M.F.Axundzadəyə həsr olunan sərgi açılıb | MANERA.AZ
manera.az
İyulun 9-da Tbilisidə görkəmli ədib, mütəfəkkir, dramaturq Mirzə Fətəli Axundzadənin anadan olmasının 203 illiyinə həsr edilən ailə, foto və arxiv sənədlərinin sərgisi açılıb.
Gürcüstan paytaxtında fəaliyyət göstərən M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin təşkil etdiyi sərgidə yazıçıya və onun ailəsinə aid foto və arxiv sənədləri, ədibin məşhur əsərlərinin əlyazmaları, həmçinin nəşr olunan kitabları, teatrlarda oynanılan əsərlərinin afişaları, gürcü rəssamı Nika Kazbeqinin Üzeyir Hacıbəylinin “Arşın mal alan" operasına çəkdiyi eskizlər nümayiş etdirilib.
Muzeyin direktoru Leyla Əliyeva çıxış edərək ədibin həyat və yaradıcılığı, Tbilisidə keçən ömrünün müxtəlif məqamları barədə ətraflı məlumat verib. O, dahi mütəfəkkirin ömrünün və əsas yaradıcılığının Tbilisi ilə bağlı olduğunu diqqətə çatdırıb.
Sonra Gürcüstan İncəsənət Sarayının direktoru Georgi Kalandiya, yazıçı-jurnalist Emin Mahmudov, Gürcüstan Azərbaycanlıları Ağsaqqallar Şurasının sədri İsaq Novruzov, professor Şadiman Pidsadze, tarixçi alim Erekli Çağliani və başqaları çıxış edərək ədibin Azərbaycan və gürcü xalqları arasında dostluğun möhkəmlənməsinə verdiyi böyük töhfələrdən danışıblar. M.F.Axundzadənin əziz xatirəsinin hər iki xalqın yaddaşında əbədi yaşayacağı xüsusi vurğulanıb.
Tədbirdə M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi ilə Gürcüstan İncəsənət Sarayı arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Muzeyin direktoru Nizami Gəncəvinin nəfis şəkildə nəşr olunmuş kitablarını Gürcüstan İncəsənət Sarayına hədiyyə edib.
Tədbirdə M.F.Axundzadəyə həsr olunan "Sübhün səfiri" bədii filmi nümayiş etdirilib.
Sərgini Gürcüstanın mədəniyyət və incəsənət xadimləri, rəssamlar, şəhər ictimaiyyətinin nümayəndələri, ziyalılar və jurnalistlər ziyarət ediblər.
Xətayi Əzizov /AzerTac