manera.az
manera.az

Torpaq-sinəsində ayaq izləri, biz onun qoynunda var axtarmışıq-ŞEİRLƏR

Torpaq-sinəsində ayaq izləri, biz onun qoynunda var axtarmışıq-ŞEİRLƏR

Manera.az tanınmış şair Vasif Süleymanın tədqimatında Şamxal Rüstəmin şeirlərini və onun haqqında yazısını təqdim edir:


Uzun müddətdir ki, ədəbi cameədən uzaq düşüb. Elə əvvəllər də çap olunmaq üçün qapı-qapı gəzməzdi. Adamın xislətində var təvazökarlıq. Zamanında çap olunan şeirləri özünə əbədi oxucularını çoxdan tapıb. Şamxal Rüstəmi deyirəm… O Şamaxl Rüstəmi ki, indi harada olduğunu, nə iş gördüyünü özündən savayı bir kimsə bilmir. Amma canındakı ağrıları onu addım-addım müşayiət edir. Özünün dediyi kimi: Səma bulud-bulud, yer xəzəl-xəzəl...
Mənim indi təqdim etdiyim şerilər də bir vaxtlar yaddaşıma əbədi həkk olunanlardır:

Vaxtında boşalar hər dolan bulud,
Şimşəklər nə bilər çaxmaqdan özgə.
İnsan sevincinə gecikmək olar,
İnsan harayına çatmaqdan özgə-
Siz məni heç nəyə tələsdirməyin.

Özünə biganəlik böyük bəladır,- düzdür. Te-tez eşidirik ki “Şamxal Rüstəm” özü öz qədrini bilmədi”. Biz oxucular üçün belə gözəl şeirlər yazan Şamxalın qədrini biz bilək. Biz bilək ki, heç nədən asılı olmayaraq, ədəbiyyatımızda bir Şamxal Rüstəm həqiqəti var.
Vasif SÜLEYMAN

Şamxal RÜSTƏMin şeirləri

BİRCƏ BİLƏYDİM

Adını anmadığım babamın, nənəminmi,
Oduna yanmadığım qonşu qız Sənəminmi…
Eh, qəlbini qırdığım nə bilim, yüzmü, minmi,
Bircə biləydim məni kimin qarğışı tutdu.

Yetməmişəm çətində çox doğmamın dadına,
Çoxunu unutmuşam, çoxu gəlmir yadıma.
Bir quzu kəsilibmiş doğulanda adıma,
Bircə biləydim məni kimin qarğışı tutdu.

Hər çiçəyi, hər gülü leysan yağışı tutmaz,
Xata hər ömrü tutmaz, bəla hər başı tutmaz.
Süd əmmişəm döşündən, ana qarğışı tutmaz,
Bircə biləydim məni kimin qarğışı tutdu.

SİZ MƏNİ HEÇ NƏYƏ TƏLƏSDİRMƏYİN

Vaxtında gəlibdi ürəyə ağrı,
Saçımın dəni də vaxtına düşüb.
Dünyada heç nədən gileylənmərəm,
Dünyaya gəlişim ağ günə düşüb-
Siz məni heç nəyə tələsdirməyin.

Vaxtında boşalar hər dolan bulud,
Şimşəklər nə bilər çaxmaqdan özgə.
İnsan sevincinə gecikmək olar,
İnsan harayına çatmaqdan özgə-
Siz məni heç nəyə tələsdirməyin.

Hələ nə yazmışam, hələ nəyim var.
Dağ yüklü bir ömrün enişindəyəm,
Hələ zirvələrlə döyüşməyim var-
Siz məni heç nəyə tələsdirməyin.

Vaxtında gəlibdi ürəyə ağrı,
Saçımın dəni də vaxtına düşüb.
Taledən hərəyə bir pay düşəndə,
Mənim də gecikmək baxtıma düşüb-
Siz məni heç nəyə tələsdirməyin.

QUŞLAR ÇÖP DAŞIYIR YUVA QURMAĞA

Xoş gəlib, bu ilin yazı xoş gəlib,
Yığılıb yollardan boran, qar daha.
Ana təbətə yır-yığış gəlib,
Quşlar çöp daşıyır yuva qurmağa.

