manera.az
manera.az

Yerdən kənar sivilizasiya axtarışında- Yalçın İslamzadə yazır

Yerdən kənar sivilizasiya axtarışında- Yalçın İslamzadə yazır


Yalçın İslamzadə Manera.az üçün yazır.

Ekzoplanet Günəş sistemimizin xaricində, başqa bir ulduz ətrafında fırlanan planetə deyilir. Hazırda 3453 ekzoplanetin kəşfi təsdiqlənmişdir. Ekzoplanetlərin kəşfində əsas rolu Kepler fəza telekopu oynayır, bu teleskopun təyinatı, məhz həyat zonaları daxilindəki ekzoplanetləri kəşf etməkdir. Kəşfi təsdiqlənmiş 3453 ekzoplanetdən 362-si teresteryal planetlərdir- digər planetlərin hidrogen və heliumdan ibarət yumuşaq səthlərindən fərqli olaraq, silikat qayalıqlardan və metaldan ibarət olan sağlam səthə malikdirlər.

22 Fevralda NASA, Spitzer Fəza Teleskopunun, ilk dəfə 2016-cı ilin may ayında Çilidəki TRAPPIST-1 teleskopunun 3 planetini müşahidə etdiyi, tək bir ulduz ətrafında fırlanan 7 yerəbənzər planetdən ibarət günəş sistemini müşahidə edib təsdiqlədiyini mətbuat konfransında açıqladı. Bizim Qalaktikamızın daxilində, ancaq Günəş sistemimizin xaricində yerləşən bu 7 ekzoplanetdə maye halında su olduğu ehtimal olunur, həyatı dəstəkləyən zonada yerləşən 3-ündə suyun maye halda olması böyük ehtimal daxilindədir. TRAPPIST-1 teleskopunun şərəfinə adlandırılan ekzoplanetlər sistemində planetlər soyuq ulduz ətrafında fırlanırlar, bəzi planetlərin günəşlərinə sadəcə bir üzlərinin dönmüş olduğu, gecə ilə gündüzün bir birlərini əvəz etmədiyi düşünülür. Günəşləri soyuq olsa da, ekzoplanetlər günəşlərinə Merkurinin bizim Günəşimizə olan məsafəsindən daha yaxında yerləşir; həmçinin planetlər bir birlərinə olduqca yaxın yerləşir və maye halda olan suyun sadəcə ulduza çox yaxın planetlərdə ola biləcəyi fərz edilir. Yaxın gələcəkdəki araşdırmalar, TRAPPIST-1 sistemi haqqında daha dəqiq məlumatlar ortaya çıxaracaq. Sadəcə 74 ekzoplanetin bizə 50 işıq ilindən daha yaxın olması nəzərə alınarsa, yeni sistemin 40 işıq ili yaxınlıqda olması onlara maraq yaradır.
Fundamental elm sahələrindəki araşdırmalar, bir çox hallarda praqmatik hədəf güdmürlər, elmin araşdırma sahəsinə daxil olan sahələrdə, “bilmək üçün bilmək” məqsədiylə araşdırmalar aparırlar. Maksvellin, elektromaqnetik nəzəriyyəni yaradarkən bu nəzəriyyənin praktik nəticələrinə dair heç bir fikri yox idi, ancaq bu gün biz elektromaqnetik sivilizasiyada yaşayırıq.

Kosmik tədqiqatlar isə praqmatik məqsədi olsa da, olmasa da, geniş kütlənin marağına səbəb olur. Həyat mürəkkəbləşməyə və genişləməyə meyillidir-bir gün genişləyib Yer kürəsini tərk edib etməyəcəyi, başqa ekzoplanetləri məskunlaşdırıb məskunlaşdırmayacağı maraq mövzusudur. Bu araşdırmaların praktik məqsədi də var, uzaq gələcəkdə, Yer artıq yaşana bilən olmadıqda inkişaf etmiş ölkələrin kosmosda koloniyalar qurmasına hazırlıqdır.

Marağın bir səbəbi də kainatda yalnız olub olmadığımız əzəli əbədi sualına cavab axtarışıdır. Əgər qədimdə insanlar səmadan müxtəlif varlıqların Yerə gəldiklərini düşünürdülərsə, indi bu köhnə meyl daha da texnolojiləşib-bir çox insan UNOlarla gələn yadplanetlilərin Yeri ziyarət etdiyinə inanırlar.

Yerdən kənar sivilizasiya axtarışında kosmosa mənalı siqnallar göndərilir, kosmosdan gələn siqnallarda mənalı qəliblər axtarılır. İndiyə qədər isə heç bir real nəticə əldə edilməmişdir. Bizim qalaktikamızda kommunikasiya qura biləcəyimiz sivilizasiyaların olması ehtimalını hesablayan Drake tənliyi sıfırdan böyük nəticələr verir. Qalaktikamızda günəşimizə oxşayan və ya qırmızı cücə günəşlərin ətrafında fırlanan 40 milyard Yer ölçüsündə, həyatın mümkün olduğu planetlərin varlığı güman edilir.

TRASPPIST-1 sistemi bütün ekzoplanetlər arasında ən çox ümid verici olandır, Yerə nisbətən yaxında yerləşir-40 işıq ili. 40 işıq ili isə təqribən 380 trilyon kilometr deməkdir. Hazırda mümkün olan kosmik gəmi sürətlərinin bir neçə on kilometr/saniyə mərtəbəsində olduğunu nəzərə alsaq, bu planetlərə çatmaq üçün 400 000 il vaxt lazım olacaq. Bu isə kosmik gəmidə yeni nəsillərin səyahət estafetini gəmidə yaranacaq nəsillərə ötürməsiylə belə 10 000-dən artıq nəsil demək olacaq.

