Festival üçün “Bazar günü” söhbəti ...- MANERA
![]()
“Bazar günü”...
Artıq neçə gündür bu filmin adı sosial şəbəkədə dolaşır. Daha doğrusu, çəkilişi hələ də davam edən filmin. Gənclər - Ülviyyə Heydərova və Pərviz Əliyev qərara gəliblər ki, film festivalına qoşulsunlar. Biri ssenari yazıb, digəri də rejissorluq edib. Beləcə həmrəy olub, başlayıblar çəkilişlərə. Film haqda qısaca məlumatlıyıq - Qarabağ əllillərinə həsr olunub, qısametrajlıdır. Hər iki müəllifin demək olar ki,bu işdə peşəkar heyətlə ilk addımıdır.
Söhbətə ssenaristlə başlamalı oldum, rejissorumuz az sonra bizə qoşulacaqdı. Müsahibədən öncə bildirim ki, ssenaristimiz Ülviyyə ixtisasca jurnalistdir. Eyni zamanda yazardır, kiçik həcmli hekayələri ilə tanınır. Bir il əvvəl (2014-cü il)"Yad. Daş" adlı əsəri YUĞ tamaşasında səhnəyə qoyulub.
Deyib-gülən, enerjili və yaradıcı ruhlu gənc xanım. Onu Miriş kimi qaça-qaçda, həmişə hansısa tədbirdə görüb, hal-əhval tutmuşam. Bu günədək bir masa arxasında söhbət etmək imkanın olmayıb heç. Elə bu gün də müsahibəni bitirər- bitirməz tədbirə qaçacaqdı.
-Ülviyyə, ssenari necə yarandı? Məhz bu çəkiliş üçün yazılıb ya əvvəlcədən hazır idi?
- Pərviz Qarabağ mövzusu ilə bağlı festivala qatılmaq istəyirdi. Əvvəlcədən hekayələrimlə oxuyub tanış olmuşdu, bəyənmişdi. Bir gün təklif etdi ki, belə bir mövzunu işləyək. Elə filmin sinopsisini də həmin gün hazırlamışam. Sonra ssenari üzərində bir neçə ay işlədik. İlqar Fəhmi də ssenari ilə tanış oldu,xeyir dua verdi, sağ olsun. Məsləhət bildi ki, hekayə kimi işlənsə çox yaxşı olar. Düşünürəm, bunun üzərində işləməliyəm, ayrıca bədii əsər kimi də olsun.
-Yəqin rejissor özü də ssenariyə müdaxilə edib.
-Əlbətdə. Film rejissorundur, özün də bilirsən, son qərarı o verir.
-Dəyişiklik edəndə razılaşırdın?
- Hardasa onunla razılaşırdım, hardasa yox. Müdaxilə etsəm də o öz bildiyin edəcək. Mən YUĞ teatrında da pyesi yazıb Tərlan müəllimə ( Tərlan Rəsulov- YUĞ teatrının direktoru) verəndən sonra üzərinə düşmürdüm. Bilirdim ki, tamaşanın Allahı rejissordur.
-Demək olar, ikinci əsərindir ki, səhnələşdirilir...
- Hə, biri YUĞ-un səhnəsində tamaşa kimi hazırlanıb, digəri də indiki film olacaq. Qısaca olaraq deyə bilərəm ki, film bir yerdə döyüşmüş iki Qarabağ əlilin illər sonra, bu günkü gündə yaşadıqlarını əks etdirir.
- Dedin film festival üçün nəzərdə tutulub. Necə fikirləşirsən, kütləviləşə də bilər?
- Uğurlu alınarsa, niyə də yox? Həm aktual, həm də psixoloji mövzudur. Onu da deyim ki, film nikbin ruhdadır. Aqressiv, bədbin notlar üzərində qurulmayıb. Vidadi Həsənov, Ayşad Məmmədov kimi aktyorlar film üçün uğurdur.
- Çəkiliş Bakıda oldu. Məkanları necə seçirdiz?
