Başqalarını sevən qadın- Şeirlər

Manera.az Bənövşə Mahmudqızının şeirlərini təqdim edir:
Üzün günə, aya bənzər
Qəm süzülən çaya bənzər
Sənin o baxışların
Susdurduğun qarğışları
Dilləndirər...
Kimisi dilənər
Kimisi üçün dilənər baxışların...
O gözəl baxışlar
Çox kipriyi islatdı
Kipriklərin çox islandı
Dəyər dəyməzə...
Düçar olmusan əzaba
Bəlkə, gəlmisən qəzəbə?
Başqalarını sevən qadın
Dərin, hüznlü baxışların
Başqalarını sevən qadın
O qədər mərhəmətli
O qədər əsalətlisən ki...
Susdurmusan içində yığılıb qalan
Sənə yük olan qarğışları...
Başqalarını sevən qadın
Bir az da özünü sev
Baxışlarındakı kədəri
Səni boğan qəhəri
İçindəki zəhəri
Çıxart, at
Başqalarını sevən qadın
Xoşbəxtliklə çəkilsin adın
Bir az özünü sev
Sonra onu,
Sonra o, sən və ev...
Getmək
Mən səndən getdim...
Elə səndən də getdim...
Bir, iki, üç...
Nə deyim vallah, az getməmişəm.
Az üzməmişəm.
Az üzülməmişəm...
Hə, sevmişəm.
Səni başqa biri gələnə qədər,
səni də digəri gələnə qədər...
Nə gözləyirdin?
Təksən mi?
Müqəddəssən mi?
Yox, əzizim, yox!
Bu dünyada əvəzedilməz kimsə yox!
Bilirsən, qəribə olan nədir?
Səndən sonra gələn əsl sevgidir.
Yəni mən belə sanmışdım...
Hə, aldanmışdım...
Heç vaxt aldanmayan mən...
Sındırdım bu sehri...
Bilirsənmi necə?
Dünyada çox yaxşı aktyorlar var...
Onlara səssiz alqışlar.
Ona görə səssiz ki, qoy həmişə aktyor qalsınlar...
Və bir gün cəzalarını alsınlar...
Bir də sən ey aktyor cənab!
Lap, lap, lap...
Az qalıb
Səndən getməyimə.