Kimin hüzurundasan, şair? - Namiq Hacıheydərli - MANERA
Namiq Hacıheydərli
Bir zamanlar sultanlar, krallar, şahlar, imperatorlar və sair yazı-pozuyla məşğul olmağa, daha çox şeir yazmağa çalışardılar. Şeir yazmaq, şair olmaq üstün özəllik sayılardı. Şairlərin Tanrıya yaxın olduğuna əminlikləri vardı. “Tanrının taxt altında gizli xəzinələri var. Bu xəzinələrin açarı şeir dilidir” –inancındaydılar. Şah şeir yazırdı. Yüksək çinli məmurlar şeir yazırdı. Daha doğrusu yazmağa çalışırdı. Ona görə çalışırdı ki, qoy desinlər “filan şah, filan sultan, yaxud filan məmur həm də şairdi”. “Həm də şair” olan şah, şair olmayan şahdan bir qat daha üstün sayılardı. “Tanrı sözdən uca heç nə yaratmadı”- həqiqəti qüvvədəydi çünki. Söz adamı olmaq ilahi bağlara sahib olmaq, Tanrıya yaxın olmaq demək idi. Şahlıq gücünü təkcə sahibi olduğu ordudan deyil, ilahi bağlarının var olduğu Tanrıdan aldığı düşüncəsini yaratmaq üçün idi. Sultan Süleyman, Sultan Səlim, Qazi Bürhanəddin, Cahanşah Həqiqi, Şah İsmayıl Xətayi və digər onlarla adını çəkə biləcəyim zamanının böyük hökmdarları şeir yazdılar. Və bunu qürurla bəyan etdilər. Bir zamanlar şahlar və sultanlar ucalmaq, paklanmaq, həqiqəti öyrənmək üçün şair qapısına üz tutardı. Bunu əskilmək üçün yox, Tanrı qatında bir pillə yüksəlmək üçün ilahi borc kimi edərdi. Mövlanə Cəlaləddin Rumi nahaqdan yazmırdı ki;
Şah şair qapısında ucadan uca,
Şair şah qapısında gədadan gəda.
Söhbət o zamandan gedir ki, o zaman hər kəs özünü Tanrının hüzurunda hiss edirdi: Sultan da, şair də. Özünü Tanrı hüzurunda hiss edən şair, həqiqətdən uzaqlaşmağı, yalan danışmağı, Tanrıdan qeyrisinin önündə əyilməyi, özünü Ondan başqasının hüzurunda hiss etməyi Tanrıya xəyanət hesab edirdi. Bir ömür bu xəyanətdən uzaq durudu. Və özünü Tanrı hüzurunda hiss edən sultan, Tanrının şairinin görüşünə getməyi özünün mənəvi borcu, qapısına getməyi - Mövlanənin dediyi kimi - ucalıq sanırdı.
Yüz illər keçdi, zaman başqalaşdı, baxışlar dəyişdi. İndi şairlər qapılara üz tutmağa başladı. Həm də şahların qapısına yox, sultanların qapısına yox. Şah qapısına, sultan mərhəmətinə, kral çörəyinə möhtac məmur qapısına.Və şair özünü Tanrının deyil, şahın hüzurunda görməyə başladı. Söz dəyərdən düşdü. “Söz adamları” sözü və söz adamını dəyərdən saldılar. Maddiyyat mənəviyyatı üstələdi. Kapital cəmiyyətə, kapitalizm düşüncələrə hakim kəsildi. Maddi ekvivalenti olmayan dəyərlər gərəksiz sayıldı. Sözə, şeirə münasibət də dəyişdi. Bu dəfə məmurlar şair olmağa yox, şairlər məmur olmağa can atdı. Və çox rəzil bir düşüncə söz adamının dünyasına hakim kəsildi. “Qoy desinlər filan şair həm də məmurdu”-düşüncəsi.
Havalar çox dəyişdi. Əvvəllər yalnız söz adamına “Danəndə”, “Bilgə”, “Dədə”, “Ustad” deyərdilər. İndi “Dədəlik”, “Bilgəlik” yoxdur, üz çevirdilər bizdən. Qeyb oldular. Tanrı “dədə”ləri və dədəliyi göylərə çəkdi, deyəsən. Yəqin ki, çirkabdan qorudu onları.
İndi “dədə”lər var olsa belə, məclislərimizdə aşağı başda oturacaq, fərqində olmadığımız adamlar olacaq onlar. Nədən ki, indi “dədə”ləri dinləyəcək, sözünə qulaq asacaq əski sərraflar da yoxdur. Para kimdəsirsə, söz haqqı da onundur. Günümüzün gerçəkliyi budur. Acı məqamsa, budur ki, bütün bu olanlarda söz adamlarının da günah payı var. Onlar kütləni işıqlandıra bilmədilər, əksinə kütlənin içində əridilər. Ruhani məqamdan cismani məkana, mənəviyyatdan maddiyyata yuvarlandılar. Ruhun deyil, cismin tələbləri ilə yaşamağa başladılar. Beləcə işıqları da söndü, ilahi bağları da, “Tanrıya yaxın olmaq” özəllikləri də...
Bu düşüncələr içərisində dolaşırkən əski aşıqlarımız demişəkən “sinəmə 3 xanə söz gəldi”. Kimsə, hansısa məmurlaşan şair və ilkin özəlliyindən, mahiyyətindən uzaqlaşıb rəzilləşən qələm adamı bu şeirdə özünü görəcəksə, bu, mənim suçum deyil. Özündən uzaqlaşan, mahiyyətinə yadlaşan, bu yadlaşmanın, özgələşmənin fərqində olmayan və yaradılış missiyasına daban-dabana zidd ömür sürən qələm adamının günahı olacaq:
Açıq alın, ağ üzdə,
Ləkə, çil görünürsən.
Lap sağlam olsan belə,
Çolaq, şil görünürsən.
Nəfs ümmanmış qanında,
Bu, hardandı canında?!
Oliqarxlar yanında,
Çox rəzil görünürsən.
Gör neçə bağ tapmısan,
Almamısan, qapmısan...
Oğurluq ev yapmısan,
Orda kül görünürsən.
Bu milyonlar içində,
Əlvan donlar içində,
Gülüstanlar içində,
Çamur, lil görünürsən.
Sənin deyil ocağın,
Halal görməz qucağın.
Yada bənzər uşağın,
Özün döl görünürsən...
Manera.az