manera.az
manera.az

"Mir Cəlalın hədiyyəsi" - MANERA


"Mir Cəlalın hədiyyəsi" - MANERA

"Mir Cəlalın hədiyyəsi"
(hekayə)


Bayaqdan pəncərə qarşısında dayanıb, qar dənəciklərini seyr edə - edə sabahkı tədbirdə nədən danışacağımı düşünürəm... Bayırdakı şaxtalı və qarlı hava məni çəkib düz 56 il əvvələ, 1958-ci ilin soyuq bir qış gününə aparır...

Onda hələ, I kursda oxuyurdum. On doqquz yaşım tamam olmamışdı. Bir çoxları kimi mənim də atam müharibədən qayıtmamış, yetimçilik və kasıbçılıqla qol-boyun olub, bir təhər bu günümə yetişə bilmişdim. O vaxtlar qara dam adlanan torpaqdan qazma evimizdə, çıra işığında anamın yanıqlı bayatılarını dinləyə-dinləyə , bir qarın ac, bir qarın tox nicat yolumu vərəqləri saralmış, ərpimiş kitablarda tapmışdım. Yalnız kitablar məni xilas edə bilərdi. Xilas etdi də... Əvvəl-əvvəl kitablar məni qaranlıq quyunun dibindən çəkib çıxartdı. Sonra da işləməkdən qançır-qançır olmuş əllərimdən tutub işıqlı bir dünyaya - universitetə gətirdi... Universitetdə də biri-birindən müdrik, biri-birindən işıqlı müəllimlərim məni təkcə elm zirvəsinə deyil, həm də insanlıq zirvəsinə ucaltdılar... İndi sabah belə müəllimlərimdən birinin - Mir Cəlalın xatirə gecəsində çıxış etməliyəm. Onun haqqında günlərlə danışsam belə, işıqlı xatirələrim bitib-tükənən deyil. Sabah hansı xatirədən bəhs edəcəyimi isə hələlik qətiləşdirə bilmirəm. Lakin bir xatirə anı var ki, .. onu mütləq danışacağam...

1958-ci ilin soyuq qış günü idi. Birinci kursda oxuyurdum. Mir Cəlal müəllimin dərsi idi. Dərs danışmağa çıxdım. Hündürboylu, arıq, utancaq bir oğlan idim. Cəlil Məmmədquluzadənin əsərlərindən həvəslə, uca səslə bəhs edirdim. Müəllimin diqqətini cəlb edə bilmişdim. O, maraq dolu baxışlarını bir an belə məndən yayındırmırdı. Gah hündür boyumu, gah da cırıq botinkalardan çıxan barmaqlarımı süzürdü. Birdən nəzərlərini məndən ayırıb pəncərəyə yaxınlaşdı. Bir qədər yağan qarı seyr etdikdən sonra dönüb mənə yaxınlaşdı. Mehribancasına əlini çiynimə qoydu:

- Sən istedadlı tələbəsən, mühakimələrin dolğun və dürüstdü. Özün də yaxşı oğlana oxşayırsan - deyib, qayğılı-qayğılı gülümsündü.

- Keç əyləş, adın necə oldu?..

- Adil - deyə ,inamla cavab verdim.

- Tənəffüsdə kafedraya, yanıma gələrsən deyib, astadan qulağıma pıçıldadı... Zəng vuruldu. Mir Cəlal müəllim bir daha mənə baxıb, sinifi tərk etdi. Anladım ki, getməliyəm. Kafedrada məni gözləyəcək...

Utancaq olduğumdan, ayaqlarımı zorla sürüyə-sürüyə kafedraya yaxınlaşdım. Bir qədər qapının yanında dayanıb, özümü ələ aldım. Qapını açdım. Məni gözləyirdi.
- Əyləş! Deyib, mehribancasına yer göstərdi.

Onunla üzbəüz əyləşdim. Bir qədər məndən sorğu-sual etdikdən sonra, gələcəkdə savadlı bir elm adamı olacağımdan, xalqıma xeyir verəcəyimdən danışdı. Onu dinlədikcə heç zaman üzünü görmədiyim atamı xatırladım. Içim qürur hissiylə süsləndi. Ürəyim dağa döndü. Sonra o, kağıza bükülü pulu mənə uzadaraq:
- Havada şaxta var, ayaqlarını don vurar. Elə indi gedib, özünə qış ayaqqabısı alarsan...

