manera.az
manera.az

bir gün mən də öləcəyəm... - Əli Şirin Şükürlüdən dağınıq düşüncələr

📅 30.01.2018 12:25

bir gün mən də öləcəyəm... - Əli Şirin Şükürlüdən dağınıq düşüncələr

Əli Şirin Şükürlü

dağınıq düşüncələr
(şeir-esse)

bir gün mən də öləcəyəm...
adam öz ölümünə inanmasa da,
bu, bir yəqin hadisə -
ehtimalı da birə bərabər.

qəbrimi qazacaqlar
yəqin ki bir kənd qəbirstanlığında.
dəfn edəcəklər məni Allah qismət eləsə,
yəni itkin düşməsəm; ya bir təyyarə,
ya da gəmi qəzasına uğramasam,
dənizdə batmasam və sairə.

dəfn edəcəklər və inanacaqlar öldüyümə
sonra fikirləşəcəklər nədən öldü,
necə öldü, kim öldürdü.
ola bilsin doğma admlardan
özünü qınayanlar da tapılsın:
qoruya bilmədik onu

amma...
axı insan hər gün öldürür,
hər gündə öldürülür, cənablar.

həmişə düşündüyüm,
amma heç vaxt demədiyim,
heç zaman da deməyəcəyim
bir istək keçər könlümdən:
öncə əllərimə qəbir qazarsınız.

desəm, yəqin ki,
“bunu bir ağıllı adam bilirdik” -
düşünüb də qımışarlar.

əvvəllər qəbri savaba qazardılar.
çox şeyin ucuzlaşıb,
çörəyin bahalaşdığı bir vaxtda
neyləsin qəbir qazan zalım oğlu.

bir zamanlar yazmışdım ki,
ucuzlaşdığına inanmadım göz yaşlarının,
heç inanmadım.

öncə əllərimə qəbir qazarsınız

çünki...
çox zaman hadisələri qoxusu ilə,
adamları əlləri ilə xatırlayıram.
elə əllərindən də tanıyıram adamları.
tanış bir adamın ölüm xəbərini eşidəndə
“əlləri də öldü” - düşünürəm.

axı...
insan daha çox əlləri ilə sevər,
əlləri ilə nifrət eləyər.
elə ən çox da
görüb tanıdığı əlləri olar.

birdən yadıma düşür ki,
möhtəşəm tikinti gedir şəhərimizdə;
təhlükəsizliyi unutmasınlar amma.

sözümün canı bunda deyil.

yoldan ötüb,
işinin dalınca gedən adamlara
müştəri gözü ilə baxan sürücülərdən
soruşmaq istəyirəm hərdən:
bu adamların hara getmək isdədiklərinin
fərqi varmı sizinçün?

sonra ürəyimdən keçənlərə
gülməyim tutar:
əlbəttə, hər bir adama
öz istədiyi daha maraqlıdı –
bunu bilməyə nə var.

bir mötəbər alim adamın yanına
xahişə getmişdim. yaxşı qarşıladı sağ olsun.
dedi: problem yoxdu, müəllim,
təki sən hazırlığını gör,
ayın axırına hər şey düzələr.
düzəlmədi...

hərdən mənə elə gəlir
adamlar daha çox
yalan danışmağa meyillidirlər.

ciddi bir adamdan eşitdim ki,
yaşlı bir cənab
sevgilərindən fəxrlə danışırmış
yaxın dostlarına:
demə, cavan bir “ulduz” möhkəm vurulub ona.
o cavan ... “ulduz”
bu ... qoca cənabı necə sevir axı –
düşündüm.

sadəlöhvlik edirəm hərdən;
sevgi üçün
mütləq və həmişə
sevmək lazımdı ki?
bəzən nifrətdən sevgi,
sevgidən nifrət doğular görərsən.

yenə fikrim dağıldı;
əllərdən danışırdım axı.


bir dostum var incəsənət adamıdı.
üzümə qimişa-qımışa
“yenə gözlərin qızarıb” deyəndə,
birinci əllərimə baxıram.

axı ...
əlləri ilə sevər,
əlləri ilə nifrət eləyər adamlar.
elə axırda da əlləri ölər;
gözümlə görmüşəm
can üstə olan adamın
sonda nədənsə yapışmaq istəyini,
möhkəm sıxılar bir-birinə barmaqları -
yumruğa dönər.

quşlarınsa
qanadları ölər öncə.
öləndə
quşlar üzü aşağı,
balıqlar üzü yuxarı ölər.

qalxar suyun səthinə balıqlar
öləndə.
ləpələr onları sahilə atar.
məzarı qumlu sahillər,
başdaşı
sahilə çırpılan dalğalar olar.

balıqların dəniz istəyi,
quşların göy üzü,
insanın əlləri sonda ölər.

elə qocaldığını da
ilk dəfə
əllərindən oxuyar adamlar.
sonra güzgü qabağına keçər,
bir anlıq unudar əllərini.

unutqanlıq da
hərdən adamın karına gələr.
verdiyi vədə əməl etməyəndə
özünü unudan kimi göstərər,
təki adama yalançı deməsinlər

bəzən də
qəsdən unutmağa çalışar.
“bu da ötər” – düşünüb də
çox şeyi qulaqardına vurar:
itkilər – unut getsin!
xəyanət – unut getsin!
məğlubiyyət – unut getsin!
səfalət – unut getsin!
cəhalət – unut getsin!
----------------------------
amma bir şeyi unutmaz qəti;
kim deyər o nədi?

fikrim yaman dağıldı,
mətləbdən uzaq düşdüm

sözümə
belə başlamışdım axı:
bir gün mən də öləcəyəm ...

elə hamı bir gün öləcək
vahid ehtimalla.

öz ölümünə inanıb da,
ölüm ayağında olan adam
nə düşünər, görəsən.

yenə fikrim dağılacaq,
gözləyin:
inşallah davamı olacaq

***
gecə, səhər və şəhər
(minimalist şeir)

gecə
gecə gecə
gecə gecə gecə
necə necə necə

neçə neçə neçə
gecə gecə gecə
gecə gecə
gecə
səhər

səhər səhər
səhər səhər səhər
şəhər

şəhər şəhər
şəhər şəhər şəhər
insan
insan insan
insan insan insan
şəhər insan insan şəhər
səhər gecə gecə səhər
..................................
sonsuzluq harda bitər?!


MANERA.AZ


Baxış sayı - 2 080 | Yüklənmə tarixi: 30.01.2018 12:25
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031