Çox tapdadım bu xəstə ruhu - ŞEİRLƏR _MANERA
Hikmət Məlikzadə
Yer, uşaq gözləyən
gəlin kimidi
Tökür saçlarını qara kölgələr,
Bir parça ağ gətir tük qoymaq üçün.
Yer, uşaq gözləyən gəlin kimidi,
Ətəyin uzadır yük qoymaq üçün.
Mən də çox tapdadım bu xəstə ruhu,
Elə tapdadım ki, kürəyin əzdim.
Xatasız ov kimi güddüyüm qızın,
Gündə neçə kərə ürəyin əzdim.
Ömür quyu deyil, eşqi ip sanıb,
Canı addımbaşı dərdə sallayım.
...Bu qız çat salacaq şüşə ömrümə,
Gedim, gözlərimə pərdə sallayım...
***
İki şeytan,
hərəsinin əlində bir süngü
oturub qabaq-qənşər
nərd atır.
Bir kişi də
əllərinin qabarını deşə-deşə
uşağının pul qabına dərd atır.
***
Allahım, qınaq olmasın, -
Bir ömür vermisən, o da təsəlli.
Ruhum qırx ildi qapına boşunamı gedir?
Yoxsa məni it kimi sinsitmək xoşunamı gedir?
Bitib əllərimin ətəyinə qalxmaq gücü.
...Ömrümdə bir dəfə canımdan xəlvət
sevda yanğısına tutuldum,
sevdiyim qızı da özü boyda tabuta qoyub
özü böyüklükdə qəbrə atdılar.
Sabah ad günüdü;
Bəlkə nəmər yerinə özümü atım?
Sonra da qəbrinin üstündə
hayqırım, dözümü atım.
...Ey xınalı şeytan!
Gəl, sənə öyrədim, qəlb quru olanda
necə dözürlər nəm acısına.
Hicran sarayının qapısını örtdün, ya örtmədin,
fərq etməz, gündə min dəlin açır.
Sənə nəfsi dilənçilər əlin açır.
Sən də, qonşudakı qız,
Elə zənn et yer üzünə təzə gəlmişəm,
Çıxart sandıqda əzizlədiyin sarı boxçanı,
Könül evimi bəzə, gəlmişəm.
***
Ruhumu dincə qoydum
könül limanına yaxın düşə bilməkçün;
təzə sevdalar dövr elədi başımda.
İndi, mən sənin ürəyini şüşə bilməkçün
köhnə xatirələrə elçi daşımı olmalıyam?!
Bəlkə bağlayasan
hicran yanğılarına açdığın qapıları?
Mənim eşq çəpərindən aşmaq marağım yox.
***
Ömür yanımdan ötür,
Bir kölgə, bir fon kimi.
Arzular çəp görünür,
Sonuncu vaqon kimi.
Deyən, dərdə xoş gəlir,
Sifətimin ağlığı.
Nə qədər gözləyəcəm,
Burax bu uşaqlığı.
Ürəyin ağ varaqdı,
Bir kəlmə yaz, uzat, qız.
Mən gəlməyən yollara,
Gözünü az uzat, qız.