Çiçəklərə layla çalır küləklər,
Dəyişir səma da, yer də təzədən.
Təzə məhəbbətlə, təzə ürəklə,
Köhnə yurd yerində bir də təzədən-
Quşlar çöp daşıyır yuva qurmağa.

Sən də sapandını saxla, ay uşaq,
Hər quşun könlündə bir murazı var.
Ovcuna sıxdığın o qara daşa,
Yarımçıq bir evin ehtiyacı var-
Quşlar çöp daşıyır yuva qurmağa.

Həzinlik bürüyüb aranı, dağı,
Bir baxın, necə də kövrəlmişik biz.
Ev-eşik tikməyi, yuva qurmağı,
Bəlkə də quşlardan öyrənmişik biz-
Quşlar çöp daşıyır yuva qurmağa.

Xoş gəlib, bu ilin yazı xoş gəlib,
Yığılıb yollardan boran, qar daha.
Ana təbətə yır-yığış gəlib,
Quşlar çöp daşıyır yuva qurmağa.

BU DÜNYANIN ÖLÜMÜ VAR MİN CÜRƏ

Durnaların qatarında gözüm var,
Ürəyimdə neçə qatar söüm var.
Bu dünyada mənim bircə üzüm var,
Ha varaqla, ha soraqla, ha sına.

Dünya bənzər bir qalacıq bürcünə,
Sığınmışam bir balaca küncünə.
Bu dünyanın ölümü var min cürə,
Mən görəsən tuş olacam hansına.

NİYƏ QOPDU TUFAN

Niyə qopdu tufan, niyə yağdı qar,
O, gələsiydi.
Niyə gözlərini sıxdı buludlar,
O, gələsiydi.

Gecikdi, yollara qar yağıbdı, qar,
Tənhayam, soyuğam, buzam, ay gecəm.
Gözləri yol çəkən de, necə yatar,
Bir şirin nağıl tək uzan, ay gecəm.

Sevəni qorxutmaz nə qar, nə yağış,
Sevirsə, deməli, boranda gələr.
Gözlərəm, dözərəm, səhərə yaxın,
Hicran ürəyimi sıxanda gələr.

Yollarda, izlərdə tufan var, hələ
Demək gəlişinə güman var, hələ.
Güman var hələ!

Ulduzdan od yanıb yanır asiman,
Göydə ay doğub.
Qapımı döydülər, odur ya tufan,
Deyəsən odur.

TORPAQ

Duman pərdə çəkir qürub yerinə,
Torpağa endikcə soyuyur günəş.
İnanıb andına, sədaqətinə,
Torpağın köksündə uyuyur günəş.

Antey də torpaqdan aldı hünəri,
Dizinə güc gəldi, gözünə işıq.
Torpaq-sinəsində ayaq izləri,
Biz onun qoynunda var axtarmışıq.

Ağrıdan sinəsi olubdu dağ-dağ,
Könlündən min aləm keçirmişik.
Çox zaman bizdəki etibara bax,
Ona su yerinə qan içirmişik.

Torpaq ayırmayıb qara kim, ağ kim,
Dar gündə, xoş gündə bizə sığınıb.
Gəlin ay insanlar, unutmayaq ki,
Torpaq bizimkidir, biz torpağınıq.

Duman pərdə çəkir qürub yerinə,
Torpağa endikcə soyuyur günəş.
İnanıb andına, sədaqətinə,
Torpağın köksündə uyuyur günəş.


***
Nə adla minmişdik bu qayığa biz,
Niyə düşünmədik bir azca qabaq.
Yenə dəli olub bu dəli dəniz-
O tay da uzaqdı, bu tay da uzaq!

Gedirik - gözlərdə yaş gilə - gilə,
Dönürük - arxada hər dalğa bir dağ.
Bəs, indi üz tutaq hansı sahliə?
O tay da uzaqdı, bu tay da uzaq!

Onsuz da yetişməz nə səda, nə ün,
Dostlara bir haray məktubu yazaq:
Amandır, biz gələn yerə gəlməyin,
O tay da uzaqdı, bu tay da uzaq!


Baxış sayı - 2 120 | Yüklənmə tarixi:




Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930