Hisslərin hesabatı: Göz yaşlarından keçir...- ŞEİRLƏR
![]()
MANERA.AZ Tural Cəfərin şeirlərini təqdim edir:
Ayrılmağın formulu
Ayrılmağın formulu
İlk əvvəl insanlardan
Qəfil soyumağındı.
Yorğun halda saçını
Bikef daramağındı...
Ayrılmağın formulu
Ele də asan deyil,
Ayrılığın formulu
Göz yaşına susmaqdı,
Daha isti olmayan,
Baxışlarda donmaqdı,
Bir də hamıdan xəlvət
İçin-için yanmaqdı,
Özünü tərk edilmiş,
Tamam yalqız sanmaqdı...
Hisslərin hesabatı
Hisslərin hesabatı
Göz yaşlarından keçir.
Bir də qırıq ümiddən,
Özünə qalıq seçir.
Hisslərin hesabatı,
Aya, ilə vurulur.
Böyük yoxlama gedir,
Qəmdən məclis qurulur.
Uzlaşmır xatirələr,
Həsrət uzun sayılır.
Gecə yuxulu şəhər,
Öz-özünə ayılır...
Unutmağın bir yana
Unutmağın bir yana,
Bu soyuq otağımda
Küncdə sıxılıb qalan
Beş-altı xatirəni,
Özünlə aparırsan...
Sənin üçün qiyməti
Olmayan əşya kimi
Onu mənim içimdən
Nahaq sən qoparırsan...
Kilidlənib zamanım
Kilidə düşən zaman,
Keçmək bilmir nə edim.
Özümü itirmişəm,
Bilmirəm hara gedim...
Hardadı axtardığım,
Dəqiq yadımda deyil.
Yalnızlığa təsliməm,
Heç kim yanımda deyil...
Sözün bitdiyi yerdi,
Soruşma ən yaxşısı.
Küsülü qal mənimlə,
Barışma ən yaxşısı...
Etiraf
Sənsizliyi qucaqlayıb,
Üşüdürsən hərdən məni.
Gözlərimə görsənib,
Çıxarırsan dərddən məni...
Ovundurub yalnızlıqdan,
Döndərirsən öz yanına.
Məbədimdi hesret evin,
Ehtiyac var söz duana...
Həyat bizə yazdığını,
Poza bilməz anlayıram.
Səni sevmək qarğısından,
Öz özümü danlayıram...
MANERA.AZ