Qəzetə bükülmüş gəlin...
![]()
Manera.az Pünhan Şükürün lətifələrini təqdim edir:
Qəzetə bükülmüş gəlin
Jurnalist qız ərə gedir. O qədər çəlimsiz olur ki, toy günü ətli-qanlı görünsün deyə gəlin paltarının altından özünü qatbaqat qəzetə bükür. Zifaf gecəsi əri onu “soymağa” başlayır və demək olar ki, ”kağıza çıxdığını” görüb səbri tükənir . Yengəni qapı arxasından köməyə səsləyir:
- Ay xanım, deyin görüm baş redaktorun yazısı hansı səhifədədi, bircə onu oxuyum, qalanıyla işim yoxdu.
Bəyin oğurlanması
Çəkilişi gedən filmin rejissorundan soruşurlar:
- Bəs bəyin oğurlanması necə, olacaq?
- Əlbəttə! Gəlinin sponsoru muzdlu banditlərə sifariş edib. Qız müğənnidir axı.
Qalmaqalsız
Şou - biznes əhli ilə işləyən jurnalist tanınmış xanım müğənnini üzünə tərifləyir:
- Əhsən Sizə!..
- Əhsənlə aramızdakı münasibətlər barədə sənə danışacağam. Amma yazmayasan!
- Mən demək istəyirdim ki, afərin Sizə ki...
- Sus! Afərin onu mənə qısqanır. Odur ki, qalmaqal istəmirəm.
“Oxu məni”də oxuyub dəə!..
Röya üçüncü uşağa hamilədir. Oğlu öz bacısından soruşur:
-Anam hardan bildi ki, uşağı olacaq?
-“Oxu məni”dən oxuyub dəə!..
Qaraca Qızın qayğıları
Qaraca Qız feyzbukda 'like' dilənir. Dostu Xədicə ona iradını bildirir:
- Mehdi ağanın nəvəsinin rəfiqəsi belə etməməlidir. Yaxşısı budur, rəqs elə, göbək rəqsi. Çəkdir, video paylaş. Atamın bəy dostları səni görüb bəyənsinlər, bəsindi.
- Atangil də burdadılar?
- Hə, ova çıxıblar.
- Ayı ovuna?
- Dəlisən?.. Qız ovuna.
"Daha uzun romanlar oxumuşam"
Filologiya fakültəsinin qızları söhbət edirlər:
-Sən Covanni Bokaççonun "18 +" mövzusu"nda yazdığı "Dekameron"kitabını oxumusan?
-Yox, lüzum görməmişəm.
-Niyə?
-Çünki daha uzun romanlar oxumuşam.