manera.az
manera.az

“Kübra Dadaşovanın potensialından düzgün istifadə olunmadı”

📅 13.02.2017 17:52

“Kübra Dadaşovanın potensialından düzgün istifadə olunmadı”



Bu gün Təzəpir məscidində mərhum aktrisa, əməkdar artist Kübra Dadaşova ilə vida mərasimi keçirilib. Mərasimdə aktrisanın sənət yoldaşları, ailə üzvləri iştirak edib.
Daha sonra Kübra Dadaşova Yasamaldakı qəbiristanlıqda torpağa tapşırılıb.

Sənət dostları MANERA.AZ-a Kübra Dadaşova haqda öz fikirlərini bölüşüblər.
Xalq artisti Yasin Qarayev : “Kübra Dadaşovanın vəfatı Azərbaycan teatrı, mədəniyyəti üçün çox ağır itkidi. Kübra xanımın ölümü sözün əsil mənasında müsibətli ölüm oldu, çünki o, xəstəliyi ilə bağlı çox əziyyət çəkdi. Kübra təpədən-dırnağa mədəniyyət, incəsənət adamı, çox istedadlı qadın idi. Bu həm ailədən gəlirdi, atası mərhum sənətkarımız Məmmədağa Dadaşov Gənc Tamaşaçılar Teatrının bünövrəsini qoyanlardan sayılırdı, anası Münəvvər xanım da bizim teatrda çalışmışdı. Kübra xanım demək olar ki, teatrda böyümüşdü, səhnə onun ikinci evi sayılırdı. Tamaşaçılar da onu oynadığı rollara görə sevirdi. Kübra Dadaşova həm tamaşaçıların, həm də bizim kimi dostlarının qəlbində yaşayacaq. Allah rəhmət eləsin!”

Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, Əməkdar artist Mübariz Həmidov: “Əməkdar artisti Kübra Dadaşovanın uşaqlıq və gənclik illəri Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında keçib. Kübra xanım sənətkar ailəsində dünyaya gəldiyinə görə həyatı teatrda keçib. O, tamaşaçılar tərəfindən sevilən və qəbul olunan bizim istedadlı aktrisalarımızdan sayılırdı. Kollektivimizdə hörməti var idi. Bizim teatrın səhnəsində, televiziya tamaşalarında, "Azərbaycanfilm" maraqlı rollar ifa edib. Kübra xanımın itkisi kollektivimiz üçün çox ağırdır, Azərbaycan mədəniyyəti istedadlı bir aktrisanı itirdi”.

“Kübra Dadaşovanın potensialından düzgün istifadə olunmadı”


Əməkdar artist Nicat Kazımov: “Kübra xanım mənim üçün doğma idi, çünki Pantomima Teatrından Gənc Tamaşaçılar Teatrına keçən ilk gündən mənə birinci dayaq duran insan oldu. Teatrımızın əksər cavan aktyorlarına belə deyək, analıq edib və həmişə düz yol göstərib. Bəlkə də barmaqla sayılası adamlardan idi ki, heç kəs onun haqqında pis fikir söyləməyib. İnsan kimi, dost kimi də əvəzi yox idi. Aktrisa kimi isə Kübra xanım əsil mənada nəhəng aktrisa idi. Tamaşaçılar onu daha çox komediya aktrisası kimi tanıyırdı, amma biz bilirik ki, onun çox dramatik obrazları var idi. Əsl aktrisaya xas olan hərtərəfli rolları oynamağı bacarırdı. Səhnəyə böyük enerji ilə çıxır, vulkan yarada bilirdi. Kübra xanım barəsində keçmiş zamanda danışmaq biz dostlar üçün çox ağırdır. Böyüklə böyük kiçiklə kiçik idi. Rejissorluğa başlayan ilk dövrlərdə uşaq tamaşası hazırlayırdım, sevə-sevə belə tamaşalarda rol alırdı çünki Onun üçün tamaşa fərq etmirdi . Kübra xanım yüksək xasiyyətlərə malik insan idi və başqasının uğuruna öz uğuru kimi sevinə bilirdi. Başımız sağ olsun və çox heyf ki, bu bizə dərs olmur, salığında sənətkarların qədrini bilmirik. Allah o dünyasını versin”.

Əməkdar artist Kəmalə Müzəffər : “Kübra Dadaşova elə bir aktrisa idi ki, mən hər zaman səhnədə onun oyun tərzinə baxanda öz-özümə fikirləşirdim ki, görəsən mən də rolu onun kimi ifa edə bilərəmmi? 1990-cı ildə teatra gəldiyim ilk gündən Kübra xanımla otaq yoldaşı olmuşuq. Kübra xanım teatrda elə aktrisalardan idi ki, mən teatr, sənət, şəxsi həyat haqqında öz ürəy sözlərimi ona söyləyə bilirdim. Teatr təmir olandan sonra otağımız dəyişsə də Kübra mənə həmişə əziz olub. Çünki o, qarşısındakı insanı anlaya bilirdi. Amma bu həyatdır, neyləmək olar, bir gün gələn bir gün də bu dünyadan köçəcək, biz istəsək də istəməsək də...Bircə onu demək istəyirəm Cənnətin qapıları ona açıq olsun, qoy işıq onu öz ağuşuna alsın.”

Əməkdar artist Nübar Novruzova: “Kübra böyük aktrisa idi, hamı onu teatrda və filmlərdə komediya aktrisası kimi tanıyırdı, amma eyni zamanda dramatik rollar ifa etməyi də yaxşı bacarırdı. Təəssüf ki, zamanında rejissorlar onun bu bacarığından yetərincə istifadə edə bilmədilər. Biz onunla yaxın dost, sirdaş olmuşuq. Dünən onu son dəfə xəstəxanada görəndə çox pis oldum və bircə şey düşündüm ki, ay insanlar, gözünüzü açın baxın, sağlığında bir-birinizə qiymət verin, sənət dostlarımızın getməyi bizə dərs olsun”.

Əməkdar artist Vahid Əliyev: “Kübra Dadaşova haqqında danışmaqdan əvvəl yaddan çıxartmaq lazım deyil ki, o, sənətkar ailəsində dünyaya gəlib. Çox maraqlı aktrisa idi, bakılı tipajını çox maraqlı canlandıra bilirdi. Kübra rol xətrinə rol oynamazdı. Amma onun yaradıcılıq potensialı tam üzə çıxmadı. Bununla belə çox maraqlı əvəzsiz obrazlar yaratdı. Allah rəhmət eləsin”.


“Kübra Dadaşovanın potensialından düzgün istifadə olunmadı”





ALLAH RƏHMƏT ELƏSİN, RUHU ŞAD OLSUN!

Turan Etibaroğlu
Manera.az


Baxış sayı - 1 512 | Yüklənmə tarixi: 13.02.2017 17:52
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031