manera.az
manera.az

Səlim Babullaoğlu ilə fəlsəfi söhbət

Səlim Babullaoğlu ilə fəlsəfi söhbət


Manera.az-ın redaktoru Tural İsmayılovun şair, tərcüməçi Səlim Babullaoğlu ilə fəlsəfə söhbətini təqdim edirik.

Məsuliyyət-həm də sevgi olmalıdır.

- Ömür sizə görə nədir?

- Ömür Allahın payıdır və yaradılış haqqında başlıca sual kimi bunun ən doğru cavabını Allah bilir. Yəni, ən xalis cavabı. Qaldı, mənim və bizim cavablara, fikrimcə bu cavablar bizim ömrümüzün müxtəlif mərhələlərində fərqli olub, olacaq, ona görə bəlkə də, ən dolğun cavab bu suala ömrümüz boyu verdiyimiz cavabların cəmi, məcmusu ola bilər. Bu gün düşünürəm ki, həyat Allahı tanımaq və ona ibadət etmək üçün verilən imkandır, əlbəttə ibadəti yalnız namaz və şəriətin şərtləri kimi bukval başa düşmək lazım deyil.

- Həyatın anlamını nədə görürsüz?

- Yaşamaqda, işləməkdə, yaradıcılıqda, düşünməkdə, sevməkdə, ibadətdə, lazımlı olmaqda...

- Yaşamaq özü anlamlı bir prosesdirmi?

- Əlbəttə...İnsanın digərlərindən əsas fərqi də elə budur.
-
- Ölməklə bağlı qorxularınız nələrdir?

- Günahkar və Allahın əfvindən məhrum şəkildə bu dünyadan köçmək...

- Məsuliyyət anlayışını necə xarakterizə edərsiz?

- Məsuliyyət-fikrimcə yalnız öhdəliyə əməl etmək kimi qəbul edilməməlidir, hərçənd bu da çox yaxşıdır. Məsuliyyət-həm də sevgi olmalıdır. Məsuliyyətin məhvərində Allaha və insana sevgi durmadıqca, o mexaniki xarakter daşıyacaq. Hərçənd, bir daha təkrar edirəm, mexanikiliyin özü də pis deyil, çünki bu cəmiyyətin əmin-amanlığı üçün gərəkdir.

- Azadlıq və ədalət anlayışları nə qədər ekvivalentdir?

- Fikrimcə azadlıq və ədalət iç-içə anlayışlardır. Mütləq mənada. Və bu mütləq mənada Allahın keyfiyyəti və imkanlarıdır. Fikrimcə, Allahın ədaləti və azadlığı bir-birini tənzimləyən və doğurandır. Bizim azadlıq və ədalət anlayışlarımız, keyfiyyətlərimiz isə həmin o böyük ədəalət və azadlığın kölgəsidir, ondan törəmədir.
Bilmirəm, nə qədər anlaşıqlı danışıram, fikrimi izah eləməyə çalşım. Hər bir göy cismi öz məhvərində hərəkət edir və trayektoriyada azaddır. Və hər hansı qəza, fəza hadisəsi baş verməyincə, həmin göy cismi öz məhvərindəki hərəkəti ilə digərinin hərəkətinə mane olmur, deməli ədalətlidir. İnsanlar da aşağı-yuxarı belədirlər. Bizim fərdi azadlığımız digər fərdin azadlığını məhdudlaşdırmayınca ədələtlidir. Əlbəttə insan göy cismi deyil, şüurludur, onu “ qəzalar”dan başqa ədalətsiz olmağa sövq edən şüuru, nəfsi var.
Mənə görə ədalət və azadlıq eyni ali keyfiyyətin başqa-başqa üzləridir. Bir qayda olaraq azad olmayanlar ədalətsiz olurlar.

- Dünyanı ədəbiyyat dəyişə bilərmi?

- Amma insanı dəyişə bilər. Bu az deyil, çünki dünya insan üçün yaradılıb və vacib olan da budur.

- Yunan fəlsəfəsini sevirsiz?

- Sokratı, Platonu, Aristoteli oxumuşam. Əlbəttə, onlar olduqca qiymətlidir.

- Ruh nədir?

- Bu sualın da xalis cavabı Allaha aiddir. Allah məni günahkar cavabdan qorusun və Allaha layiq olduğu qədər şükr və həmd olsun, ruh- məncə Allahın içimizdəki canişinidir.

- Yuxulara inam nədən qaynaqlanır?

-Yuxulara inam deyə bir şey yoxdur. Bəzən bir də görürsüz deyirlər ki, siz filan şeyə inanırsız...Həmin adamlar o şeyin varlığına, olub-olmamasına inanıb-inanmadığımızı soruşurlar əslində. Yuxular var, adamlar yatırlar və yuxu görürlər. Əsasən 3 cür yuxu var. Rəbbani, yəni ilahi yuxular, şərli yuxular və qarışıq yuxular. Sonunculara insanın xəyalları, oxuduqları ciddi şəkildə təsir edir. Birincilər, adətən xeyirli və bəzən də çin yuxular olur. Mən ədəbi yuxular görürəm... Çn yuxular haqqında Məhəmməd Peyğəmbərin (S.A.S.) bir sözü vardı ki, mənim ümmətimə daha çox çin yuxular veriləcək və bu peyğəmbərliyin 36-da 1 hissəsidir. Bəzi mənbələrdə 40-da 1 hissəsi deyilir.

- Düşünən insanın anlaşılmama problemi həqiqətən varmı?

- Var. Amma biləsiz ki, düşünməyən adam və düşüncə səviyyəsindən asılı olmayaraq anlaşılmazlıqla bir dəfə də olsun rastlaşmayan adam yoxdur.

- Mentalitet nədir?

- Mentis sözündəndir mentalitet. Mənası ruh, qəlb, nəfs, dar mənada ağıldan ibarət məcmu deməkdir. Yəni bir sosial qrupa, etnosa, millətə məxsus, yaxud daha xas olan əqli, ruhi, mədəni xüsusiyyətlərin, dəyərlərin məcmusu. Belə…

- Fəlsəfənin bəşəriyyətdə mövqeyi necə olmalıdır?

- Bilmirəm, Tural, mən filosof deyiləm. Belə sualların cavabını siz yaxşı bilərsiz. Bircə onu bilirəm ki, səthi düşüncə Allahsızlığa, doğru düşüncə Allaha aparır.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123456
78910111213
14151617181920
21222324252627
28293031