İstər inanclıların cənnət ümidi, istər sekulyarların NASAnın ekzoplanet kəşfinə olam ümidləri bizim real problemi görməmizə mane olur-bugünkü texnologiya ekzoplanetlərə çatmaq üçün çox yavaşdır, ekzoplanetlərdə bugün öyrəşdiyimiz ekosistemin formalaşması üçün milyonlarla il lazım ola billər və dünya əhalisinin cüzi bir hissəsi orada məskunlaşa bilər. Ekzoplaneti məskunlaşdırmaq bu gün yaşayan insanlar və onların övladları və nəvələri üçün həll deyil. Yalnız ümumilikdə homo sapiens növünün davamı üçün bir həll ola bilər. Yer kürəsində dini baxış da-müvəqqəti sınaq yeri, qiyamətlə məhv olacaq cənnətə-cəhənnəmə keçid platforması- ekzoplanetlərin məskunlaşdırılacağına inam da bizdə yaşadığımız planetin dəyərini azaltma meylini gücləndirir.

Dünya əhalisi sürətlə artır, əhalinin sayı ilk milyarda 1800-cü ildə, ikinci milyarda 20-ci əsrin əvvəllərində çatdı, hər 60 ildə əhalinin sayı iki dəfə artır. Qlobal istiləşmə dünya okeanı səviyyəsini arıtır, su qaynaqları kirlənir, əkin torpaqları azalır. İstiliyin artması ilə suda həll olmuş oksigenin azalması su faunasına ciddi problemlər yaradır, bir çox növ sürətlə məhv olur. İnsanlar isə getdikcə artan miqdarda istehlak edir, əvvəlki nəsillərin lüks əşyaları bu günkü nəsillər üçün zərurətə çevrilir. Əgər bütün dünya əhalisi ABŞ vətəndaşları qədər istehlak etsə, bizə 5 Yer kürəsinin qaynaqları lazımdır.

Keçən əsr fizika əsri idi, bu əsrdə ən böyük inkişaf biologiya sahəsində olacaq. İnsanlar istehlak düşgünü olduqları kimi, psixoloji olaraq da zəifdirlər. Real dünyanı olduğu kimi qəbul etməmək, möcüzəvi bir dünyayla təmasda olmaq, başqalarının təcrübə edə bilmədiyi mistik təcrübə yaşayıb fərqlənmək naminə müxtəlif spiritualistlərə, qurulara, mistiklərə üz tutur, onların boş, taftalogiya dolu təlimlərini təbliğ edən milyonlarla kitab üçün oksigen istehsal edən ağaclar kəsilir, yaxud Nuhun gəmisinin “real ölçülərdə” replikasının hazırlanmasına milyonlarla dollar vəsait xərclənir.

Bu əsr insan növü üçün ölüm-qalım əsridir və insanlar qurular, spiritualistlər, din liderlərindənsə Edvard Vilson kimi bioloqlara qulaq asmalıdırlar. Qaynaqlarını Oşo kimi şeyxnəsrullahlara 100 Rollce Royce hədiyyə etməyə deyil, təbiətin mühafizəsinə ayırmalıdırlar. Yeni bir bioloji şüur formalaşmalıdır, Homo sapiens məhv etmək üzrə olduğu Yer kürəsinə və digər canlı növlərinə qarşı məsuliyyətini anlamalı, təbiətsiz yaşaya bilməyəcəyii dərk etməlidir.

Edvard Vilson yaşayan ən böyük bioloqlardandır, sosiobiologiyanın qurucusu, ən məşhur qarışqa mütəxəssisidir,sosyal canlılara dair araşdırmaları, hazırki insan cəmiyyətinin problemlərinə dəqiq diaqnoz qoymasında ona dəstək olur. İnstiktlərimizlə davrandığımızı, ağlımızı onların əmrinə verdiyimizi, Daş dövründə həyatda qalmaq üçün faydalı instinktlərin bugün əleyhimizə işlədiyini izah edir.
“Biofilia” kitabında təbiət və digər canlılarla əlaqə axtarmaq təbii meylinə sahib olduğumuzu, bu meyli qüvvətləndirməli olduğumuzu müdafiə edir. Vilsona görə həyat sahəsi nə qədər böyük və iqlim nə qədər istiqrarlıdırsa, bölgədə o qədər çox növ yaşaya bilər. Yaşamaq üçün ən yaxşı yol özümüzü anlamaqdır-

“ Hazırki davranışlarımız keçmişin qalığıdır. İnsanlar kiçik qruplar halında yaşayarkən aqressivlik faydalı strategiya ola bilərdi. Ancaq indi daha çox bilgili olduğumuz üçün, dünya miqyasındakı problemləri də nəzərə almalıyıq. Çünkü dünyanı içində rahat olmayacağımız kosmik gəmiyə çevirmişik”. Dünya Təbiət Fondu və Təbiəti Qoruma Cəmiyyətində rəhbər olan Edvard Vilson, canlı növlərinin 40%-inin dünya səthinin 1.4%-ində yaşadığını və bu ərazidəki növlərin qorunması üçün sadəcə 25 milyard dollarlıq bir vəsaitə ehtiyac olduğunu hesablayıb.

Ümid edək ki, insanlıq yeni bir bioloji şüura keçə biləcək, instinktlərinin qısa müddətli doyrulması üçün uzun müddətli strateji səhvlər etməyəcək. Bunun üçün insan təbiətini anlamaq, insan təbiətini anlamaq üçün isə biologiya və təkamül nəzəriyyəsinə müraciət etmək lazımdır.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031