İsveçrədə ilk dəfə Azərbaycan Mədəniyyət Günləri keçirilir

İsveçrənin Montrö şəhərində keçirilən 80-ci Montrö Klassik Musiqi Festivalı (“Septembre Musical Montreux-Vevey”) çərçivəsində ilk dəfə Azərbaycan Mədəniyyət Günləri təşkil olunur.
İki gün davam edəcək Azərbaycan Mədəniyyət Günlərində ölkəmizin zəngin musiqi və incəsənət ənənələri beynəlxalq auditoriyaya təqdim ediləcək.
Tədbirlərdə iştirak etmək məqsədilə mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti artıq İsveçrənin Montrö şəhərindədir.
Azərbaycan Mədəniyyət Günlərinin proqramı zənginliyi ilə diqqət çəkir. Tədbirlər çərçivəsində Afaq Abbasova, Sevda Ələkbərzadə, Yusif Eyvazov, Alim Qasımov, Elvin Hoca Qəniyev, Elmina Həsən, Murad Hüseynov, Fuad İbrahimov, İsfar Sarabski, Ceyla Seyidova, Azər Zadə və digər azərbaycanlı sənətçilərin çıxışları nəzərdə tutulub.
Proqramda həmçinin Azərbaycan Dövlət Rəqs Ansamblının təqdimatı və xüsusi Azərbaycan caz gecəsi keçiriləcək.
80 illik musiqi ənənəsi
Montrö Klassik Musiqi Festivalının əsası 6 sentyabr 1946-cı ildə Casino-Kursaalda qoyulub. Festivalın yaradıcısı Manuel Roth olub. Tədbir İsveçrədə Lüsern festivalından sonra ən qədim klassik musiqi festivallarından biri hesab olunur.
Festivalın yaranması İkinci Dünya müharibəsindən sonrakı dövrə təsadüf edib. Həmin illərdə Montrö və İsveçrə Rivierasında yaşayan və ya müvəqqəti məskunlaşan tanınmış musiqiçilərin iştirakı yeni beynəlxalq musiqi platformasının formalaşmasına zəmin yaradıb.
Festivalın tarixində xüsusi yer tutan sənətkarlardan biri dünya şöhrətli bəstəkar və dirijor İqor Stravinskidir. O, 1956-cı ildə festival çərçivəsində öz əsərlərindən ibarət proqramı şəxsən idarə edib.
Bu səhnədə müxtəlif illərdə Yehudi Menuhin, Artur Rubinşteyn, İsaak Stern, Marta Argeriç, Radu Lupu, Mixail Pletnyov, Valeri Gergiyev, Daniil Trifonov və Yuja Vanq kimi dünya şöhrətli musiqiçilər çıxış ediblər.
Klassik musiqi festivalı kimi tanınmasına baxmayaraq, Montrö festivalı müxtəlif musiqi janrlarına da qapı açıb. Belə ki, 1971-ci ilin sentyabrında əfsanəvi “Pink Floyd” qrupunun konserti də burada təşkil olunub.
Bu il festival 9–18 sentyabr tarixlərində 80-ci dəfə keçirilir. Yubiley proqramı “Classic & Lab” konsepsiyası əsasında hazırlanıb. Konsepsiya çərçivəsində klassik musiqi ilə yanaşı, caz və eksperimental musiqi istiqamətlərinə də geniş yer verilir.
Konsertlər Auditorium Stravinski, Şiyon qalası, Caux Palace, Fairmont Le Montreux Palace və Veve şəhərindəki Théâtre Le Reflet kimi tarixi və məşhur məkanlarda keçirilir.
Azərbaycan Mədəniyyət Günlərinin bu mötəbər festivalın yubiley proqramına daxil edilməsi Azərbaycanın zəngin musiqi və mədəni irsinin beynəlxalq səviyyədə təqdimatı baxımından mühüm hadisədir.