"Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasının inzibati binasında “ATV Qalereya”nın doqquzuncu sərgisinin açılış mərasimi keçirilib.Artıq bir ildən çoxdur fəaliyyət göstərən “ATV Qalereya” hər dəfə maraqlı sərgilərlə zövqləri oxşayır.
Bu gün doqquzuncusu keçirilən sərgidə türk fotoqrafiya tarixinin məşhur adlarından biri olan İlyas Göçmənin 40 əsərdən ibarət ekspozisiyası nümayiş olunub.
Respublikanın görkəmli elm, mədəniyyət və incəsənət xadimlərinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan ATV-nin Bədii Şurasının sədri, “ATV Qalereya” layihəsinin rəhbəri Etibar Babayev sərgi barədə qonaqları məlumatlandırıb:
“Bu sərgini digər fotosərgilərdən fərqləndirən cəhətlərdən biri də odur ki, hörmətli şairimiz Səlim Babullaoğlu sərgidə nümayiş olunan hər bir fotoya uyğun poetik lövhə hazırlayıb. Və bu poetik lövhələr sərgi ilə bağlı tərtib olunan kataloqda öz əksini tapıb.
Ümumiyyətlə, “ATV Qalereya”nı digər sərgilərdən fərqləndirən cəhət ondan ibarətdir ki, biz televiziya vasitəsilə bu sərgini hər kəsin evinə aparırıq. ATV-də çalışan, sərgiyə baxmağa gələn qonaqlarla yanaşı, ekran qarşısındakı tamaşçılar da sərgi ilə tanış olurlar. Eyni zamanda, ATV-nin saytında (ATV.az) yüz minlərlə insan sərgəyə baxmaq imkanı qazanır”.
Çıxış edən şair Səlim Babullaoğlu sərgi barədə müsbət fikirlərini qonaqlarla bölüşüb:
“Bu gün görkəmli fotoqraf İlyas Göçmənin 40 əsərindən ibarət “ATV Qalereya” nın növbəti sərgisinə yığışmışıq. Bu vaxta kimi burada bizim bir çox rəssamların sərgisi təşkil olunub. Yaradılan şəraitə görə, ATV telekanalının rəhbərliyinə, Mədəniyyət və Turizm Nazirliyinə, eyni zamanda Cənubi Qafqaz üzrə İsveçrə Əməkdaşlıq Təşkilatına təşəkkür edirəm. Qeyd edim ki, tədbirin ikinci hissəsi bu gün saat 19:00-da Gənc Tamaşaçılar Teatrında olacaq”.
“ATV Qalereya”nın koordinatoru, xalq rəssamı Arif Hüseynov, İlyas Göçmənin əsərlərinin sənətkarlıq nümunəsi olduğunu bildirib:
“İlyas Göçmən insanların görmədiyi nöqtələri, situasiyaları əsərlərində bölüşür. İstanbullu bir fotoqrafın əsərlərinin “ATV Qlereya”da sərgilənməsi sənət həvəskarları üçün olduqca böyük bir hədiyyədir.
“ATV Qalereya” hər zaman ilklərə imza atır. Bu dəfə də ilk fotosərginin açılışıdır. Sərgidə bizim türk dostumuz, çox gözəl sənətkar İlyas Göçmənin fotoları nümayiş olunur. Çox maraqlıdır ki, biz ilk dəfə İstanbulun görmədiyimiz yerlərini göstərürük. İstanbulun xarakteri, tarixi bu fotolarda əks olunur. Ən çox da uşaqların həyatını göstərən fotolar nümayiş olunur. İkinci maraqlı cəhət də budur ki, foto-sənətkar başqa bir şeydir. Biri var fotoqraf, biri də var foto-sənətkar. Fotoqraf sadəcə şəkil çəkir. Amma foto-sənətkar onu axtarır, tapır, öz kamerası ilə görür, çəkir. Bu çox önəmli bir şeydir. İlyas Göçmən də belə foto-sənətkarlardandır. Onun xaricdə sərgiləri çox olub, ancaq Azərbaycanda da onun fotolarına qiymət verənlər var. “ATV Qalereya”nın bğyük auditoriyası var. Hamının imkanı olmur ki, hansısa sərgi salonuna getsin, baxsın. “ATV Qalereya”nın əvvəldən məqsədi bu olub ki, insanların evinə gedək, sənəti təbliğ edək. Bu baxımdan bütün “ATV Qalereya”nı təbrik edirəm”.
