manera.az
manera.az

TDT-nin 13-cü Zirvə Görüşü keçirilib: Azərbaycan sədrliyi Türkiyəyə təhvil verib

📅 30.10.2026 17:26

TDT-nin 13-cü Zirvə Görüşü keçirilib: Azərbaycan sədrliyi Türkiyəyə təhvil verib

Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşü keçirilib. Zirvədə Azərbaycanın təşkilata sədrliyi Türkiyəyə təhvil verilib.


Manera.az xəbər verir ki, oktyabrın 30-da keçirilən Zirvə Görüşü “Türk əsri: Dildə, fikirdə və əməldə birlik” şüarı altında təşkil olunub.

Tədbirdə Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyətinin prezidentləri iştirak ediblər. Azərbaycanı Zirvədə xarici işlər naziri Ceyhun Bayramov təmsil edib.

Zirvədə çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın sədrliyi Türkiyəyə təhvil verdiyini bildirib. O, təşkilatın indiyədək qazandığı institusional təcrübənin yeni nailiyyətlərə çevrilməsinin hədəfləndiyini vurğulayıb.

Azərbaycan adından çıxış edən xarici işlər naziri Ceyhun Bayramov ölkənin sədrliyi dövründə göstərilən dəstəyə görə üzv dövlətlərə təşəkkür edib və Türkiyəyə yeni sədrliyi müddətində uğurlar arzulayıb.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türk Dövlətləri Təşkilatı çərçivəsində münasibətlərin inkişafına və türk xalqları arasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsinə verdiyi töhfəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.

Qırğızıstan Prezidenti Sadır Japarov da Azərbaycanın sədrliyi dövründə təşkilat daxilində əməkdaşlığın inkişafını və birgə təşəbbüslərin həyata keçirilməsini yüksək qiymətləndirib.

Zirvədə iqtisadi əməkdaşlıq, nəqliyyat və logistika imkanları, Orta Dəhlizin inkişafı, rəqəmsal bağlantılar və türk dövlətləri arasında strateji tərəfdaşlığın genişləndirilməsi məsələləri də diqqət mərkəzində olub.

Tədbirin yekununda TDT-nin 13-cü Zirvə Görüşünün birgə bəyannaməsi – Ankara Bəyannaməsi imzalanıb. 163 maddədən ibarət sənəddə regional bağlantılar, müdafiə sənayesi, ortaq əlifba və nəqliyyat dəhlizləri daxil olmaqla müxtəlif sahələrdə əməkdaşlığın gücləndirilməsi nəzərdə tutulur.

Bundan əlavə, təşkilatın yeni Baş katibi vəzifəsinə Özbəkistanın nümayəndəsi Mirvoxid Azimovun təyinatı təsdiqlənib.


Baxış sayı - 15 | Yüklənmə tarixi: 30.10.2026 17:26
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1234
567891011
12131415161718
19202122232425
262728293031