manera.az
manera.az

Sənli xatirələr küçədən keçir - YENİ İMZA

Sənli xatirələr küçədən keçir - YENİ İMZA
Sübhan Vüqar oğlu Rəşidov ( Sübhan Rəşid ) 1995-ci ildə Saatlı rayonunun Dədə-Qorqud kəndində anadan olmuşdur. Hal-hazırda Saatlı rayon Dədə-Qorqud kənd tam orta məktəbində riyaziyyat müəllimi vəzifəsində işləyir. İki şeir kitabının müəllifidir.
Manera.az yeni imza Sübhan Rəşidin şeirlərini təqdim edir:

TƏRK EDƏCƏKDİR

Bəlkə də, mən olsam qəmin aşiqi,
O da, öz gəlişin tərgidəcəkdir.
Nədən qaçmış olsam, fani həyatda,
Yerini ömrümdə bərkidəcəkdir.

Bir hesab öyrədib mənə tənhalıq,
Sözümə bölünsəm, vermərəm qalıq.
Dəryayam, qədrimi bilməyən balıq,
Səhvini quruda dərk edəcəkdir.

Ağacam, ünvanım sevginin bağı,
Bələyib kökümü, qəmin torpağı.
Tutmaram, küləkdə gedən yarpağı,
Payızda onsuz da, tərk edəcəkdir.

KEÇİR

Hər gecə mən səni xəyal edəndə,
Sanki ağ üzündən saça dən keçir.
Şeirlər dəftərə qonaq gedəndə,
Qələm körpü salır, gecədən keçir.

Ömür saatımı belə qurmuşam,
Əqrəbin yerində özüm durmuşam,
Sənin həsrətini rəqəm vurmuşam,
Yaşımı bilmirəm neçədən keçir?!

Sübhanın qəm dinir mənzərəsindən,
Sevinc mürgüləyir qəmin səsindən,
Baxıram düşüncə pəncərəsindən,
Sənli xatirələr küçədən keçir.

YAŞANMIŞ GECƏLƏR

Gündüzlə gecənin məhəbbətindən,
Gecə bir günəşə hamilə qalmış.
Övlad xaric olan vaxtı bətindən,
Zaman da ananın canını almış.

O gündən yağışlar meydana gəlmiş,
Gündüzün qaşları düyünlənəndə.
Anasız övladın dərdi ələnmiş,
Səmadan torpağa qar ələnəndə.

O gündən şimşəyi bulud saxlamış,
Yetimin ahından çaxacaq demiş,
Günəş dənizlərə kəndir sallamış,
Yetimlər yanıma çıxacaq, demiş.

O gündən, hər sabah, ölən gecəyə,
Mən də keçmişimdə məzar qazmışam.
Yaşayan gecələr seçilsin deyə,
Yaşanmış gecələr şeir yazmışam.

TƏRƏFİNDƏYƏM

Səcdəyə gedəndə dərk edirəm ki,
Nəfsimin yox olan tərəfindəyəm.
Dizimi torpağa bərkidirəm ki,
Dünyanın yıxılan tərəfindəyəm.

Dünyanın vəfası, köçümdən keçir,
Boşanma sənəti üçümdən keçir,
Bəşərə enən söz, içimdən keçir,
Hədəfin ox olan tərəfindəyəm.

Suyumu az bilmə, quyum az olsa,
İçənlər çox olub, suyum az olsa,
Sübhan, tərəzidə boyum az olsa,
Hikmətin çox olan tərəfindəyəm.

ÖZGƏNİN QİSMƏTİ

Yenə də mən səni yada salmışam,
Xatirən ilhama gətirib məni.
Mən sənin sevgindən yetim qalmışam,
Fikir övladlığa götürüb məni.

Olmuşam kədərin, qəmin bənzəri,
İçimdə bir qalın dərd meşəsi var.
Sən məni tərk edib, gedəndən bəri,
Ruhumun göz adlı şəlaləsi var.

Qoy deyim hardandır ruhun əziyi,
Arzumdan, üstümə evim yıxıldı.
Sənin barmağına nişan üzüyü,
Mənim talehimə kədər taxıldı.

Sevgidə səhv böldü həyat bölgünü,
Qismət özgə oldu, indi qanmışam.
Bilmədən, düz sənin nişanın günü,
Mən də tənhalığa nişanlanmışam.

"Oxşar cütlüklərik" söyləmə bir də,
Görüş yerimiz də ayrı yerdədir.
Sizin görüşünüz soyuq şəhərdə,
Bizim görüşümüz şeirlərdədir.

Sənsizlik ömrümə oturdu baha,
Bilmirəm, mən sənə yadam, deyiləm?!
Məni öz nişanlım dəyişib daha,
Sənin düşündüyün adam deyiləm.

Eşqimiz ömrümə kəsildi qənim,
Bəxtimi gizlətdi dumanda, çəndə.
Getsən də ürəyim səndədir mənim,
Cehiz lazım deyil sənə, köçəndə.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 123456
78910111213
14151617181920
21222324252627
282930