Dua edirəm ki, Cek məni tərk etsin! | MANERA.AZ
/manera.az
Mən dünyada tanıya biləcəyiniz ən pis adamam. Adım sizə maraqlı gəlməsin. Milliyətimin və dinimin də bu söhbətə heç dəxli yoxdur. Əsas olan odur ki, hər kəs mənə nifrət edir. Parkda oynayan uşaqlar məni görən kimi analarının yanına qaçır. Zibillikdə eşələnən pişiklərin də məni görən gözü yoxdu.
Şəhərin kasıblar yaşayan məhəlləsində bir otaqlı evim var. Əvvəl bu evdə kirayə qalırdım. Evin kimsəsiz sahibi öldükdən sonra ev mənə qaldı. Qozbel olmağım insanları daha da qorxudur amma evin tavanının alçaq olması mənim günahım deyil. Bütün əşyalarım elə o bir otağdadı. Divarları rütubətdən çatlayıb. Üfunət qoxusu paltarlarıma hopub. İyirmi il öncə aldığım palto yağışdan yağışa yuyulur. Yağış yağanda evin künclərinə döşəmə korlanmasın deyə qab qoyuram. Rütubət bir yandan, su keçirən köhnə ayaqqabılarım bir yandan böyrəklərimi çürütməyə başlayıb. Mənə köhnə paltarlarını gətirən insanlara da nifrət edirəm. Amma əynimdəki paltarlar elə onların gətirdikləri paltarlardı. Evdə ən yararlı alət isə fənəri olan köhnə radiodu. Bu dünyada mənə zövq verən tək şey də elə gecələr xışıltılı mahnılar dinləməkdi.
Bu şəhərdə təkəm. Bu dünyada təkəm. Bütün doğmalarım ölüb ya da ölmüş kimidi. Təkcə Cek adlı bir dostum var. Mənim bu dünyada sevdiyim yeganə ikiayaqlı Cekdir. Bütün ikiayaqlı insanlar məni tərk edib amma bilirəm ki, Cek bunu istəsə də edə bilməz. O şikəstdi və evdən çölə addımını ata bilmir. İşləmirəm. Bütün günü şəhərin tünlük olan küçələrində gəzişirəm. İzdihamın arasında özümü unudub, az da olsa tanımadığım adamların həyatına girə bilirəm. Xoşbəxt görünən insanların hamısına nifrət edirəm. Onlar da bədbəxt olsaydı bəlkə daha rahat olardım. Öz xoşbəxt keçmişim isə keçmişdən də keçmişdə qalıb. Əsrlərin yalnızlığını yaşayıram.
Hər dəfə fərqli dükanlardan siqaret, çörək oğurlayıram. Pula demək olar heç ehtiyacım olmur. Restoranların, kafelərin yaxınlığındakı zibil qablarından nə tapsam torbama yığıram. Pizza qalıqları, salfetkaya bükülmüş salatlar... Bəxtim gətirdiyi günlərdə dişlənmiş toyuq budu da tapıram. Cek toyuq budunu çox sevir.
Səhərlər evdən çıxanda onu darıxmasın deyə pəncərənin yanına gətirirəm. Axşamlar isə evə qayıtmağa üzüm də gəlmir. Amma tapdıqlarımı Cekə aparmalıyam. Həyətin qapısını açanda başını qaldırıb mən tərəfə baxır, sonra heçnə olmamış kimi yenidən başını pəncərəyə söykəyir. Onun bu vəziyyətdə olmasına səbəb mənəm deyə məndən küssə də, məni tərk edə bilmir.
Keçən gecə tapdığım yeməkləri süfrəyə düzürdüm.
- Hə, dostum, bu gün bəxtimiz yaxşı gətirib. İki yarı dişlənmiş bud və demək olar ki, bütöv bir pizza.
Həmişəki kimi heç nə demədən mənə baxdı və yenidən üzünü çevirdi. Onu qucağıma alıb stulda əyləşdirdim.
- De görüm günün necə keçib. Darıxmamısan?
Yenə cavab vermədi. İki ildir hər axşam süfrə arxasında demək olar ki, eyni səhnələr yaşanır. İki ildir mənə baxışları ilə həmin hadisə gününü xatırladır. Məni tərk etməsin deyə onu bilərəkdən bu hala salmışdım. Hər gecə mənə baxanda danışmasa da gözlərindən "Mən onsuz da səni tərk etməyəcəkdim" dediyini anlayıram. Hər gecə süfrədə yemək yeyəndə onun yaşla dolmuş gözlərini görmək mənə ölümdən də ağır gəlir.
Mən dünyanın ən pis adamıyam. İki il əvvəl - hələ bu evdə kirayə yaşadığım vaxtlar işlərim heç yaxşı getmirdi. Yenicə evləndiyim həyat yoldaşım məni tərk etmişdi. Elə Cek ilə də o gün tanışmışdım. Həmin gecə şəhərdəki yeməkxanalardan birində yaxşıca içdikdən sonra sərxoş halda evə qayıdırdım. Yolda Cek ilə rastlaşdım. Onu neçə illərdir tanıyırmış kimi qucağlayıb ağlamışdım. Mənə o qədər doğma gəlmişdi ki, sanki bütün həyatımı əzbərə bilirdi. Sonra o məni evə qədər ötürdü. Elə bərabər evə daxil olduq.
Bütün gecəni içərək Cekə dərdlərimi danışdım. Cek mənim yatağımda yuxuya getmişdi. Mən də yatacaqdım amma səhər oyananda Cekin də məni tərk edəcəyini düşündüm. İçimi qorxu bürümüşdü. Həyat yoldaşım məni tərk edən son insan, son ikiayaqlı olmalı idi. Həmin gecə Cek məni tərk etməsin deyə iki ayağını kəsdim. Ayaqlarına çəkdiyim hər bıçaqda onun zingiltisi hələ də qulaqlarımdadı.
O gündən sonra Cek heç bir dəfə də olsun hürməyib. Hərdən onun məndən çox məni tərk edənləri günahlandırdığını düşünüb özümə təsəlli verirəm. Hər gecə yatmamışdan öncə dua edirəm ki, səhər oyandığımda Cekin də məni tərk etdiyini görüm. Onda bilərəm ki, tamam təkəm və bir gün hansısa küçədə aclıqdan ölməkdən qorxmaram.
Manera.az