“Son zəng” günü Anardan utandım ... - Yusif Hansen - MANERA
Yusif Hansen
Məktəbi bitirdiyim 2005-ci il idi. 11-ci sinfi bitirən uşaqların qəribə bir xoşbəxtlik hissi, simalarında gülüş olur. Mən də məzun olduğum ili bəlkə də heç zaman unutmayacam. Adətən insanlarda xoş xatirələrlə xatırlayır. Amma mən əksinə....
Məzunlar adətən “Son zəng” və ondan sonrakı məzun gecəsi ilə məktəblə vidalaşır. Bizimki də elə digərlərindən fərqlənmədi.
O gün məktəbdə keçirilən “Son zəng”ə həvəssiz getmişdim. Məktəb illərim əziyyətli, çətin olduğundan tezliklə canımı məktəbdən qurtarmağı arzu edirdim. Tədbir yaxşı keçmədiyi üçün də sona çatmamış oranı tərk etdim. Axşam da restoranda keçiriləcək “məzun gecə” olacaqdı.
Məzun gecəsinə geyinəcək yeni heç nəyim yox idi. Hətta gündəlik geydiyim ayaqqabım da artıq istifadəyə yararsız idi. Sinif yoldaşlarımın bəzənərək, dəbli geyinərək gələcəyini düşünmək mənə işgəncə idi. Kök vaxtlarımdan qalan, alındığı zaman böyüyəcəm deyə bir az da əynimə böyük seçilən, köhnə və içində üzəcək qədər yekə olan kostyumu geyinməyi düşünürdüm. Başqa əlacım yox idi. Ayaqqabı məsələsi ilə naməlum idi.
Axşam getməyə bir saat qalmış anam məni ticarət mərkəzinə aparıb 5 manata yay ayaqqabısı aldı. Evə gələndən sonra 6-7 il ərzində məktəbə hər gün növbə ilə geyindiyim 2 ağ köynəkdən birini ütüləyib geyinməyə verdi. Geyinib hazır dayanmışdım. Sinif yoldaşım Anarla birgə gedəcəkdik.
Anar gəldi. Ayaqqabılarımı geyinib çölə çıxdım ki, gedək. Pilləkənləri düşməyə başlamışdıq ki, illərlə həyatımızı cəhənnəmə çevirən, son qəpiyinə qədər pulumuzu alan, bədənimdə onun qanı axdığına hər zaman utanacağım “nənəm” qapının ağzında peyda oldu. Birdən eşitdiyim sözlər məni hərəkətsiz dayanmağa məcbur etdi. Qızardım, Anardan utandım. Həmin sözlər isə bunlar idi: “Sən bir buna bax. Nəşəxorun oğlu da "veçerinka"ya gedərmiş. Harasına yaraşır bunun.”
Anarla pilləkənləri düşüb restorana getdik. Gecənin tez bitməsini və ordan çıxıb getməyimi çox arzulayırdım. Yaxşı geyinmiş uşaqların ayaqqabılarına, geyimlərinə baxanda özümə nifrət edirdim, utanırdım. Sanki bu uşaqların arasında həmin vaxt olmağım mənim üçün işgəncə idi. Bütün gecəni oturdum, nə rəqs etdim, nə güldüm, nə də sevindim. Sadəcə vaxtın tez keçməsini və oradan getməyimi gözləyirdim. Gecə bitməmiş Anarla restorandan çıxdıq və evimizə getdik.
“Nənəm” anamı yerlilərimiz olan Bakılı bir ailəyə qızının istəmədiyini nəzərə almadan ərə vermişdi. Sonra da qızının ailəsini dağıdaraq gətirib yanında saxlamışdı. Anamın qazancını hər qəpiyinə qədər alar, bizim günümüzü qara edərdi. Yerlilərimizin də bir xasiyyəti var ki, boşandıqdan sonra qızın anası bir zamanlar özləri seçdiyi oğlanı nəşəxor, avara adlandırırlar. Elə olmasa da...
Atamın sifətini isə heç görməmişdim. Hələ mən lap körpə olanda məndən imtina etmiş, aliment verməmək üçün boşanma zamanı məhkəmədə uşağın ondan olmamasını bildirəcək qədər şərəfsiz biri olmuşdu.
Məzun gecəsinin video-kasetlərini aldıqdan sonra aparıb mətbəxdəki şkafa atmışdım. Elə indi də ordadır. Video-maqnitofonum da olmayıb baxım. Həm o səbəbdən, həm də həmin gecəni xatırlayıb bir daha üzülməmək üçün "Son zəng" kasetlərimə heç baxmamışam...
Manera.az