manera.az
manera.az

Sizi Vaqif İbrahimlə nə bağlayır? |MANERA.AZ

Sizi Vaqif İbrahimlə nə bağlayır?  |MANERA.AZ

Deyirlər o, çox adama əl tutub, xeyirxahlıq edib, ürəyində sözün işığı olan gənclərə qayğı göstərib, onların çap olunmasına kömək edib. Qələm dostu Sabir Rüstəmxanlı onu “ürəyinin şirəsini şeirlərinə qatan şair” adlandırıb. Söhbət 60-cı illər ədəbi nəslinin tanınmayan imzalarından olan Vaqif İbrahimdən gedir.

“Tanınmayan” sözünə görə məni qınamayın, o, məhdud ədəbi çevrədə tanınırdı, geniş oxucu kütləsi onu indi də tanımır. Hətta yazarlar arasında da bu imza çoxlarına tanış deyil. Buna ancaq təəssüflənmək olar. Çünki Vaqif İbrahim sıradan bir şair deyildi. Onun vaxtilə rəhbərlik etdiyi gənc yazarların ədəbi birliyinə gələnlərin çoxu sonralar ölkə miqyasında tanınan şairlər oldu. Çox şairin taleyində bir Vaqif İbrahim qayğısı olub. Özü də gənc olmağına baxmayaraq istedadlı gənclərin, qələm dostlarının yol göstərəni, ağsaqqalı olub. Onların şeirlərini redaksiyalara aparıb çap olunması, üzə çıxması üçün çalışıb.

Vaqif İbrahim 60-70-ci illərdə Azərbaycan poeziyasında öz dəst-xətti ilə, yeni düşüncə tərziylə seçilən şairlərdən idi. 1983-cü ildə qəfil avtomobil qəzası onun gənc ömrünü yarıda qoydu. Bu günlərdə tanınmış şairə Kamalə Abiyevanın təşəbbüsü ilə Vaqif İbrahimin şeirlərindən və onun haqqında xatirələrdən ibarət “Mən varam-70” adlı kitab “XAN” nəşriyyatında çap olundu. Kitabda xalq şairi Sabir Rüstəmxanlının, Paşa Qəlbinurun, ədəbiyyatşünas alim Məhərrəm Qasımlının, yazıçı Əyyub Qiyasın və digər qələm sahiblərinin onunla bağlı xatirələri yer alıb. Məhərrəm Qasımlı Vaqif İbrahimlə bağlı xatirə yazısında belə yazır: “Mən 70-80-ci illərin ədəbi nəslinə mənsubam. O illərdə ədəbiyyata gələn hər bir qələm sahibinin borcu var Vaqif İbrahim qarşısında”. Təkcə bu fikir Vaqif İbrahimin ədəbiyyatdakı yerini və mövqeyini müəyyən etmək üçün yetərlidir.

Vaqif İbrahim Əli Kərim dəst-xəttinə yaxın bir şair idi. Onun “İşıqfor adamlar” şeiri var, yaşıl işığı yaxın dosta bənzədir və yazır ki, “düzələcək hər işin, yoluna çıxan zaman”, sarı işıq “ortabab bir adamdır ki, qəti nə “hə”si var, nə “yox”u; neyləyəsən, həyatda elə belədir çoxu”, qırmızı işıq adam haqda isə yazır ki, “dünya dağıla, səni özündən bircə addım irəliyə buraxmaz”. Onun xeyli sayda sözün yeni ladına köklənmiş bu tipli şeirləri var. Qəribədir, şair insanın son məkanı olan qəbristanlıq haqqında şeirinin adını “Yaşamaq eşqi” qoyub. Paradoksal və şair təfəkkürünün yaratdığı görüntü:

Qəbristanlıq...
sinif otağı kimi
sakit.
Elə bil
kimsə sual verib –
dinc qoymayıb dilini:
-Kim yaşamaq istəyir?
Hamı əlini qaldırıb,
başdaşına dönmüş əlini...

Çox təəssüflər olsun ki, Vaqif İbrahim poeziyası ədəbi tənqidin diqqətindən kənarda qalıb. Mən ədəbiyyatşünas deyiləm, bu yazını yazmaqda da məqsədim tamam başqadır. Amma çox istərdim ki, tənqidçi dostlarımız arada Vaqif İbrahim poeziyasına da üz tutsunlar, bu bənzərsiz şairin yaradıcılığı tədqiq olunmamış qalır.

Vaqif İbrahim haqqında kitabın təqdimatı kitavevim.az-da keçirildi. Bu tədbirdə iştirak etməyi özümə borc bildim və getdim. Tədbirdə onun ailəsi, Vaqif İbrahimin qayğısını görmüş söz adamları, qələm dostları Paşa Qəlbinur, Maarif Soltan, Qardaşxan Əzizxanlı və digər tanımadığım insanlar iştirak edirdi. Bir şeyə təəssüf etdim, yeni ədəbi nəsildən Aysel Əlizadəni çıxmaq şərtilə, bircə nəfər də gözümə dəymədi. Gözləmədiyim anda yaşlı nəslin nümayəndələrindən biri mənə yaxınlaşdı və nə desə yaxşıdır?

-Bağışlayın, sizi Vaqif İbrahimlə nə bağlayır ki, burda iştirak edirsiniz?

Bir anlıq müstəntiq qarşısında oturmuş müttəhim kimi çaşıb qaldım, özümü itirdim, bilmədim nə cavab verim. Heç vaxt, heç bir tədbirdə belə bir sualla qarşılaşmamışdım. Bir söz adamı bir şairin tədbirində iştirak etməsinə görə ona belə bir sual veriləcəyini yəqin ki, heç vaxt ağlına belə gətirməz. Çox sarsıldım, belə əndrabadi sualla üzləşəcəyimi heç gözləmirdim. Bundan artıq nə yazmaq olar, bilmirəm...

Vaqif İbrahimin ruhuna sayğılarla!

MANERA.AZ


Baxış sayı - 1 843 | Yüklənmə tarixi:




Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930