratdığı təhlükələrə diqqət çəkib. Bildirib ki, Türk dünyasının birliyini istəməyən qüvvələr yanlış məlumatlardan və saxta xəbərlərdən bu birliyə qarşı istifadə etməyə çalışırlar.
Akif Aşırlı vurğulayıb ki, jurnalistlər, yazarlar və media nümayəndələri üzərlərinə düşən məsuliyyəti dərk etməli, dezinformasiyanın yayılmasının qarşısını almaq üçün birgə fəaliyyət göstərməlidirlər.
A. Aşırlı həmçinin qeyd edib ki, Türk dünyasının birliyini zəiflədə biləcək addımlara qarşı prinsipial mövqe nümayiş etdirmək hər bir media nümayəndəsinin və ziyalının məsuliyyətidir.
Qeyd edək ki, paneldə İsmayıl bəy Qaspıralının irsi, Türk dünyasında ortaq dil və mədəniyyət məsələləri, tarixi yaddaşın qorunması və informasiya əməkdaşlığının gücləndirilməsi kimi mövzular müzakirə olunub.
Məhəmməd,
Manera.az