manera.az
manera.az

Xəyalını tikələyib küçələrə səpələmək..- Şeirlər

📅 16.01.2018 20:49

Xəyalını tikələyib küçələrə səpələmək..- Şeirlər

Manera.az jurnalist,yazar Yeganə Cansailin şeirlərini təqdim edir:

QADINLAR

İçlərinə yuvarlanar
içlərinə...
Uçurumlardan yıxılar kimi,
içlərində parçalanar qadınlar...
Nə bədbəxti, nə xoşbəxti?..
Qadın,
qadın olar əvvəlcə...
Qayğıkeş,
kövrək qəlbli...
Kişinin min oyununa,
boyun əyər...
Ürəyində kədər toxumlu,
həsrət cücərdər...
Kor olar,
İşığa ac kimi...
Üşüyər əlləri,
İstiyə möhtac kimi...
İçlərində sınıb,
parçalanar qadınlar...
Qadının nə bədbəxti,
Nə xoşbəxti?..

ELƏ BİLİRSƏN ASANDI?

Elə bilirsən asandı?
Çıxıb getmək...
Bu şəhərin
Hər küncündən
Uşaqlığım sızıldayan
Xatirələri,
Söküb getmək...
Elə bilirsən asandı,
Səni sevmək...
Bu şəhərin yağışını,
Başqa şəhərin
Baharına dəyişib,
Payızının rənglərinə
Tüpürmək...
Yağışının cızıltısını
Küləyinin vıyıltısını
Qulaqlarımdan sökmək,
Kədərinin bozumtulunu,
Dənizinin mavisini,
Yarpağının sarısını
Gözlərində zülmətə batırıb
Çıxıb getmək,
Elə bilirsən asandı?
əllərinin istisini,
gözlərinin qorxusunu,
dodaqlarının pıçıltısını
götürüb getmək,
Elə bilirsən asandı,
Səni sevmək?...

ORDA BİR UŞAQ ÖLÜR

Burda analar,
orda güllələr
öpür,
Uşaqların alnını...
Burda oyuncaqlar,
Orda avtomatlar
Gülümsəyir,
Əllərdə...
sus...
....Sus...
Bax elə indi,
Uçuq evlərin arasında...
bir uşaq ölür...


****
Bəxş etdiyin kədərdən
bir paltar tikdirib
gələcəyəm toyuna...
Yadigar qalan
Qurumuş çiçəklərdənsə
Dolaşıq bəxtim kimi
Bir çələng hörəcəyəm
Sənə toy hədiyyəsi...
Bir içki də gətirəcəm,
Göz yaşlarımdan
Dünyanın heç bir yerində
Görmədiyin, içmədiyin
Acı içki.
Skripkanı da gətirəcəm,
İkimizin “felitsa”sını ifa edib,
Zamanı geri aparmaq üçün...
Gözlərin dolacaq,
Xatirələr aman verməyəcək
-dayan, deyəcəksən
Dönüb gedəcəm.
Sənsizliyimə qayıtmaq üçün...



* * *
Kədərimin sahilində
Dəlmə-deşik
Dərd qayalarında
Göz yaşlarıma sallayıb ayaqlarımı
Seyr edirdim səni,
Atılmış,
Kimsəsiz
...Balıqçı toru
Qatili olduğun dəniz
Son ümidin
Son pənahın.
Cırılmış sinəndən qopan ahlar
Mənim də ahım...
Tanış mənzərə,
İndi səni qurban edir
Sabah onu.
Sahibin insan-
əzəldən belə...



* * *
Qəribə gündür...
Elə bil
Sənin gözlərini səpələyiblər,
Küçələrə,
Adamların simasına,
Ağaclara,
Metrolara.
Hər tərəfdən yaşıl gözlər zillənib
Gözlərimə...
Uşaq səmimiyyəti,
Məmnunluq,
Bir az da yorğunluq
Süzülən gözlər...
Bəlkə də,
Sənsizliyimdi,
Gözlərinə bürünüb
İndi də belə izləyir
Qarabaqara məni...
Bəlkə də, xatirələrindi
Salamlaşmaqçün çıxıblar yollarıma,
Bəlkə də, etdiyin
ən sonuncu pisliyindir
bilmirəm... bəlkə də...



* * *
Dalğalar
Qabarıb çəkildikcə
Tənhalığın uzun akkordlarını
Vururlar sanki...
Bəzən prelüdiya,
Bəzən kaprizlər...
Bəzən də bir qızın
Kədərinə
Sızıldayan skripka...



* * *
Əllər görüşürdü
Gözlər öpüşürdü
əllər toxunurdu
o görüşlərdə...
əllər deyirdi
son sözü
əllər isidirdi
əllərimi
Ayrılığın hərarətini ötürən əllər,
əlvidanı edən əllər...
bu qədər doğma əllər
bu qədər qəddar əllər...
İndi
Başqa bir əl vermir
O hərarəti...
Başqa bir göz
Demir o sözləri...
Başqa bir ürək yaşatmır
O məhəbbəti...



* * *
Sus...
Nə olar sus, danışma.
Çox bezmişəm...
Yalan kəlmələrdən,
Yalan eşqdən,
Yalan görüşlərdən
Gecələr xəyalına bürünməkdən!..
Çox istərəm...
Xəyalını tikələyib,
Küçələrə səpələmək...
Sonra...
“Bu sənsənmi?!” - deyib,
Acizliyinə ürəkdən gülmək,
Qəhqəhə çəkmək.
Sonra da, bir küncə yıxılmaq
Dizlərimi qucaqlayıb,
Fəryad qoparmaq.
“Bu sənsənmi?!”
Qəhərlənmək...
Göz yaşları içərisində boğulmaq...
Gözlərimdə ilişib qalmış
O baxışları da itirərəm deyə
əllərimlə gözlərimi bağlamaq.
O baxışlar, qaçıb getməsin deyə
əbədi kor olmaq,
zülmət dünyamı
daha bir qaranlığa bürümək
səni gözlərimdə gizlədib
Səni görməmək...
Məhəbbətsiz həyat dənizində
Tənhalıq dalğalarına qərq olub
əlvida etmək,
əbədi köçmək...



* * *
Bir cığır var...
əvvəli gözlərimdən başlayan
yanağımdan sürüşüb
çiynimdə bitən,
Xəyalının gəzdiyi,
Bəzən də
Dizlərimə atılıb,
İntihar etdiyi,
Xatirələrinin cığırı...

Tural Adışirinin təqdimatında


Baxış sayı - 1 343 | Yüklənmə tarixi: 16.01.2018 20:49
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031