Zamanı geri qaytarmaq olsaydı - Esselər

Manera.az gənc yazar Gültən Qədirlinin esselərini təqdim edir:
Zamanı geri qaytarmaq olsaydı
Məncə bu barədə çoxlarımız fikirləşib. Çünki hər kəs nə vaxtsa etdiyi səhvi indi düzəltmək istəyir və fikirləşir ki, zamanı geri qaytarmaq olsaydı onda həmin səhvi etməzdi.
Zamanı geri qaytarmaq olsaydı mən üzünü gormədiyim babamın son günlərindən birini geri qaytarardım....Mənim dünyada olmadığım günlərdən birini geri qaytarardım- babamı görmək üçün! Darıxanda həmin günün içində gizlənib babamla bir gün yaşayardım.
Zamanı geri qaytarmaq olsaydı on il əvvələ qayıdardım- atamın sağ olduğu bir günü geri qaytarardım- onda heç vaxt özümü atasız hiss etməzdim!
Zamanı geri qaytarmaq olsaydı nənəmin cavanlıq günlərindən birini bu günə gətirərdim. Nənəmin cavanlığı ilə onun bu gününü görüşdürərdim- nənəmin cavanlığını heyrətləndirərdim.
Zamanı geri qaytarmaq olsaydı....uşaqlıq illərimi geri qaytarıb anamı incitdiyim anları o günlərin içindən çıxarardım- belə olsaydı anamın saçındakı ağ tüklərin sayı daha az olardı.
Zamanı geri qaytarmaq olsaydı, bu ilin sentyabr ayının 18-ini geri qaytarardım. Sevimli Elnarə müəlimə ilə bir şəkil çəkdirərdim...
Zamanı geri qaytarmaq olsaydı...Bəlkə də geri qaytardığım o günlərin birində elə keçmişə qayıdardım..
Sahibinin yolunu gözləyən it
Hər dəfə rayona gedəndə bir it görürdüm yol qırağında- çox vaxt da eyni yerdə.Bu itin sahibinin kim olduğunu isə dəqiq bilmirdim. Bu dəfə kəndə gedəndə öyrəndim ki, həmin it toydan qayıdarkən qəza nəticəsində dünyasını dəyişən
həmyerlimiz Səxavət və Dəyanət qardaşlarının itidir. Tez-tez öz sahibinin məzarı üstünə də gedir. O gün yenə həmin iti gördüm…
Sahibinin məzarını unudub onun toydan qayıdacağı anı gözləyirdi…
Yol qırağında bir it var. Gecə-gündüz yollara baxır o it. Yol gözləyir, bir gün sahibinin geri dönəcəyi günü gözləyir…
İlk və son görüş
Sentyabr ayının 18-i idi və mən anamla yaradıcılıq fakültəsində qeydiyyatdan keçmək üçün Bakı Slavyan Universitetinə getdik. 114 nömrəli otağa girdik. Az sonra Elnarə İmamquliyeva gəldi, adını eşitmişdim, amma birinci dəfə idi onu yaxından görürdüm. Düz bir saat anamla söhbət etdi, suallarıma səbrlə cavab verdi. Yaradıcılıq fakültəsində təhsil almaq istəyim daha da artdı, sənədlərimi təqdim etdim. Gülə -gülə dedi ki, inşallah, düz iki il bir yerdə olacağıq. Dedi ki, dərslərin nə vaxt başlamağını demək üçün mənə zəng edəcək.
...Çox təəssüflər olsun ki, o mənə zəng etmədi. Təəssüf ki, biz iki il bir yerdə olmayacağıq. Cəmi iki gün keçdi. Elnarə xanımın dünyasını dəyişdiyini eşitdim, çox pis oldum, inana bilmədim.
Bir saat ərzində o mənə o qədər doğmalaşdı ki...
Hər gün onu xatırlayıram. Anasız qalmış körpələrini düşünürəm. Mən onu həyatda bircə dəfə gördüm və bu görüş həm də son görüş oldu.
Hər dəfə onu xatırlayanda onun gülümsər çöhrəsi gözlərim önünə gəlir...Gözlərim dolur...
Sahil bağındakı qərənfillər
Bu yaxınlarda Sahil bağında baş verən cinayət hadisəsi mənə cox pis təsir etdi. Həmin vaxtdan öz-özümə deyirdim ki, Allahım, insanlar bu qədərmi qəddarlaşıb? İtin hürməyinə görə də adam öldürərlər? Sonra eşitdim ki, Sahil bağında o bədbəxt hadisə baş verən yerə qərənfillər qoyulub. O oğlanın son dəfə bu dünyaya baxdığı yeri görmək istədim. Yazıçılar Birliyinə gedəndə Sahil bağını başdan ayağa gəzdim, amma qərənfillər qoyulan yer görmədim, fikirləşdim ki, yəqin götürüblər, gör neçə gün keçib üstündən. Bir həftə keçməmiş yenə də yolum ordan düşdü. Birdən qarşımda yerə qoyulmuş qərənfilləri gördüm...Bir neçə dəqiqəliyə ayaq saxladım, o oğlanın ruhunu yad etdim...Həmin anlarda orda baş verən hadisə gözlərim önündə canlandı...Özümə gələndə gördüm gözüm yaşarıb və qorxmuş kimiyəm, elə bil canlı şahidi olmuşam o hadisənin. Aralandım ordan...O oğlanın itini fikirləşdim..Görəsən o it neyləyir indi? Görəsən sahibinin ona görə öldürüldüyünü duyubmu? Görəsən öldürülən o oğlan sevdiyi qıza gül vermişdimi?...Sahibsiz itlərin biri də artdı...