Anama bənzəyən qadınlar- Oğuz Ayvazın şeirləri /MANERA.AZ
Manera.az Oğuz Ayvazın şeirlərini təqdim edir...
**
Yaşamağın səsi
kədərli gözlərini üzündən çıxartmalıyıq dostum,
gözyaşları süzülən yanaqlarını da....
hərdən ay çıxanda, qaranlıq güllə tək göy üzünə sancılanda,
aramsız yağış kimi başından döyən xatirələri,
bir də, bir də, dostum
şəkillərə baxıb köks ötürməyini çıxarmalıyıq həyatından,
bir dəfəlik...
heç bir əşyanın üstünə kədər qondurma, dostum,
yalan söhbətdi, əşyalar insanları xatırlatmır,
əşyalar da insandır....
yanında boş bir bardaq varsa,
ya da bir stul, yaxud bir bıçaq,
üzülmə, üzülmə...
elə bil ki, ən doğma adamın oturub yanında...
fikir çəkməyin də başını burax,
düşüncələrini qəfəsdən uçurt,
qoy otaq boyu uçsunlar,
sevdiyin qız üçün
özünü öldürməyi də yaraşdırmıram sənə...
ondansa bir ətirşah gülünü sev,
yaxşı qulluq eləsən
heç vaxt ayrılmaz yanından...
Tanrıya da üsyan eləmə,
həyatı tanımaq üçün, anlamaq üçün,
həyata sarılmaq üçün göndərir faciələri, dərdləri...
gəl səninlə oyun oynayaq dostum,
əzabları, ağrıları sevgiyə çevirək...
necə deyə soruşma
əlimizdə bir boşluq var, yəni heç nə,
o boşluq yaşamağın lap elə özüdür...
ölümünə yaşayacaqsan, dostum,
bütü əzalarını itirsən də,
ayaqlarını, əllərini, gözlərini,
nə bilim daha da dəhşətli,
daha da çıxılmaz halqanın içinə düşə bilərsən,
ağrıdan nəfəsin tıncıxa da bilər,
bütün insanları ləkə kimi də görə bilərsən gözlərində,
bütün ağaclar asılacağın ip kimi gələ bilər sənə...
amma dayan...
dayan, bir anlıq dinlə,
həyatın özü-özünə bəstələdiyi musiqini,
maşınların uğultusunu,
gəmilərin fit səsini,
qab-qacaqların,
dənizin, dalğaların,
itlərin, pişiklərin, qağayıların...
yəni bütün səslərin bir səs kimi gəldiyini eşit...
yaşamağın səsidir o,
yaşamığın səsi...
sən olmasan bu bəstə yarımçıq qalacaq dostum,
küsmə həyata,
küsmə insanlara,
öldürmə özünü...
bəstəmiz yarımçıq qalmasın
səslər kəsilməsin...
hamımız təsəlli üçün yaşayırıq, dostum,
gəl sənə yaşamağın sirrini deyim,
elə bir şey deyim ki,
yaşamaq sevdiyin adamın portreti kimi
asılsın başının üstündən...
dostum, qulaqlarında sırğa elə, heç vaxt unutma:
ölmək istəsən uşaqların gözlərində qaçışan
həyata bax...
Yazıla bilməyən şeir
küçələr adamsızdı, külək səkilə sevişir,
bu gün adamlar yoxa çıxıb
qəssab dükanın yanında,
erkək buğa miskin baxışlarıyla
öləcəyi saatı gözləyir...
arxasında küçə pişiyi ət axtarışında,
buğanın adı bir azdan ət olacaq,
bu mənzərəyə hansısa
filmdə baxmışdım:
orda pişiyə buğanın əti çatmırdı.
buğanın gözlərindəsə
saysız-hesabsız
ulduzlar axışır,
göy üzünə qaranlıq ilxı tək sürünür,
qəssabın əlindəki bıçağın
parıltısı buğanın gözlərindən
daha zəif, daha sönük.
küçə rəssamı bu mənzərəni
çəkə bilməyəcək qədər aciz, miskin...
mənsə bu şeiri yaza bilməyəcək,
narkozdakı kimi onları hərəkətlərini izləyəcək...
Anama bənzəyən qadınlar
səndən sonra bütün qadınlar tərk etdi məni, ana
hamısı səni xatırlatdı onda
güclü idilər, işıq saçırdılar, tez-tez zəng edirdilər bir də
yəni sənin kimi...
sən tərk edəndən bizi,
bütün qadınlara yalan danışmaq yoluxdu,
"səni sevirəm"lər, "yanındayam"lar, əllərimdən tutmalar bulaşdı.
ölmədən bir gün əvvəl bizi tək buraxmayacağını dedin, ana
ilk dəfə qadın yalanı eşitdim onda
onlar da sənin kimi deyirdilər,
eyni ağızdan tökülürdü kəlmələr,
isti idi, işıqlı idi, göy üzü kimi təmiz idi onların kəlmələri,
onlar mənə ana oldular, başımın üstündə əsdilər,
sənin gözlərinlə baxdılar mənə, ana
hissə-hissə tapırdım sənin qalıqlarını
çətin olurdu səni birləşdirmək ana.
yuxularda da bütöv deyildin,
özünü asdığın şalın,
saçların,
gözlərin...
xilas olmağa çalışan əllərin,
yuxularımdakı qadını gəzirdim həyatda ana
saçlarını metroda tapırdım,
gözlərini avtobusda,
əllərini küçədə.
ad günün də yadıma düşmür ana
nə vaxt doğuldun,
yadıma düşmür qarşı-qarşıya tort yediyimiz ,
xatırlaya bilmirəm, hədiyyələrə sevindiyini,
bütün qadınlar doğum günün kimi gəlirdi mənə
tanış olduğumuz tarixdə sən doğulurdun
neçə vaxtdı ad gününü keçirtmirik,
sənə bənzəyib tort yemək istəmir bütün qadınlar
mən səni boş qalmış yelləncək kimi xatırlayıram ana
ən gözəl yalanı deyən qadın kimi,
sənin kimi
tərk edəndə belə mutlu, həyata mismar kimi bağlayan
sonra taqqataraq keçən qatar kimi
mən səni ayaqqabıları qucaqlayıb yatan uşaqların
sevinci kimi xatırlayıram...
Gərəkli yağışlar
Yağışlarda kasıblar
neyləyir, görən?
bəlkə evlərinə dolan,
şırhaşır yağan
damlaların altında yuyunular
bəlkə də palçıqdan
bir adam düzəldirlər,
"ümid" qoyurlar adını...
Ya da kim bilir
kasıbların ümidi
yağış da ola bilər
ən azından
yağış damlaları
tozla örtülmüş köhnə evin
kirini-pasını atır
bir də ağlayan
körpələrin göz yaşını gizlədir...
MANERA.AZ