Azərbaycanlı həkimlər Türkiyədə Aziz Sancar adına mükafata layiq görülüb

Türkiyədə fəaliyyət göstərən iki həmyerlimiz — Ankara Bilkent Şəhər Xəstəxanasının Ürək və Damar Cərrahiyyəsi Klinikasının müəllim üzvü Dos. Dr. Fərid Qasımzadə və Hacettepe Universiteti Tibb Fakültəsinin Beyin və Sinir Cərrahiyyəsi kafedrasının müəllim üzvü Dos. Dr. Şahin Hanalioğlu tibb elmi və səhiyyə sahəsindəki xidmətlərinə, eləcə də Azərbaycan–Türkiyə arasında səhiyyə əməkdaşlığının inkişafına verdikləri töhfələrə görə nüfuzlu mükafatlara layiq görülüblər.
31 oktyabr 2026-cı il tarixində İstanbul şəhərində Türkiyə Respublikası Prezident Administrasiyasının himayəsi altında, Türkiyə Sağlamlıq İnstitutları Başkanlığının (TÜSEB) təşkilatçılığı ilə keçirilən 12-ci Türk Tibb Dünyası Qurultayı çərçivəsində “2026 TÜSEB Aziz Sancar Elm, Xidmət, Təşviq və Səhiyyə Texnologiyaları Prestij Mükafatları” mərasimi baş tutub.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən mərasimdə neyrocərrah Dos. Dr. Şahin Hanalıoğlu “TÜSEB Türk Dünyası Səhiyyə və Elm Fəxri Beratı”na və “TÜSEB Təşviq Mükafatı”na, ürək-damar cərrahı Dos. Dr. Ferit Kasımzade isə “TÜSEB Türk Dünyası Səhiyyə və Elm Fəxri Beratı”na layiq görülüb.
Dünyaca məşhur türk alimlərinin, müxtəlif ölkələrin səhiyyə nazirlərinin, yüksəkvəzifəli dövlət rəsmilərinin və səhiyyə sahəsinin nüfuzlu nümayəndələrinin iştirak etdiyi mötəbər mərasimdə mükafatların təqdimatı zamanı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla yanaşı, Türkiyənin səhiyyə naziri Prof. Dr. Kemal Memişoğlu və TÜSEB-in sədri Prof. Dr. Ümit Kervan da yer alıblar.
Azərbaycanlı həkimlərin belə nüfuzlu mükafatlara layiq görülməsi onların tibb elmi və səhiyyə sahəsindəki peşəkar fəaliyyətinə verilən yüksək dəyərin göstəricisidir.
Bu əlamətdar hadisə eyni zamanda Azərbaycan və Türkiyə arasında elm, tibb və səhiyyə sahəsində əməkdaşlığın inkişafını, iki qardaş ölkənin mütəxəssisləri arasında mövcud olan güclü elmi əlaqələri bir daha nümayiş etdirir.
Həmyerlilərimizin Türkiyədə dövlət başçısının iştirakı ilə keçirilən belə mötəbər mərasimdə təltif olunması Azərbaycan tibb ictimaiyyəti üçün də böyük qürur mənbəyidir.
Məhəmməd,
Manera.az