Daha sonra çıxış edən millət vəkili Fəzail Ağamalı “ATV Qalereya”da sərgilənən şəkillərin onda böyük təəssürat formalaşdırdığını qeyd edib:
“İlyas bəyin təqdim etdmiş olduğu fotolardakı personajların əkəsiyyəti uşaqlardır. Fotoqraf şəkilərində daha çox naturaya, səmimiyyətə üstünlük verir. Və əsas da odur ki, bu diqqəti fotolarına cəlb edə bilir. Qalereyada fərqli bir fotosərginin şahidi oldum. Səlim bəyin də bu şəkillərdən ruhlanaraq, özünün poetik düşüncələrini ortaya qoyması yeni bir yanaşmadır. Ona uğurlar arzulayıram”.
Millət vəkili Fazil Mustafa təşkil bu gün təşkil olunan sərginin tarixə həkk olunacağını bildirib:
“Televiziyanın cəmiyyətə açılması, sənət aspektindən insanlara tanıtdırması çox vacib şərtlərdən biridir. Çünki informasiya mühitində sənətin tanıdılmasının ən gözəl yolu televiziyanın bu işə müdaxiləsindən keçir. Bu da bir sənət istiqamətinin Azərbaycanda tanınması baxımından çox vacibdir".
Məşhur teleaparıcı, əməkdar artist Rafiq Həşimov “ATV Qalereya” barəsində fikirlərini ATV.az-la bölüşüb:
“Bu qalereyada təqdim olunan fotoşəkillər əsl sənət nümunələridir. Hər baxan tamaşaçı oradan özünün daxilinə uyğun obrazlar, sözlər yarada bilər. Hərə öz baxış bucağından nəzər salır ora. Bu baxımdan o da maraqlıdır ki, bu fotoşəkillər bizim görkəmli şairimiz Səlim Babullaoğlunu poeziyaya çəkib aparıb. Hər bir şəklə uyğun unikal şeir nümunələri, poeziya nümunələri əmələ gəlib. Bunları oxuduqca və şəkillərə baxdıqca qəribə hisslər yaşayırsan. O baxımdan ki, əvvəla bunlar bir-birini təkrar eləmir, bu sözlər o şəkillərin illustrasiyası deyil. Onlar həm indivudualdılar, ayrı-ayrılıqda yaşayırlar, həm də eyni zamanda fərqlidilər. Həm birdilər sanki, həm də fərqlidilər. Bu eynilik və fərqlilik qəribə bir harmoniya yaradır. Mən hər iki sənətkara dərindən təşəkkür edirəm ki, Azərbaycan tamaşaçılarını belə bir sərgi ilə tanış edirlər. Səlim Babullaoğluna xüsusi təşəkkür edirəm ki, Azərbaycan oxucuları bu şeirlərdən çox təsirlənəcəklər. Hər iki sənətkara uğurlar arzu edirəm. “ATV Qalereya”ya da bu sərgini təşkil elədiyi çox sağ ol deyirik”.
“ATV Qalereya”da növbəti sərgi sizi dünyaya foto-obyektivin gözüylə baxmağı özünə sevimli peşə seçən, həyatda baş verən hadisələrə fərdi baxışı ilə fərqlənən çox maraqlı bir insanla yaxından tanış edəcək. Türkiyəli qonağımız İlyas Göçmənin adı “İstanbulun 100 fotoqrafı” ensiklopediyasına daxildir. Onun “ATV Qalereya”da sərgilənən 40 əsərdən ibarət ekspozisiyası müxtəlif illərdə fərqli coğrafi məkanlarda görkəmli sənətkarların məharətlə əbədiləşdirdiyi “donmuş” anlar inanırıq ki, hər birimizdə xoş ovqat yaradacaq. İnanırıq ki, “ATV Qalereya” da səgilənən əsərlər və onların tamaşçılarda doğurduğu təəssuatlar İlyas Göçmənin gələcək yaradıcılıq fəaliyyətinə yeni təkan verəcək.
Qeyd edək ki, türk fotoqrafiya tarixinin məşhur isimləridən biri kimi “İstanbulun 100 fotoqrafı” ensiklopediyasına adı düşmüş İlyas Göçmən 1944-cü ildə Ədirnədə doğulub. Fotoşəklə olan marağı uzun illərə söykənir. Həqiqi mənada fotoşəkillə məşğuliyyət 1980-ci illərdə İFSAK-a üzv olmaqla başlayıb. Bu tarixdən sonra fotoşəklin sənət növü ilə maraqlanan Göçmənin əsərləri ölkədə və ölkə xaricində müxtəlif albom və kitablarda bəzən tək, bəzən də toplu halında yayımlanıb.
1984-cü ildə Beynəlxalq Foto Federasiyası (FIAP) tərəfindən “AFIAP” ünvanı ilə təltif edilib. Milli və Beynəlxalq yarışlarda 200-ə yaxın mükafat alıb.
atv.az
Baxış sayı - 1 318 |
Yüklənmə tarixi: 22.11.2016 02:13