manera.az
manera.az

Sahilə İbrahimova: "Əbədi heç nə yoxdu"- MÜSAHİBƏ

Sahilə İbrahimova: "Əbədi heç nə yoxdu"- MÜSAHİBƏ

Manera.az yazar Sahilə İbrahimova ilə müsahibəni təqdim edir.

- Sahilə xanım, ədəbiyyatla tanışlıq necə baş verdi?

- Tanış elədilər. Anamın və qələm dostlarının sayəsində tanış olduq.

- Ailədə sizin ədəbiyyata olan marağınız necə qarşılanırdı?

- Çox yaxşı. Anam yazıçı olduğundan genetik marağımı normal qarşılayır və sevinirdi. Görünür, özünü lazımi qədər təsdiq edən yazıçı olacağımı düşünürdü. Onun yazıçılığı keçid dövrünə düşmüşdü, o nəsil qələm adamları nə qədər istedadlı olsalar da, oxucu qıtlığı çəkmişdilər. Cəmiyyətin oxumaq imkanı həm fiziki, həm də mənəvi baxımdan məhdud idi.

- Uşaqlıq bir yazarın yetişməyində hansı önəmi daşıyır?

-Müşahidə qabiliyyətini gücləndirir. Xüsusilə evin tək uşaqları hər şeyə, hər yerə diqqət edib özlərinə xəyali oyuncaqlar düzəldirlər ki, vaxt keçsin, həm də əyləncə yaransın. Mən həm də buna görə çoxuşaqlılığın əleyhinəyəm. İnsana lap başdan özü ilə dialoqa girmək imkanı verilməlidir.

- İlk yazdığınız hekayələr və şeirlər nə ilə bağlı idi? Xatırlayırsızmı?

- Şeir yazmamışam. Hekayələrim orta yaşlı depressiv qadınlarla bağlı idi. Baxmayaraq ki,yazmağa gənc qız olaraq başlamışam.

- Ciddi ədəbiyyatla tanışlığınız həyatınızın hansı mərhələsində, necə baş verdi?

- Ədəbiyyat ya var, ya da yoxdu. Oxuyaraq sayəsində başqa reallığa keçə bildiyimi ədəbiyyat hesab edirəm, qalanlar bilmirəm nədi. İnsan hisslərini, hamının görə bilmədiklərini göstərən yazıları elə uşaq vaxtından oxumağa başladım. nağıllar da ciddi ədəbiyyatdı. Kasıb oğlan yuxuda padşahın qızını görüb aşiq olur, ona çatmaq üçün nə qədər çətinliyə dözür. Xalq istəyini, zalım hökmdarın zəhminə rəğmən azadlığını və gücünü ifadə edir. Deyir ki, ey şah, sənin bacara bilmədiyin qüvvələrlə lazım gəlsə mən baş edərəm.

- Yazdıqlarınızdan imtina etmisizmi heç?

- Əlbəttə. Imtina yeniyə və daha doğruya yol açır.

- Bu gün Azərbaycanda tərcümə ilə bağlı hansı işlər sizin xoşunuza gəlir?

- Yerli müəlliflərin ölkə hüdudundakı oxucuya çıxma şansı məhduddu. Əsas çətinlik bundadı.

- Ədəbi redaktə və kitab dərci ilə bağlı nəşriyyatlarla əməkdaşlıq edirsiz yenə?


- Ofis işimlə bağlı vaxt darlığı imkan vermir.

- Keyfiyyətsiz kitablar tərcümə olunur bəzən. Günahkar naşirlərdir yaxud kapitalizm?

- Yaxşılara təlabat çoxalsın deyə təbii ələnmə prosesi lazımdı. O da zəifdi. Müəllif oxucu dialoqu uğurlu deyil. Naşirlər də bu əməkdaşlığı sürətləndirə bilmir.

- Şeirlər də yazırsız. Ən sevdiyiniz şeiriniz hansıdır?

- Şeir yazmıram. Bir rok qrupuna bəstə sözü yazdım arada. Sonra əməkdaşlıq davam eləmədi.

- Nəzm nəsrdən daha asan başa gəlir?


- Nəsr ciddi intizam, saatlarla davam edən yazı prosesi tələb edir. Nəzm bu baxımdan ayaqüstü ola bilər. Onun üçün də gərək müəyyən müddət başqa ruh halında olasan. Yazıçı dostlarım belə deyir.

Sahilə İbrahimova: "Əbədi heç nə yoxdu"- MÜSAHİBƏ


- Poeziyada sizi cəlb edən çalarlar nələrdir?

- Sadəlik, eyni zamanda səs. Şeirdən gələn səs.
- Dünya ədəbiyyatında ən sevdiyiniz yazarlar kimlərdir?

- Gəlin, bu sadalamanın üstündən keçək. Çoxdu.

- Azərbaycan ədəbiyyatında sizi cəlb edən yazıçılar bəs?

- Seymur Baycan, Aysel Əlizadə, Nərmin Kamal, Mirmehdi. Onlar da az deyil.

- Şairlərdən kimləri oxuyursuz?
.
- Rəbiqə, Şəhriyar del Gerani, Fərid Hüseyn.

- Ədəbi təşkilatlar və qurumlar arasındakı polemikalara sizin münasibətiniz maraqlıdır.

- Mən bəyənirəm qruplaşmaları, insanların, peşə sahiblərinin "biz"ləşməyini. Kiçik və böyük toplumların yaranması maraqlıdı.

- Fəlsəfəni sevirsiz yoxsa elmi?

- Yaxşı sualdı. Çox adam fəlsəfəni də elm sayır. Elmə üstünlük verirəm. Elm daha sərfəlidi, dəqiq və azsuallıdı. Elmi, amma indikindən qat-qat önə getmiş elmi sevirəm.

- Opera və klassik musiqi dinləyirsiz?

- Bəli.

- Heykəltəraşlıqla bağlı xəbərlərə marağınız var?

- Qarşıma çıxanda oxuyuram. Google etmirəm. Bir də qısa müddət universitetlərin birində dərs dedim, o zaman bu sahəyə çox vaxt ayırdım.

- Alternativ incəsənət sizə görə nəyi ehtiva edir?

- Çox bəyənirəm. Tullantılardan hazırlanmış əsərləri olduqca sevirəm. Yayda qaladakı muzeyə getdim, çox maraqlı eksponatlar var idi.

- Film yoxsa teatr?

- Film.

- Valideyn məsuliyyəti nə deməkdir sizcə?

- Övladı "mən"imsəməmək, xüsusilə ana eqoizmini sıxışdırmaq və insan yetişdirərək yaradana yardımçı olduğunu dərk etmək.

- Sevgi daha əbədidir, yoxsa nifət?

- Əbədi heç nə yoxdu.

- Yaşamaq sizə görə nədir?

- Nəfəs ala bilməyəcək qədər dərdlə dolmaq və qəfil sevinib dərd topasını əritmək.

Tural İsmayılov
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031