Sözlərini tamamlamağa imkan vermədim. Pulu da götürmədim. Qapını açıb, bir andaca otağı tərk etdim. O, sakitcə, heç nə demədən arxamca baxırdı...
Həmin gün özümü çox narahat hiss etdim. Dünya gözlərimdə qara rəngə boyanmışdı. Haradasa taleyimi qarğadım. Atasızlığım yenidən məni öz ağuşuna aldı. Lakin bir şey məni daha çox üzürdü. Mənə qarşı bu qədər diqqətli olmağına rəğmən, müəllimimə qarşı hörmətsizliyim. Düşünürdüm ki, gərək pulu götürməsəm də, bunu mədəni şəkildə edəydim. Birdən-birə müəllimimə arxa çevirib, otağı tərk etməyəydim... Bu hisslər məni rahat buraxmırdı. Sabah dərsdə Mir Cəlal müəllimin üzünə necə baxa biləcəyimi qərarlaşdıra bilmirdim...

Sabahkı dərsdə heç nə olmamış kimi, Mir Cəlal müəllim mənimlə həmişə olduğu kimi davrandı. Bir dəfə də olsun ayağıma – cırıq botinkama baxmadı. Nədənsə günlər ötdükcə ona – müəllimimə qarşı hisslərim daha da doğmalaşırdı. Bütün bu imkanları isə mənə, onun özü yaradırdı. Getdikcə onun ürəyinin böyüklüyünü daha aydın görürdüm. Onu seyr etdikcə müəllim olmaq istəyim bir az da alovlanırdı.

Həmin hadisədən iki ay ötüb keçmişdi. Bir gün də,.. Demə, həmin gün mənim ad günüm imiş. Düzünü desəm hansı gün doğulduğumu çoxdan unutmuşdum və heç qeyd də etmirdim. Cib boş, qarın ac, səni üzürsə ehtiyac, nə ad günü?!. Həmin gün sonuncu dərs M. Cəlal müəllimin dərsi idi. O, sinifə daxil olarkən əlində bir bağlama da var idi. Dərs o qədər maraqlı oldu ki, nə zaman zəng vurulduğundan xəbərimiz olmadı... Müəllim hələ də sinifdə idi. Biz tələbələr isə müəllimdən qabaq heç vaxt sinifi tərk etməzdik. Bu ara M. Cəlal müəllim bağlamanı qoyduğu yerdən götürdü. Üzünü bizə tutaraq, gülümsündü:

- Uşaqlar, deyirsiniz, bu gün Adilin ad günüdür, eləmi?!.

Hamı təəccüblə mənə boylandı. Elə özüm də təəccübləndim. Yalnız bir nəfər - qrup yoldaşım Vidadi gülərək:


- Bəli, müəllim Adilin ad günüdür, deyə, bildirdi. Indi xatırladım ki, iki həftə öncə Vidadi məndən tərcümeyi- halımı soruşmuşdu... M. Cəlal müəllim sözünə davam etdi:

- Gəlin, çalışqan və intizamlı bir tələbə kimi Adili ad günü münasibəti ilə alqışlayaq!

Hamı əl çaldı, məni təbrik etdilər. Sonra müəllim bağlamanı – ad günümə hədiyyə kimi mənə təqdim edib, sinifi tərk etdi...

M. Cəlal müəllim mənə bahalı bir ayaqqabı almışdı. Elə bil ayağımın üstündə tikilibmiş. İsti və yaraşıqlı idi. İndi anladım ki, vaxtilə Vidadinin tərcümeyi- halımı soruşmağı da, M. Cəlal müəllimin “qurğusu” imiş...

Axır ki, cırıq botinkadan canımı qurtara bildi... Günlər otdükcə yetimçiliyin və atasızlığın acı burulğanından azad olmağa başlayırdım. Özümü daha inamlı və arxalı hiss edirdim. Beləcə təhsilimi başa vursam da, universiteti tərk edə bilmədim. Bu isti və işıqlı ocağa əbədi bağlandım. Bütün bunların əsas səbəbkarı isə o, idi - M.Cəlal müəllim!

İndi 75 yaşım var, professoram. Deyilənə görə yaxşı insanam. M.Cəlal müəllim kimi...
... Pəncərənin o üzündə narın-narın qar yağır. Pəncərənin bu üzündə hələ də həyacanımı boğa bilmirəm. Sabah, Mir Cəlal müəllimin xatirəsinə həsr olunmuş tədbirdə, onunla bağlı xatirələrimi dilə gətirəcəyəm...

Vahid Aslan

Manera.az

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123456
78910111213
14151617181920
21222324252627
28293031