manera.az
manera.az

Zirvəyə can atanların nəzərinə...

Zirvəyə can atanların nəzərinə...
Günel Fərhadqızı

Dostum… Əziz dostum… Mənə elə bir söz de, yaz ki, bu vaxtadək heç kimə deməmiş, yazmamış olasan… Varmı mənə elə sözün?! İnanmıram…
Mənə elə bax ki, başqasına o baxışla baxmayasan… Çətin ki, elə baxışın olsun… Bütün baxışlarını məşq etmisən ayna önündə, sonra isə insanlara baxıb sınamısan özünü…


Mənə uzat əlini, başqaları bilməsin, o əlini uzat ki, o əlinlə günah iş görməmisən… Elə əlin yoxdur, bilirəm… Bütün əllərimizdə var günahlar…
Mənə göstər qəlbinin elə tərəfini ki, başqasına göstərməmisən… Çətin elə tərəfi olsun… Hər kəs üçün açıqsan, hər kəs bilir ürəyini səndən də yaxşı…

Elə bir sirrini paylaş ki, başqaları bilməsin… Çətin elə bir sirrin ola… Hər kəs hər şeyi bilir sənin haqqında… Çox səmimisən… Çox təbiisən…
İndi bax, bir tövsiyəm, xahişim var sənə…

Bilirsən nədir?

Zirvəyə çox can atma!

Niyə?

Zirvəyə qalxmaq deyildir asan, hələ tək olanda, lap çətin olur, aşağı çəkənlərin çox olacaq, yuxarıda olub, əlindən tutub qaldıranın isə az olacaq, ya da heç olmayacaq, özün qalxacaqsan zirvəyə, aşağıdakılarla mübarizə apararaq, tapdalayaraq, yuxarıdakılarla mübarizə apararaq, yaralanaraq, qorunaraq…

Hücumlar olacaq sənə, yuxarıdan da, aşağıdan da… Yuxarılar istəməyəcək yuxarı qalxasan, aşağıdakılar da eyniylə istəməyəcək onlardan daha bir addım öndə olasan…

Bəziləri yaltaqlanacaq sənə, sən yaltaqlanacaqsan kiməsə qalxmaq üçün zirvəyə… İtiriləcək insanlığın, dəyişəcək baxışın, sözlərin, əllərin, qəlbin, sirrlərinin sayı artacaq…

Zirvəyə qalxdıqca, yerini daraldacaqsan o pillədə duranın… Daha bir düşmənin artacaq, daha birinə rəqib olacaqsan…

Yuxarıya qalxdıqca, əl tutub kömək etməyəcəksən, özündən sonra qalxanlara, öz yanına, özündən yuxarıya belə qaldırmayacaqsan, çünki dəyişəcəksən sən özün, içində paxıllıq, qısqanclıq, pis xislətin, sağlam olmayan rəqabət hissin oyanacaq, zəhərlənəcək ruh halın… Onlar kimi olacaqsan zirvəyə qalxmaq üçün… Fərqliliyini də itirəcəksən, özünü də… Aynaya baxıb tanımayacaqsan kimliyini…

Əllərini uzadacaqsan irəliyə, yuxarı, ayaqlarınla tapdalayacaqsan başqalarının əllərini… Bundan sonra sən özünü insan sayacaqsan?!
Bilirsən, niyə zirvəyə qalxmağa tələsmirəm?

Çünki zirvə də piramıda kimidir, zirvəsinə qalxdıqca, daralır, adamların ora necə qalxması da şübhə doğurur…
Ən yüksək zirvədən düşmək, yıxılmaq daha ağrılı, həyat üçün təhlükəlidir, zirvədəkilər isə yerlərini dar edənləri hökmən itələyib yıxarlar… Buna hazırsansa, qalx yuxarıya…

Zirvəyə qalxırsansa, səssiz qalx, oyatma kimisə… Qoy düşmənlərin ayılmasın…

Bir də anla ki, ən yüksək zirvən içindəki mənəvi zənginliyin, biliyin və həyat təcrübəndədir, fiziki və maddiyyata gedən zirvələr isə müvəqqətidir, bitmir, yoxdur son nöqtəsi… Buludların arasında sonsuzluğa gedən yol kimidir, davam edir, insan isə sonunda ya yorulur, ya ölür, öz zirvəsini tapıb dayananadək!

MANERA.AZ

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30