manera.az
manera.az

Könlüm evi mömindi, sevgidi qibləsi..- Şeirlər

📅 04.11.2017 21:05

Könlüm evi mömindi, sevgidi qibləsi..- Şeirlər
İlham Qəhrəmanın şeirləri

QUDURUB ÇİYNİNƏ AĞIZ ATASAN
(“acının şəkli” filmi)

Kömür nəmi çəkən kimi
canın çəkdiyindən acıyar bir gün,
Çəkdiyin canında yuva eyləyib,
dişini üstünə qıcıyar bir gün.

Hava bağlayarsan, havan çatışmaz,
Yediyin-içdiyin dönər zəhərə...
Günlərin bir günü
ya dəli, ya havalı kimi
durub girərsən şəhərə.

Bir cındırlı pir misallı,
cır-cındır geyib əyninə,
Hərdən qudurmuş vəhşitək
ağız atarsan çiyninə...

Başlayar şəhərin hoydu-hoydusu -
Kim ağaca əl atar, kim basar daşa,
Haşa söyləyərlər - səndən min haşa!
Hər kəs barmağıyla tuşudub səni -
Qısqırdar üstünə bütün itləri.
İtlər yer-yerdən cumar üstünə,
Bir adam deməz ki, tutun itləri.
Bu it bəs kimin itidi,
dişləri belə itidi –
çənəsində gör bir neçə “xəncəri” var?!
Görərsən dalınca düşən itlərin
hamısının boynunda zənciri var.

Qaranəfəs qaçan yerdə
Eşidilməz - kim nə dedi, nə danışdı.
İtlər səmtinə çatanda
görərsən hamısı tanışdı, -
Bu dişin qıcırdan qanığınacan,
Bu zəncir gəmirən əniyinəcən.
Bir dalanda bərk qorxarsan,
Sonra sevinərsən – sən durdun,
şükür, itlər də yavaşıdı!
Görərsən bu itlərin zəncirini
tutan düzmə düzənlər başıdı.
...Yaxında biri dayana,
əlində də kamerası...
“Nə baş verir?” - deyənlərə
deyə ki, “film çəkilir.”
Bir başqası da qayıda –
film yox, zülüm çəkilir.
28.06.2016

ƏRBƏ

Könlüm evi mömindi,
sevgidi qibləsi
Sən bir gülsən,
ürəyim gül ərbəsi.
11.06.2016

BİLMƏSİN

Bu günlər ölmək istəmirəm,-
Ona bir söz dedim cavab vermədi,
Mənim dilimdə “gəlsin” bitdi,
onun dilindən qıfıl götürülmədi
yolumu kəsdi “gəlməsin”.
Birdən ürəyinə salar,
dərdindən öldüyümü bilməsin.
12.06.2016

QORXULU ŞEİR

Uşaq kimi durub bir gün
Bərəldəsən gözlərini,
Ağız-burnunu əyəsən.
Evinin yerini bilsən,
Gedib qapısın döyəsən.

Qapı açıla:
– Bismillah!
Bu nə sir-sifətdi, Allah?!
Geri çəkilə qorxudan...
Şübhə ilə baxa sənə -
bu adamdı, yoxsa xortdan?!
29.12.2016

BƏXTƏ-BƏXT

Hər şey bunca sadə, hər şey çox bəsit, -
Üstə şah əyləşsə, taxta taxt olur.
A bədbəxt, bəxtini qarğıma belə,
Bəxtin bəxt olması bəxtə-bəxt olur.
21.01.2017

HƏYAT

Həyat, telli balam,
ağlı-qaralı naxışdadı,
Onun bir adı da
sevdiyi şirədə
qərq olan qarışqadı.
01.03.2017

ZƏHRA İLƏ SEVGİ SÖHBƏTİ

-Dədə!
-Can dədə!
-Dədə, ana sevgisi nədi?
-Evin altıdı, telli balam!
-Dədə, ata sevgisi nədi?
-Ağacın altıdı, telli balam!
-Dədə, Allah sevgisi nədi?
-Göyün altıdı, telli balam!
25.10.2017

TƏNHA QADININ ÜRƏYİNDƏKİLƏR
(ünvanlı)


Allahın altında o olaydı, telli balam,-
gecələr təklikdən üstümə yeriyən
daş-divar yerində duraydı!
Elə bilərdim o şahdı,
bu evim də saraydı!

Nə istəsə, nə desə, baş üstə!
Hər istəyinə müntəzir durardım,
Qıymazdım əyilə -
Çəkmələrinin ilgəyini də vurardım.

Paltarım da təklik çəkir, -
paltarımı paltarının yanından asardım,
ayaqqabılarımızı bir yerdə cütləyərdim,
O olsaydı, telli balam, nə dərdim?!

O olsaydı, telli balam,
Əl saxlamaz – dayanmazdım,
od üstündə qazan kimi qaynayardım.
Qırıq düyməsini tikmək bəhanə olardı,
eləcə paltarıynan oynayardım.

O qədər ağlamışam təkliyimə
ta gözümdən yaş çıxmır,
Elə bilirlər yanımlığım yoxdu.
Hər şey var, telli balam,
xanımlığım yoxdu.

Əhdim vardı,
Gecə bir şam yandırıb
qol-boyun rəqs edərdim.
Hərdən lal dilinən bir öpüşlə
sevgidən bəhs edərdim.

Bəzən şadlığımdan şitdiyim tutaydı
qəzəbli gözlərini üstümə güllə çəkəydi,
yenə dayanmayaydım - əsəbləşəydi -
mənə bir sillə çəkəydi.

Telli balam, nə olardı
mən də onun axtardığı
qadın çıxaydım.
Toyların nəmər, yasların yas siyahısından
adım çıxaydı.

Mən də bilərdim kimi danışdıracam,
kimi bezdirəcəm, küsdürəcəm.
Çolpa alanda fikirləşməzdim
Bunu kimə kəsdirəcəm?!

Kitab kimi hər vərəqində olaydım -
nida, sual, nöqtə, vergül...
Məndən küsüb evdən çıxan gün
qayıdıb gələydi əlində bir gül!

O evə gec gələndə üzümü yan tutaydım,
mısmırığım yer süpürəydi,
qaş-qabağım göy
özümü göstərəydim – küsmüş...
Qoymazdım cibindən
üzülsün ləpə-kişmiş.

Telli balam, onsuz alınmır eee,
sola dolanırsan, sağa çıxırsan!
Halal qazancımdan cibinə qoyaydım
Etiraz edəndə yadına salaydım –
kişisən, ortalığa çıxırsan!

Görəydim mənim də əlim işə yatır,
Görəydim mənim də başım qarışır..
Məni qınama, telli balam,
təklik tək Allaha yaraşır!
02.11.2017


Baxış sayı - 2 022 | Yüklənmə tarixi: 04.11.2017 21:05
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031