manera.az
manera.az

Dəniz, səma və sahil... - Nilufər Şıxlının şeirləri

📅 01.04.2018 21:23

Dəniz, səma və sahil... - Nilufər Şıxlının şeirləri
Manera.az gənc şairə Nilufər Şıxlının şeirlərini təqdim edir:

SEVGİ – ŞEİR OLSAYDI…

Sevgi nəğmə olsaydı,
Hər sətir – sən olardın.
Qopub dodaqlarımdan
Ürəyimə dolardın...

Sevgi külək olsaydı,
Mən də qanad taxardım...
Uçaraq xəyallara
Gözlərinə baxardım...

Sevgi həyat olsaydı,
Yaşayardım ürəkdən.
Qovuşardıq ömürlük
Torpaq, Günəş, sən və mən!

Sevgi dəniz olsaydı,
Sahilində azardım...
Sevgi şeir olsaydı,
Onu sənə yazardım!

PİANONU AĞLADIR
HƏZİN NƏĞMƏ BAYAQDAN...


Bu mənəmmi ağlayan,
Həzin nəğmə səsimi?..
Yanağımı oxşayan
Yağışın busəsimi?..

...Göy üzündə gözlərim
Ümid axtarır yenə...
Həsrət təzə don biçir
Sevgimizin əyninə...

Üfüqlər qəlbim kimi
Alışmada, yanmada.
Bu gün iki gündü ki,
Səni vermişəm bada.

Hər şey mənim əksimə:
Xəyal, fikir, düşüncə,
Qəfil döyülən qapı,
Erkən qaralan gecə.

Qulaqlarım tutulur,
Sənsizlik haray salıb.
Gənclik duyğularım da
Bir gecədə qocalıb.

Dünya geri fırlanır,
Durammıram ayaqda.
Pianonu ağladır
Həzin nəğmə bayaqdan...

GƏLDİ AYRILIQ DƏMİ...

Gəldi ayrılıq dəmi...
İnanmıram desəm də!
Buza dönüb qalmışam,
Ağlamaq istəsəm də.

Pəncərədən baxıram,
Eşikdə də ayazdı...
Buludlar halay çəkib,
Göylər siyah-bəyazdı.

Təbiət kövrəlibdi,
Yer üzünü tutub qəm.
Yəqin həsrətimizdən
Duyuq düşübdü aləm.

Bu küləyin, yağışın
Ahənginə dalmışıq...
Sevilməyə gecikib,
Tələsib ayrılmışıq...

Demək, yalanmış hər şey,
Özümüzük günakar?
İndi necə deyək ki,
Olmamışdı olanlar?

Bəs sənin içdiyin and?
İlqarın, sədaqətin?
Gündüzlər nəvazişin,
Gecələr məhəbbətin?

Axı məhəbbəti də
İnkar etmək olarmı?
Gözlər, əllər, nəfəslər...
Bunlar unudularmı?

Mən səni bağışlayıb,
Bağışlanmaq istədim.
Bu inadı, qüruru,
Hirsi danmaq istədim?

...Sən yaxdın körpüləri!
Geri qayıtmaq çətin!
Gedirsənsə, əzizim,
Saxtaymış məhəbbətin!

NƏ ZAMAN Kİ...

Nə zaman ki, bir gün unudularsan,
Səfalət kölgəsi adına düşər,
Etdiyin səhvlərə peşman olarsan,
Varların, yoxların yadına düşər

Səni xar eləyən bütün əməllər
O məğrur başını aşağı salar.
Amma nə dəyişər... ötüşüb illər...
Geçikmiş etiraf özünə qalar.

Geriyə qayıtmaz bircə an belə,
Çirkabdan təmizə çıxılmaz daha.
Batdıqca batarsan sən bilə-bilə,
İtirdiyin zaman dönməz sabaha.

Ömrünə-gününə buraxma şəri,
Peşman olmağının yoxdur dəyəri!


***
Bir-bir əl üzdüyün şirin arzular
Yuxuna gəldikcə ağlasan əgər,
Sabaha baxmasan yeni ümidlə,
Dərdini üst-üstə saxlasan əgər,

Könlünə düşməsə bəxtinə düşən,
Gözəl duyğuların solsa, saralsa,
Dünəni gözündən salan qorxular
Səni də bu günün gözündən salsa,

Qınama kimsəni - öz günahındı!
İntiqam almağa bəraətin yox!
Demək ki, özünə yoxdu inamın,
Ya da inanmağa cəsarətin yox?!

Uğur gəlib çıxmaz arzulamaqla,
O, alın tərindən cücərib çıxar!
Sabahı qəlbiylə suvaran insan
Hər kəsin gözünə vüqarla baxar!

PAYIZ GƏLİB

Yenə qızıl payız gəlib,
Yenə düşüb soyuqlar.
Ötüb gedib həyatımdan
On səkkizinci bahar.

