manera.az
manera.az

Rəşad Məcid: “Heç bir süni intellekt Sevda Ələkbərzadənin səsini və sənətkarlığını əvəz edə bilməz”

📅 04.09.2026 08:40

Rəşad Məcid: “Heç bir süni intellekt Sevda Ələkbərzadənin səsini və sənətkarlığını əvəz edə bilməz”
Yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid müğənni, Əməkdar artist Sevda Ələkbərzadənin süni intellektlə bağlı fikirlərinə münasibət bildirib.

Rəşad Məcid sosial media hesabında Sevda Ələkbərzadənin “Hara gedirsən, hər yerdə robot (süni intellekt) oxuyur, bezdim vallah…” fikrini paylaşaraq, sənətçinin narahatlığının başadüşülən olduğunu qeyd edib.

O, Sevda Ələkbərzadənin özünəməxsus səsi, tembri, ifa tərzi və improvizələri ilə seçildiyini vurğulayıb:

“Sevda Ələkbərzadə qeyri-adi səsi, özünəməxsus tembri, məşhur mahnıları fərqli improvizələrlə təqdim etməsi və fərqli ifa tərzi ilə hər zaman sevilib, böyük rəğbət qazanıb. Onun səsi insan ruhunun ən incə tellərinə toxunan, duyğuları riqqətə gətirən nadir səslərdəndir”.

Rəşad Məcid əmin olduğunu bildirib ki, süni intellekt sənətçinin səsini və ifa ruhunu əvəz edə bilməz.

“Mən əminəm ki, heç bir süni intellekt onun əfsunkar səsini, sənətkarlığını və ifa ruhunu əvəz edə bilməz. Bu mənada belə əvəzolunmaz səs sahibinin zövqləri primitivləşdirən, bayağılıq aşılayan süni intellekt ifalarından narahatlıq keçirməsi düşündürücüdür”, – deyə o qeyd edib.

Yazıçı bildirib ki, Sevda Ələkbərzadənin fikirləri yalnız sadə bir narazılıq kimi qəbul edilməməlidir. Onun sözlərinə görə, bu yanaşmanın arxasında sənətin gələcəyi ilə bağlı mühüm sual dayanır.

“Ola bilər, Sevda xanımın fikirləri ilk baxışda kiməsə sadə bir giley kimi görünsün. Amma bu sözlərin arxasında sənətin gələcəyi ilə bağlı ciddi və üzərində düşünməli bir sual dayanır: süni intellektin meydan suladığı indiki dövrdə insanın yaratdığı sənət öz yerini qoruyub saxlaya biləcəkmi?” – Rəşad Məcid vurğulayıb.


Baxış sayı - 30 | Yüklənmə tarixi: 04.09.2026 08:40
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123456
78910111213
14151617181920
21222324252627
282930