- Məkan seçimində çox çətinlik çəkdik. Bütün Bakını gəzməli olduq rejissorla.Müəyyən səhnələr eyvanda çəkilməli idi. İki bir-birinə yaxın, üzbəüz qonşu eyvanı olan bina tapmaq çətin oldu.
Ülviyyə mənə filmdəki hadisəni nəql edə-edə arabir: "Bax, bunları yazma haa! Özümüzünküsən deyə danışıram sənə. İndidən olmaz danışmaq" deyir. Məni də gülmək tutur. Yadıma "Ordan-burdan" tele-tamaşasından Salman bəyin jurnalist Həmidlə dialoqu düşür: "Adə, onu yazma. Mən bunları sən öz uşağımızsan, ona görə deyirəm aa. Adam hər xırda-mırda şeyi yazmaz."
Bu arada bizim gənc rejissorumuz da gəlib çıxır. Qeyd edim ki, Pərviz İncəsənət universitetinin kino rejissorluq ixtisası üzrə təhsil alıb. Görünür o da həyəcanlıdır. Təbii ki, film haqda çox danışmaq istəmir.
- Pərviz, məncə bu sənin ilk filmin deyil, bundan öncə də festival üçün işləmisən...
- Festival üçün dördüncü işimdir. Peşəkar səviyyədə yaradıcı qrup, aktyorlarla ilkdir. Bundan əvvəlki işlərimi həvəskar şəkildə hazırlamışam, onlar tələbəlik illərimdə, sonrakı dövrdə də olub.Məncə gənclərə festival üçün işləmək daha münasibdir. Zaman keçdikdən sonra Elxan Cəfərov səviyyəsində olanda Azərbaycan kino tarixi bazası üçün işləmək olar. Elxan Cəfərov çox sevdiyim rejissordur.
- İnternetdə oxudum, "Səngər" adlı qısametrajlı filmin də olub deyəsən...
- "Səngər" İstanbul film festivalı üçün hazırlanmışdı. O da həvəskar şəkildə idi. Demək olar o filmin üzərində tək özüm işləmişəm- rejissoru da, operatoru da özüm olmuşam. Bu filmdə isə peşəkar operator Elman Əliyev çalışır.
- Bəs niyə Qarabağ mövzusuna müraciət etdin?
- Bir festivala Qarabağ mövzusu üzrə film tələb olunurdu. Ülviyyə ilə danışanda bu mövzuda yazmağını istədim. Amma ssenari ilə tanışlıqdan sonra başa düşdüm ki, bunu həvəskar şəkildə adi avadanlıqlarla işləmək düzgün deyil. Ona görə peşəkar şəkildə hazırlaşana kimi bu ssenarini saxladıq. Bir qədər hava şəraitini də gözlədik.
- Yəqin şəraitə görə ssenarini də dəyişmisiz...
- Elədir, amma ssenarinin əsas məğzi qalıb. Məsələn, ssenaridəki dialoqları peşəkar aktyorlar özünküləşdirib. Biz orda müdaxilə edə bilməzdik ki bu başqa cür yazılıb. Aktyorları da özüm seçdim. Əmin idim ki, onlar obrazları lazımınca yarada biləcəklər.
Qarabağ mövzusundan da çox filmdə insanlığa, insanlar arasındakı münasibətlərə həsr olunub. Demək olar ki, bu mövzuya diqqət həmişə var. Azərbaycan üçün Qarabağ daha aktualdırsa,dünya üçün filmin ideyası daha maraqlıdır. Növbəti işim də Qarabağ mövzusunda olacaq. Onu da payıza planlaşdırıram. Ssenarisini də özüm hazırlamışam.
- Filmin son çəkimləri qalıb deyəsən..
- Sonuncu çəkilişlər İçəri Şəhərdə olacaq. Filmin çox az hissəsi qalıb. Əsas çəkilişlər bizim üçüncü - xanım qəhrəmanımız,Əminə Baloğlanova ilə aparılacaq.Kiçik qrupla işləsək də hər birimiz film üzərində çox zəhmətimiz olub.
Bircə uğurlar diləmək qaldı yaradıcı heyətə. Festivallardan gəlsin səsiniz-sorağınız, əziz dostlar!
Gülər Abbasova
Manera.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.