Payız gəlib... Ağaclartək
Ürəyim də üşüyür.
Solğun günəş yorğun-yorğun
Asimanı bürüyür.

Pəncərəmin arxasında
Gözəl payız rəsmi var.
Göy tutulur, hiss edirəm
Başlanacaq yağışlar.

Nə qəribə sakitlik var!
Solur günün bənizi...
Yada düşür vətənimin
Xoş havası, dənizi...

QƏLBİM

Dəli könlüm üsyan edir,
Hey çırpınır, hey əsir.
Keçmişini buraxmadan
Gələcəyə tələsir.

Ay ürəyim, nədir yenə
Bu hüznlər, bu qəmlər?
Hər şey keçdi, hədər oldu,
Geri dönməz gedənlər!

Duyğuların dəniz idi...
Nə umurdun sevgidən?!
Gəl unudaq, davam edək
Yaşamağa yenidən!

Geridə qoy olanları,
Coşsun gənclik həvəsi.
Unutma ki, dəli kimi
Sevmək olmaz heç kəsi.


***
Bizi ortaq eləyən
nələr, nələrimizdi,
yaralı dünənimiz,
xatirələrimizdi...

Gecələr həsrət adlı
sadiq yoldaşımızdı,
ilmələnib çözülən
köhnə yaddaşımızdı...

Ayrılıqdan qırılmış -
iki parça qəlbimiz,
bir-birinə dolaşmış
sevincimiz, qəmimiz...

Sabahlardan gizlənən
yuxulu gözlərimiz,
məchulluğa yönələn
əbədi izlərimiz...

Qapısı bağlı qalan
soyuq otaqlarımız...
Bizi dustaq eləyən
Nə var - ortaqlarımız!


***
Çəkilək bir adaya,
Hər tərəf dəniz olsun...
Gülək - qara buludlar
Dönüb ağbəniz olsun!

Çəkilək bir adaya
Yaşıllıqdan don geyək.
Hər dərdə, hər acıya,
Hər xiffətə son deyək!

Çəkilək bir adaya,
Düşünməyək heç kəsi.
Hər gün oyatsın bizi
Qağayıların səsi.

Gizlənək gəmilərdən
Gözdən itincəyədək.
Ayrılmayaq bu yerdən
Ömür bitincəyədək...

...Bizdən sonra, qəlblərə
Qoy yayılsın sədası;
Sevənləri səsləsin
“Sevənlərin adası”!

LEYSAN

Süzülüb dağların yamaclarıyla,
Yerdən sığınacaq umur bu yağış.
Pak edir aləmi göz yaşlarıyla,
Təkcə yamanları yumur bu yağış.

O,eşqin ruhudur buluda uçub,
Qayıdır həsrətin damlalarında.
Dəli bir havaya qol-qanad açıb,
Rəqs edir evlərin boz damlarında.

Ya Zəmzəm suyudur,dönübdür selə,
Can verir sevginin ölən çağına.
Bəlkə də,Tanrıdır kövrəlib elə,
Dözməyib kiminsə ağlamağına.

GECƏ DÜŞÜNCƏLƏRİ

Bir gecənin ətəyində,
Neçə gözün yuxusu..
Göydə ulduz naxışları,
Havada gül qoxusu.

Ay sulara naz etdikcə,
Şölə saçır bənizi.
Yerin islaq yaxasında,
Göz üzünün əkizi.

Məftun olub qələmini,
Saçlarına taxırsan.
Bir məhəbbət filmi kimi,
Təbiətə baxırsan.

Ruhun çıxıb qucağından,
Rəqs eləyir sübhədək.
Azadlıqdan əl uzanır:
“Haradasan,gəl gedək”

Səssizliyə vurulursan,
Nə dünən var,nə indi.
(Çox şeyləri öz adıyla,
Xatırlamaq çətindi)

..Bu arada gecə bitir,
Kölgələr də çəkilir...
Al şəfəqlər yavaş-yavaş
Yer üzünə səpilir.

Səma elə aydınlaşır,
Kitab kimi oxunur.
Yaradanın hökmünə bax,
Sabahların şərəfinə,
Sözdən şeir toxunur.

QARANLIQDAN QORXMURAM MƏN

Qaranlıqdan qorxmuram ki..
Qaranlıqda yuva salan
İlanlardan qorxuram!
Yüksəklikdən qorxmuram ki..
Ayaqlara dolaşaraq
Uçuruma yıxılanlardan qorxuram!

Adamlardan qorxmuram ki...
Adamlıqdan çıxmışlardan
Ocaq-yuva yıxmışlardan
Qorxuram mən!
Arzulardan qorxmuram ki...
İstəyimdə yanılmaqdan
İnanaraq aldanmaqdan
Qorxuram mən!

Qorxmuram mən yalvarmaqdan,
Qorxuram ki,birdən məni duyan olmaz.
Qorxmuram mən ağlamaqdan
Qorxuram ki,göz yaşımı silən olmaz.

