Əli Şirin Şükürlü - "Uşaq" - MANERA
![]()
Əli Şirin Şükürlü
"Uşaq"
körpədi hələ.
iki dildə danışır; ağlayır ya da gülür.
üçüncü də istisna deyil amma –
çox vaxt nə ağlayır, nə də gülür.
elə diqqətlə baxır gözünü zilləyib bir nöqtəyə,
sanki nə barədəsə dərindən düşünür.
şüuru formalaşır – iradənin qənimi.
iradədi uşaq.
hamı tabedi hələ ki əmrlərinə.
sözlərsiz danışar uşaqlar – səslə, baxışla, hərəkətlə,
nə qədər ki düşməyib sözlərin içinə.
sözə kimi səsdi, baxışdı,
hərəkətdi körpələr.
bağrına basıb körpəsini gənc ana.
sevinir körpə güləndə,
ağlayanda narahatdı, tez əl-ayaq edir.
yeni başlanğıcdı uşaq.
sonda o gənc ananın bətnindən
pərvəriş tapıb faniliyə.
ana bərk məşğuldu sevimli körpəsiylə.
xəbəri yoxdu deyəsən – yaxşı ki yoxdu -
daima sona yuvarlanan, hər an yoxluğa pərçim insanın
daimi yaşamaq istəyini qismən doydurar körpələr.
gənc ana başqa ananın övladıdı.
o ana yaşlanıb azca.
baxır sevincək gah qızına, gah da nəvəsinə.
gənc ana
nəvazişlə seyr edir körpəsini,
öz inikasını görür,
sanki bütün varlığı köçüb
tərtəmiz şəffaf güzgüyə.
körpə - bu şəffaf güzgü
iki dildə danışır hələ ki,
üçüncü də istisna deyil amma.
baxışlarından -
ətrafa marağından bilinir.
ətrafdakılar
bir-birinə aramsız keçidiylə
uzaqlaşır və hardasa gözdən itir...
gözdən yayınmayanlara bax! - keçir baxışlarından
və asta-asta üz alır körpəyə.
körpə yavaş-yavaş üçüncü dildə
danışmağa hazırlaşır: ann-na. an-na. an-a.
bölməyə başlayır “an”ları.
dil açan körpəsinə
sevinir gənc ana.
dil açan nəvəsinə, sevinən qızına
fərəhnək baxır ananın anası
üz-gözündə itirilmiş “an”ların nişanəsi.
... – 15.05.2015
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.