İtməkdən də qorxmuram mən
Çünki geri-özlüyünə dönə bilmək
Hər insanın arzusudur
Sevməkdən də qorxmuram mən
Qorxum yalnız sevilməmək qorxusudur!

NƏ QƏRİBƏ AYRILIQLAR VARMIŞ...

Nə qəribə ayrılıqlar varmış,ana
Buludsuz göy üzündən də
Günəş yox olarmış...
Baharın ilk çağında da çiçəklər solarmış...
Bir an öncə anasının köksündə uyuyan körpələr
Torpaqda yatarmış...
Bir evin külü aləmi bürüyərmiş başına...
Ölüm apardığının baxmazmış
Nə yalvarışına,nə gözünün yaşına...
Baxmazmış gecəyə,gündüzə,sabaha...
Baxmazmış yazılan savaba,olmayan günaha..
Yüz ilin ölüsünə qarışarmış beş yaşlı uşaqlar...
Ana!Dünyada nə dəhşətli ayrılıqlar var.

Səninlə sözümün çəp gəldiyi olurdu,ana!
Küsüb gedirdim birdən!
Qüruruma boğulub zəng də vurmurdum hərdən...
Dünya əbədiymiş kimi
Günlərlə üzünü görmədiyim də vardı...
İndi qorxu bürüyüb canımı-
O günlərin birində
Səni itirsəm...itirsəm...nə olardı?!
Gördüm ki,
Bir andaca anasını,əzizini itirənlər oldu
Dondum,qulaqlarım tutuldu,
Necə dözəsən o naləyə,fəryada?
Ana!
Nə qəribə ansızın ayrılıqlar varmış dünyada!

AYILASAN,GÖRƏSƏN Kİ...

Ayılasan,görəsən ki,
Gecə keçib,sabahdı...
Taleyinə xəbərsizcə
Gün doğubdu nə vaxtdı...

Bir xoş zəngin sədasına
Gözlərini açasan.
Elə gecə paltarında
Danışmağa qaçasan...

Baxasan ki,sübhə yaxın
Anan şeir göndərib.
Bir neçə xoş kəlmə ilə
Ömrü gülə döndərib...

Hənirtiyə boylanasan,
Odur,gəzir otaqda...
Bir də şirin yuxu tuta
Hələ isti yataqda...

Pəncərədən uzaqlara
Qız qalası görünə
Ciyərinə Günəş dola
Soyuq hava yerinə.

Biləsən ki,durub indi
Düşəcəksən aşağı.
Qabağına kim çıxacaq
Doğma məhlə uşağı.

Yol uzunu dodaqaltı
Söz qoşasan bu günə.
Dostlarına rast gələsən
Ürəyin də sevinə.

...Arzuların çoxu qalmış,
Sözün çoxu deyilmiş.
Ayılanda görəsən ki,
Bunlar yuxu deyilmiş.

SƏNLİ ARZULARIM MƏNİMLƏ YAŞID

Sənli arzularım mənimlə yaşıd,
Bilirəm,bilirəm hardasa varsan.
Hardasa,kiməsə başın qarışıb,
Tələssən,ömrümə gəlib çatarsan.

Saralar sevgimin ağ vərəqləri,
Yazanı dönməsə günün birində.
Üzmüşəm özümü nə vaxtdan bəri,
Həyatın çıxılmaz pillələrində.

Kimsə verə bilməz sənin yerini,
Bu çənli yollarda harayıma çat.
Gəl,oxu məhəbbət şeirlərini,
Bəxtimdən yorulub yatsam da,oyat.

Gəlməsən,gəlməsən sönüb içimdə
Ögey qismətimi qınayacağam.
Hansı yaşda olsan,hansı biçimdə,
Səni görən kimi tanıyacağam.

GECƏNİN SƏSSİZLİYİ

Əli yerdən üzülmüş, unudulmuş bir ada...
Gecənin səssizliyi ona layla çalmada...

Dəniz, səma və sahil - hər yan duman içində...
Gözlərim yol çəkmədə, qəlbim güman içində...

Ay bulud arxasında gülümsəyir kədərlə,
Yuxusuz dalğalar da barışıblar qədərlə...

Hər kəs dənizə küskün - umulan da, uman da..
Hər kəs cavab axtarır bu kimsəsiz limanda.

Bütün gedənlər kimi dönüksən elə sən də...
Düşünürəm, yəqin ki, ölmərəm dönməsən də!..

GÖYLƏR DOLUXSUNANDA

Soyuq həsrət götürür
Bağçaları, bağları...
Budaqlar da saxlamır
Qocalan yarpaqları...

Bağrı yalın torpağın
Qaçır bəti-bənizi.
Ləpələr şahə qalxıb
Silkələyir dənizi.

Bulud qəmə bürüyür
Asimanı bir anda...
Yerin köksü islanır
Göylər doluxsunanda…


Baxış sayı - 11 057 | Yüklənmə tarixi: 01.04.2018 21:23
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031